İrfan ümumbəşəri dəyərdir

Bizimsesimiz.info // İrfan yanız İslam dininə aid olan bir məfhum deyil. İrfan ümumbəşəri dəyərdir, zaman baxımından yaranma tarixini ölçmək çətin olan təlimdir. İnsan yarandığı zamandan irfan da bu və ya digər dərəcədə mövcud olmuşdur. Allah insanı yaratdıqdan sonra insanın batinində Onu tanıması üçün “fitrət” adlı potensial qüvvə qoymuşdur. İnsan fitri olaraq Allahı tanımağa, bu barədə düşünməyə, axtarışlar aparmağa meyillidir. Quranda bu barədə buyurulur: “Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut!..” (Rum, 30).

İslam mətnlərində tez-tez xatırlanan ruhlar aləmindəki böyük toplantı (bəzmi-ələst) də irfani biliklərin ilk ötürülməsi və fitrət aləminin fəaliyyətə başlaması kimi qəbul edilə bilər: “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər” (Əraf, 172).

Həzrət Adəmə (ə) yaradılışdan dərhal sonra bəzi biliklərin və sirlərin (Quran bunları “adlar”, “əsma” kimi təqdim edir) Allah tərəfindən öyrədilməsi hadisəsi də mühüm əhəmiyyətə malikdir. Bunu irfanın müqəddiməsi və insana üz verən ilk kəşf (ilham) hadisəsi kimi də dəyərləndirirlər. Bu, elə bir fəzilət idi ki, hətta mələklər bundan məhrum qaldılar: “Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi. Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, – dedilər. O: “Ey Adəm, bunların adlarını onlara bildir!”- dedi. (Adəm) onlara bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu” (Bəqərə, 31-33).

Digər dinlərdə irfani dünyagörüşü

Qədim din və fəlsəfi təlimlərin bir çoxunda bu və ya digər dərəcədə, İslamın qəbul etdiyi və qəbul etmədiyi çərçivədə irfan düşüncəsinin izlərinə rast gəlirik. Keçmiş sivilizasiyalara mənsub mütəfəkkirlərinin “irfan” adlana biləcək fikir dünyasına malik olmaları təbiidir. Bu fikirlərin həyata tətbiq formaları, nəzəri cəhətdən müəyyən olunmuş məqsədə yetməyin üsulları da hər dövrdə işlənib-hazırlanmışdır. Lakin həm nəzəri görüşlər, həm də praktiki göstərişlər ilk növbədə öz zəmanəsinin xüsusiyyətlərini daşımış, insanların düşüncə səviyyəsini və əlbəttə ki, inandığı dini əks etdirmişdir. Bu baxımdan, hər sivilizasiyanın bəşər düşüncə tarixinə bəxş etdiyi fikir cərəyanı və praktiki göstərişlər də müəyyən nöqtələrdə üst-üstə düşmüş, müəyyən cəhətlərdən isə fərqlənmişdir. İslam təsəvvüfü də özünəqədərki ümumdünya fikir tarixinin mütərəqqi cəhətlərini mənimsəmiş, lakin onları zaman və şərait süzgəcindən keçirmişdir. // islam.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir