Bizimsesimiz.info // “Yeni Zelandiya üzərində qələbə Azərbaycanla oyunöncəsi kollektivdə əhval-ruhiyyəni artırdı”.

Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Stüart Dallas deyib.

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsində növbəti matçını Azərbaycan millisinə qarşı keçirəcək. C qrupunun VI turu çərçivəsində baş tutacaq görüş öncəsi yerli mətbuata danışan Dallas iddialı fikirlər səsləndirib.

26 yaşlı orta sahə oyunçusu isti havadan çəkinsə də, qələbəyə ümid edir: “Qrupda Çexiyanı 2, hazırkı rəqibimizi isə 3 xal qabaqlayırıq. Pley-offa vəsiqə qazanmaq öz əlimizdədi. Bizim üçün böyük oyun olacaq. Çünki qrupda ikinci yeri tutmaq baxımından ciddi önəm kəsb edir. Bakının istisi bizə çətinlik törədəcək. Türkiyədə hazırlaşmaq bu baxımdan bizə çox kömək edəcək. Öz meydanımızda rəqibin qapısından 4 cavabsız top keçirmiş ola bilərik. Ancaq bu dəfə asan deyil. Azərbaycanı məğlub etmək çətin olacaq. Ancaq buna inamımızı davam etdiririk. Bakıya 3 xal dalınca yollanacağıq”.

“Lids” klubunun üzvü Şimali İrlandiya millisində Liam Boys – Coş Maqennis cütlüyündən təşkil olunan hücum xəttindən ağızdolusu danışıb. Hücumçuların durumundan razılıq bildirən Dallas, xüsusən də, Boysdan parlaq çıxış gözlədiyini vurğulayıb: “Boys yığmada oynamağa tam hazır olduğunu göstərdi. Yeni Zelandiya ilə matçı əla keçirdi. Liam klubunda gözəl mövsüm keçirdi. Ona görə çox sevinirəm. Uğurlu çıxışını Yeni Zelandiya ilə görüşdə də davam etdirdi. Üzərində çox çalışır və bunun bəhrəsini görür. Maqennis də yoldaşlıq görüşünü yüksək səviyyədə keçirdi. Həmçinin Kayl Lafferti də yığmaya daim kömək edə biləcək təcrübəyə malikdi. O ki qaldı Şey Makkartana, çox yaxşı ehtiyat qüvvədi. Makkartanın enerjisi gələcəkdə bizə çox lazım olacaq”.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here