Yazımın əvvəlində ilk öncə qəhrəman Azərbaycan ordusuna təşəkkür edirəm. Ordumuz bu işlərin gedişində vətənpərvərlik və peşəkarlığını ortaya qoydu. Allah onu daim müzəffər etsin. Indi isə Ermənistanla bizim aramızda imzalanan atəşkəs haqqında ilkin qənaətlərimi ifadə etmək istəyirəm.

Bu savaşa biz daxili siyasi problemlər fonunda daxil olduq. Bu savaşa girmədən öncə ölkə daxilimizdə rus şəbəkəsi tamamilə zərərsizləşdirilmədi. Təbii ki, bunun proseslərə təsir etməməsi mümkün deyildi. Ikincisi, Azərbaycan nazirlər kabinetinin əsasən sadəcə texnokratlar tərəfindən təşkil edilməsi bizim problemli tərəflərimizdən biridir.

Nazirlər kabinetində milli görüşə malik olmayan nazirlərin mövcudluğu, bəzi nazirlərin isə ümumən bioqrafiyalarında müəmmalar Türkiyə-Azərbaycan münasibətlərinə ciddi mənfi təsir göstərə bilər. Çünki Türkiyə Azərbaycanın yalnız müttəfiqi deyildir. Azərbaycan dövlətində milliləşmənin aparılmasında əsas dəstək amillərindən biridir. Ölkəmizin milli bir görüşə sahib olmasını istəməyən qüvvələrin isə iki tərəfdaşı vardır. Bunlardan biri Rusiyadır. Digəri isə beynəlxalq sərmayədir. Beynəlxalq sərmayənin bölgəmizdə, yəni Yaxın və Orta Şərqdə, Qafqazda müttəfiqi Pensilvaniyada oturanlardır. Bunlarla da Türkiyənin ciddi problemləri vardır.

Beynəlxalq sərmayə Azərbaycan dövlətinin türk-islam istiqamətinə getməsindən razı deyildir. Və böyük ehtimalla bu işdə regional müttəfiqini işə keçirir və keçirəcəkdir. Rusiya da bizim türk-islam əksənimizdən razı deyildir. Bunun üçün də o, ölkəmizdəki şəbəkəsinin işə salır.

Bunu necə önləmək olar? İlk öncə ideoloji olaraq dövlətin simasını konkretləşdirməklə! Ideoloji olaraq konkretləşməliyik. Daha sonra işlək qurumların rəhbərlərini milli düşüncə və şüura sahib şəxslərdən təşkil etmək lazımdır. Ceyhun Bayramov adlı nazirin misalında milli düşüncə ilə bir əlaqənin olduğunu düşünmürəm. Olsa idi, bu təhsilimizdə görsənərdi. Bu adam sadəcə texnokratdır və milli duyğusallıq ifadə etdiyini görməmişəm.

Bunun əksinə Hikmət Hacıyev milli bir simadır. Milli sima olması səbəbi ilə Türkiyə əksəninə yaxınlığı ilə ən azı zahirən seçilir. Bax burada diqqəti cəlb edən odur ki, Hikmət nə qədər gözəl danışsa da imzanı Ceyhunlar qoyur.

Bəzən deyirlər ki, bəs dövlət başçısının icazəsi olmadan diplomat nə edə bilər ki? Bu sual düzgün sual deyildir. Çünki tarixdə diplomatların uğursuzluğu o qədər dövlət başçısına problemə səbəb olub ki. Baxın dostlar məsələlərin kökü budur ki, milli adamlar icra edici vəzifələrdə deyillərsə onlar dövlətin milliləşməsinə əngəl ola bilər.

Ümumiyyətlə, ölkəmizin mətbəxində əslində rus-türk savaşı gedir. Türklər və onlara meyl edən qüvvələrlə ruslar və onları təmsil edənlər arasında. Bu savaşın nəticəsində bizim konkret QARABAĞ STRATEGİYAMIZ yarana bilər.

Fəqət ümidsiz olmaq lazım deyildir. Hər işdə bir xeyir vardır. Biz sahədə ermənilərə əslində onların aciz olduqlarını Allahın izni ilə göstərdik. Bizim bir yolumuz vardır, milli təfəkkürlə silahlanmış kadrların yetişməsi və ölkənin milliləşmə davasının davam etməsi.

Məsələləri eyforiya müstəvisindən çıxardaraq milli ideoloji müstəviyə daşımaq lazımdır. Bunun üçün isə konkret müstəvidə fəaliyyət göstərən milli qüvvələr lazımdır. Baxın tarixə ölkələri imperializmin gizli və aşkar təsirlərindən ancaq milli qüvvələrin sistemli fəaliyyəti qurtara bilər.

Azər Hüseynov, Xüsusi olaraq bizimsesimiz.info üçün

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here