Bizimsesimiz.info // Bu mərhələ bir çox halda ən vacib, şəxsi Allah’a təslim olan qullardan biri edəcək, onu ibadət və itaətə boyun əyəcək hala gətirən, qəlbini İslam nuruna açan ən önəmli mərhələ sayıla bilər.  Çünki  bu mərhələni uğurla başa çatdıran dəvətçi artıq bir növ “binanın bünövrəsini qoyaraq, tikintiyə hazır vəziyyətə gətirir”.  Ona görə də dəvətçinin bu mərhələ üzərində bəzən aylarla, hətta illərlə dayanması, səbr etməsi lazımdır.

Dəvətin bu mərhələsində  dəvətçi qarşı tərəfin bilik və anlama səviyyəsinə  enməsi lazımdır. Ona dəvətçi bildiyi şablon ayət və hədislər deyil, sırf qarşı tərəfin daha yaxşı anlayacağı dildə,  anlayacağı üsulla dəvət etməsi lazımdır. Bu barədə Allah Rəsulu salləllahu əleyhi və səlləmin bu hədislərini misal göstərmək olar:

“Bir qövmə ağıllarının qavrayamayacağı bir söz söyləmən doğru olmaz. Əgər belə etsən onlardan bir qismi üçün mütləq fitnə olar.” (Müslim/Müqəddimə 3; Əcluni/Kəsfü’l-Hafa 1/225).

“İnsanlara ağıl səviyyələrinə görə danışmaqla əmr olundum.”; “İnsanlarla dərəcələrinə görə rəftar edin.” (Əbu Davud/Ədəb 23; Acluni I/195)

Məsələn, tibbi biliklərə yiyələnən insana zirə, bal, süd və s. kim Allah’ın yer üzündəki nemətlərində neçə-neçə xəstəliyə şəfa olduğunu, elmin yeni kəşf etdiyi insanın ana bətnindəki inkişaf mərhələlərinin 14 əsr əvvəl Quranda bildirildiyi və s. kimi misallar vermək olar. Daha çox elmi faktlara, məntiqə əsaslanan insanlara Qurani Kərimdə bəhs olunan Kainat sirlərindən, öz özlüyündə bir qabın stolun üstünə gələ bilməyəcəyi halda Kainatın özbaşına nizamlı şəkildə öz funksiyasını yerinə yetirməsinin mümkünsüz olduğunu misal vermək olar. Çox da bilikli olmayan şəxsləri gündəlik həyat misallarıyla dəvət etmək mümkündür.

Unutmayaq ki qarşı tərəf hər cür bataqlıq içərisində və hətta şirk içərisində ola bilər. Tündxasiyyətli, sərt reaksiyalı da ola bilər. Bizə dəvət zamanı hirslənə və hətta tənqid edə bilər. Bütün bunlara səbr göstərməyimiz, həmin şəxsə hələ mərhəmət gözü ilə baxmağımız lazımdır. Onunla söhbət zamanı ən gözəl üsullardan istifadə edilməlidir. Qarşı tərəf xoşlanmayacaq tərzdə danışsa da onun sözünü kəsmək ədəbdən deyil. Bu zaman haqqı da demiş olsaq qəbul olunmaz, eşidilməz. Bu barədə Allah  təala Quranda buyurur: Allah’ın rəhmətindən dolayı sən onlara qarşı yumşaq davrandın. Əgər kobud və qatı qəlbli olsaydın, şübhəsiz ətrafından dağılıb gedərlərdi. Onları əfv et, onlara bağışlanma dilə.” (Əli İmran 159). Çünki, bu mərhələ dəvət edilənin könlündəki gizli imanı oyandırma dönəmidir. Bunun üçün isə iman problemini işliyərək başlamaq şərt deyil. Onu təbii seyrinə buraxıb, təbiimiş kimi anlatmaq lazımdır. Sözü bir məqsəd bildirmədən o yana (dəvətə) yönləndirmək lazımdır. Misal üçün bir quş, bir bitki və ya kainat nizamı və s. dən başlamaq olar. Yenə yaradılmışlardan söz açmaqla Allah’ın bunları yaratmadakı qüdrəti, sənətinin böyüklüyünə işarə edilir. Məsələn torpaq və sudan meydana gələn bitkilər. Bu qədər çeşidli meyvələr, çiçəklər, bu qədər fərqli özəlliklərə sahib heyvanlar. Hamısı eyni torpaq və eyni sudan olduğu təqdirdə bu qədər çeşidi kim planlayır və idarə edir?

Bunlar izah edildikdən sonra qarşı tərəfin beynində analiz etmə, fəqləndirmə qabiliyyətini oyandırmaq üçün yaradılışa aid suallar verə bilərsən. Məs, “Bu Allah’ın yaratdığıdır. Ondan başqasının yaratdıqlarını göstərə bilərsən?.. “Kainatda yaradılan hər varlığın, canlının və ətraf aləmin bir məqsədi olduğu halda, səncə insanın məqsədsiz, boş-boşuna yaradılması mümkündürmü?”, “Əgər həyat yalnız 60-70 ildən ibarətdirsə o zaman bu qədər işləmək, ev eşik qurmağın nə mənası var? Onsuzda öləcəyiksə niyə bu dünyaya gəlmişik”, “Yaxşı, elmdə bu qədər irəliyə gedən alimlər texnologiya vasitəsilə heç bir təbii mənbə istifadə etmədən sıfırdan buğda düzəldib onu torpaqda cücərdə bilərmi?” –cavab məlumdur, xeyr. Çünki o buğda dənəsindəki həyat sirri Allah’a aiddir.

Bu tərzdə dialoq və söhbət, Allah’ın yaratdıqlarını sayma, izah etmə qarşı tərəfi düşünməyə, Rəbbi tənzih və təzimə sövq edir. Onun uca Şanını təsdiqə aparır.

Onlar yerin göyün yaradılışını düşündükcə belə deyərlər: “Ey Rəbb`imiz sən bunları boşuna yaratmadın. Sən uca və Qadirsən. Artıq bizi Cəhənnəm əzabından qoru” (Əli İmran 191).

Ayə doğru düşüncənin meyvəsinin Allah’a təzimə və təsdiqə aparacağını bizə bildirir. Bu da insanı Axirət fikrinə yönəldir, oradakı cəza fikrinə agah olub Allah’a o cəzadan xilas olmaq üçün duaya sövq edir. Bütün bunlar qəlbdəki Allah bilgisini dirildir, onu qəflətindən oyandırır, imanı axirətə inanacaq qədər təkmilləşdirib bütünləşdirməyə, oradan da axirətdəki hesab, cəza fikrinə yönləndirir.

Hər halda bu nöqtədə Allah’ın insan oğluna , nemət olaraq ruh üfləmiş olduğu, lakin bir çox kimsənin sadəcə torpaq tərəfinin, yəni bədən istəklərini təmin edərkən, Rəbbani istək olan ruhi istəklərə laqeyd yanaşdığını xatırlatmaq lazımdır. İnsanların çoxu dünya əyləncələrini yaşama stimulu, “mənalı” həyatın əsas “açarı” hesab etdiyi halda,  görməzdən gəldikləri Axirət səadətinin əslində dünya nemətləri ilə müqayisə olunmayacaq dərəcədə üstün olduğunun fərqində deyillər.

Dünya həyatı ancaq bir oyun və əyləncədir. Əlbəttə ki, Axirət yurdu Allah’a qarşı gəlməkdən çəkinənlər üçün daha xeyirlidir” (Ənam 32).

Bu ruha da qida olaraq düzgün bir imanın lazım olduğu, dünya və axirət səadətinin isə burada-ruhi ehtiyacların təminində olduğunu anlatmaq vacibdir. Bizi Yaradan, sonsuz nemətlər bəxş edən Rəbb`in də istəyinin məhz bu olduğunu dərk etməliyik.

“…Siz dünya malını istəyirsiniz. Halbuki Allah Axirəti, əbədi yurdu qazanmağınızı murad edir.” (Ənfal 67)

Yuxarıda göstərilənləri daha uğurlu bir şəkildə həyata keçirmək üçün dəvətçinin bəzi məsələlərə də önəm verməsi lazımdır. Buna misal olaraq dəvətçi:

Şəxsi keyfiyyətlərə bələd olmalı

Dəvət zamanı dəvət olunan şəxsin nədən daha çox təsirləndiyinə önəm vermək və onu hikmətlə dəvət etmək lazımdır.

Rəbb`inin yoluna hikmətlə və gözəl öyüdlə dəvət et…” (Nəhl 125)

Məsələn  müjdə, əməllərin qarşılığında veriləcək mükafatlar onu daha çox İslama, ibadət və itaətə yaxınlaşdıracaqsa, ona Cənnət nemətlərindən, İslamdakı qardaşlıq bağlarından, Allah’ın sonsuz lütfündən, Rəhmətinin genişliyindən söz açmaq lazımdır. Əgər dəvət olunan şəxs daha çox qorxuducu, çəkindirici hallardan təsirlənirsə, ona Allah qorxusundan, günahların Cəhənnəmdəki qarşılığını bildirən ayə və hədislərdən söz açmaq uyğun olar. Bununla belə hər iki metodu tətbiq edərkən yalnız müjdə və ya yalnız qorxutma üsulu ilə məhdudlaşdırmaq olmaz, bu ikisini münasib bir şəkildə sintez etmək məqsədə uyğundur. Daha da vacibi dəvət olunan şəxsə Allah’a düzgün bir şəkildə iman etdikdə, Allah Rəsulu-salləllahu əleyhi və səlləm- yolunu getdikdə həm bu dünyada, həm də axirətdə xoşbəxt olacağını, İslamın cismi və ruhi istəkləri ən gözəl şəkildə təmin edən yeganə din olduğunu bildirməkdir.

Onlara dünya yaşayışında da, axirətdə də müjdə vardır. Allah’ın (verdiyi) sözlərini dəyişməsinə imkan yoxdur. Ən böyük qurtuluş və səadət budur” (Yunus 64).

Ətrafda baş verən prosesləri izləməli

Dəvətçinin önəm verməli olduğu digər məsələlərdən bir də cari vəziyyəti, ətrafda baş verən prosesləri diqqətlə izləməkdir. Çünki ətraf aləm haqda bilikli olmaq dəvətçiyə dəvət zamanı verilən suallara gündəmə uyğun şəkildə cavab verməyə imkan yaradır. Bəzən suala hikmətlə verilməyən cavab qarşı tərəfdə qıcıq yarada, hansısa əməldən soyuda, və ya hazırkı vəziyyətdə daha önəmli əməlləri kənara qoyub, önəmsizlərlə məşğul olmasına gətirib çıxarar. Bu barədə Peyğəmbər salləllahu əleyhi və səlləmin dəvət metoduna baxaq. Allah Rəsulu salləllahu əleyhi və səlləm sualları cavablandırarkən, içində olduğu şərtlərə diqqət yetirir, bəzən fərqli insanlar tərəfindən soruşulan eyni suala fərqli cavab verirdi. Məs, bir gün birisi: “Ey Allah’ın Rəsulu, Allah’ın sevdiyi ən fəzilətli əməllər nələrdir?-deyə soruşarsa Peyğəmbər salləllahu əleyhi və səlləm müharibə zamanı “Cihadın” (Buxari/İman 17), qıtlıq və fəlakət zamanı “Sədəqənin, ac və yoxsulları doyuzdurmağın” (Müslim/İman 14) fəzilətli əməl olduğunu bildirir. (M. Soysaldı “Hz. Peygamberin toplumu islahta tebliğ metodu” səh. 2)

Zamanı düzgün seçməli

Dəvətçi qarşı tərəfin qəlbini İslam nuruna açmaq istəyirsə bütün bildiklərini dərhal deməyə tələsməməlidir. Daha da önəmlisi dəvət üçün deyəcəyi sözləri seçdiyi kimi zamanı da seçməlidir. Məs, insanlar dara düşdüyü zaman kömək gələcək yer axtarır, bəzən sıxıntıdan özlərini tənha hiss edirlər. Bu vaxt onlara hər an yanında olan, hətta günah işləməklə ona qarşı pislik etmiş olsaq da Allah’ın ən sadiq dostumuz olduğunu bildirmək, Ona açılan əllərin heç vaxt geri çevirilmədiyini, çarənin yalnız ona yönəlmədə olduğunu bildirmək olar. Nəhayət Allah’ın qullarına qarşı çox lütfkar olduğunu, onlara  gözləmədiyi anda və gözləmədiyi yerdən qapıları açacağını anlatmaq lazımdır. Çünki Allah Qurani Kərimdə buyurur:

Kim Allah`dan qorxarsa, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər (Talaq 2-3) ayəsini izah etmək, praktikada baş vermiş örnəkləri misal göstərmək olar.

Bu şəkildə qarşılıqlı dialoqa davam etməklə iman problemi ətrafında dərinləşməyə başlanılır. Artıq bu dəvət olunacaq şəxsdə kök saldıqda o, nəfsinin sorğu-sualına başlayacaqdır. Bu hal-hazırki vəziyyətində həyatına davam edərsə, yəni laqeyd, qəflət və günah içərisində həyatının qalanını yaşayarsa, Qiyamət günü nələrlə üzləşə biləcəyini, Rəbb`inin əzabından qaça bilməyəcəyini, qaçacaq yer də tapa bilməyəcəyini düşündürmək lazımdır.

Bütün bunları tətbiq etdikcə, yavaş-yavaş dəvət olunan şəxs İslamın düsturlarını anlamağa hazır vəziyyətə gəlir. Artıq həmin şəxs bir sonrakı mərhələyə hazırdır. // suffa.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here