Bu mərhələ artıq öncəki mərhələlərdə bünövrəsi qoyulan binanı tikmək mərhələsidir. Binanın cəmiyyətə uzun bir müddət faydalı olması üçün möhkəm təməllə yanaşı, cəmiyyəti ətraf aləmin mənfi təsirlərindən qoruyacaq düzgün dirək və hörgülərinin də olması zəruridir.

Fərdi dəvətdə bu mərhələ Allah`a necə qulluq ediləcəyi, fərz ibadətlərin nələr olduğunu öyrənmə hazırlığı, ibadət araşdırmaları, günahlardan uzaqlaşaraq İslam əxlaqıyla əxlaqlanma təlqininin ediləcəyi mərhələdir. Bu mərhələdə iman, əməl, əxlaq mövzusunda əsasən kitablar oxuması, dərs və söhbətlərdə iştirak etməsi, xeyir və ibadət əhli ilə tanış olması təklif edilir. Dəvət olunan insan pis insanlardan da beləcə qopmuş olur. Bu zaman digər müsəlmanlardan dəstək almaqda fayda vardır. Məsələn, İslam həyatında addımlayan bu şəxsi tez-tez müsəlmanlarla görüşdürmək, Allah`ın zikr olunduğu məclislərə dəvət etmək olar. Bu şəkildə dəvət olunan şəxsin İslam ortamlarda oturub-durmasına, yəni müsəlman dostlar qazanmasına vəsilə olmuş olarıq. Qazanılmış yeni-daha xeyirli dostlar Allah`ın izni ilə dəvət olunan şəxsin köhnə ətrafından yavaş-yavaş soyumasına, zamanla tamamən qopmasına zəmin yaradar.

Bu mərhələdə mütəmadi olaraq qarşı tərəfə dini anlatmaq, Quran ilə öyüd vermək, yaxşılığı əmr edib, pislikdən çəkindirmək lazımdır. Bu şəxsdə Allah`ın əmrlərinə, ibadətlərə qarşı sevgi yaranması, günahlara qarşı qalxan olacaq iman formalaşdırmaq üçün səy göstərmək lazımdır. Bu barədə işlənmiş məşhur sitatlardan birinə baxaq:

Qurani Kərimdə Allah`ın ən çox istifadə olunan sifəti Rəbb sifətidir. Rəbb sifətinin daşıdığı mənalardan biri də tərbiyə etməkdir. Quran insanı tərbiyə etmək və Allah`a yönəltmək üçün Cənnətlə müjdələmə və Cəhənnəmlə qorxutma metodunu istifadə etmişidir.  (M. Soysadlı “Quranda təbliğ növləri ilə əlaqədar anlayışların analizi”, səh.16)

Bu mərhələnin önəmli xüsusiyyətlərindən  biri odur ki, dəvətçi işlənən xətanı qarşı tərəfin üzünə vurmamalı, yəni onu işlədiyi günahlara görə qınaq obyektinə çevirməməlidir. Belə olan halda onları günahlardan təmizləmək əvəzinə İslamdan və hətta özümüzdən uzaqlaşdırmış olarıq.

Qullarıma de, sözün ən gözəlini söyləsinlər sonra şeytan aralarını pozar, çünki şeytan insanın açıq-aşkar düşmənidir.” ( İsra 53 )

Ənəs ibn Malik və Aişə radiyallahu anhumədən nəql edildiyinə görə Allah Rasulu salləllahu əleyhi və səlləm bir kəsin mənfi hərəkətini görsə və ya ona belə bir davranış xəbər verilsə, bu davranışı onu çağırıb üzünə vurmadığı kimi, o kəsi ad verərək ifşa etməz və ümumi bir ifadəylə “İnsanlara nə olur ki belə danışırlar və ya edirlər” deyərdi (Əbu Davud, Ədəb, 6).

Dəvətçi qarşı tərəfi hər hansı günahdan çəkindirərkən mümkün qədər ona bu günahdan gələ biləcək zərərləri, işlədiyi günahın növünə görə cəmiyyətə vura biləcəyi ziyanın ölçüsünü izah etməyə çalışmalıdır.  Bir gün bir gənc Peyğəmbər salləllahu əleyhi və səlləmdən  “Ey Allah`ın Rəsulu! Zina etməyimə icazə ver” deyərək icazə istədi. Hadisəyə şahid olan səhabələrin gəncin bu hərəkətindən xoşu gəlmir, onu danlayır və susdurmayağa çalışırlar. Bundan sonra Peyğəmbər salləllahu əleyhi və səlləm gəncdən ona yaxınlaşmasını istəyir. Gənc Peyğəmbər salləllahu əleyhi və səlləmin yanında oturur. Peyğəmbər salləllahu əleyhi və səlləm gəncdən başqa birisinin onun anası, qızı, bacısı, xalası və bibisi ilə zina etməsini xoş qarşılayıb qarşılamadını soruşur. Gənc, belə bir şeyə xoş münasibət göstərmədiyini söyləyir. Peyğəmbər salləllahu əleyhi və səlləm ona “İnsanlar da, anası, qızı, bacısı, xalası və bibisi ilə başqa bir şəxsin zina etməsini istəməz” buyurur. Daha sonra Peygambər salləllahu əleyhi və səlləm əlini gəncin çiyninə qoyaraq onun üçün belə dua edir: “Allah’ım! Onun günahlarını bağışla. Qəlbini təmizlə, namusunu qoru”. Gənc bu hadisədən sonra belə pis şeylərə meyl etmir. (Əhməd: V, 257)

Dəvətçinin bu mərhələdə önəm verməli olduğu digər bir məsələ isə yaxşılığı əmr etmək və pislikdən çəkindirmək məsələləri ilə həddən artıq dəvət olunan şəxsə yüklənməməkdir. Onu mərhələlərlə yaxşı əməllərə həvəsləndirib, yenə mərhələlərlə günahlardan uzaqlaşdırmağa çalışmaq lazımdır. Ona işlədiyi günahın pisliyini onu eyibləmədən anlatmaq lazımdır. Dəvətçi yumşaqlıqla hərəkət edərək, gerçəkləri ortaya qoymalı və bu gerçəkləri dəvət olunan şəxsə ən gözəl şəkildə qəbul etdirməyə çalışmalıdır.

Allah təala buyurur: (Ey Musa və Harun) Fironun yanına yollanın. O (ilahlıq iddiası ilə), həqiqətən azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbb`indən) qorxsun! (Tahə 43-44).

“…Əgər kobud, sərt qəlbli olsaydın onlar sənin ətrafından dağılıb gedərdilər…” (Əli İmran 159).

Ayələrdən  göründüyü kimi yumşaq dil dəvətin əsas təməlidir. Yumşaq söz dəvət olunan şəxsin qürur və lovğalığının qarşısını alar, onun ayə və hədisləri daha təvazökarlıqla dinləməsinə səbəb olar.  Belə halda qarşı tərəfdə dəvətçinin səmimiliyinə inam artar, dəvətçinin həqiqətən də onu Cəhənnəmdən xilas edəcək bir əl uzatdığını anlayar.

Yenə təbliğ və irşadda zamanı seçməyin son dərəcə önəmli olduğunu unutmamaq lazımdır. Burada zaman dedikdə  söylənəcək sözlərin diqqətlərin dağılmayacağı bir zaman içində, yəni qısa və mənalı bir şəkildə söylənib bitirilməlidir. Dəvətdə zaman anlayışının digər bir göstəricisi isə dinləyicinin istəkli olub olmadığını diqqətə almaqdır. Peyğəmbər salləllahu əleyhi və səlləm bu məsələyə xüsusilə diqqət yetirərdi. Hədislərinin qısa və mənalı olmasının səbəbi budur. Onun qarşısındakıların dinləməyə istəkli olub-olmadığını diqqətə almadakı həssaslığını Abdullah ibn Məsud belə izah edir: “Əshabı bezib sıxılar düsüncəsiylə Peyğəmbər salləllahu əleyhi və səlləm bizə hər gün deyil, arabir  vəz verər və nəsihət edərdi”. (Buxari, Elm, 11-12)

Dəvətçi ümumi halal-haram mövzularıyla yanaşı, qarşı tərəfin zəif cəhətlərini öyrənməli və bunların düzəldilməsinə çalışmalıdır. Məsələn Allah Rəsulu salləllahu əleyhi və səlləmdən “Ey Allah’ın Rəsulu, Allah’ın sevdiyi ən fəzilətli əməllər nələrdir?” deyə soruşsaydılar o, əgər sualı soruşan çox danışandırsa ona dilini tutmağı, çox tez əsəbiləşəndirsə əsəbiləşməməyin ən fəzilətli əməl olduğunu deyərdi. (Buxari, Ədəb, 76)

Son olaraq, dəvətçi qarşı tərəfi yaxşı əməllərə həvəsləndirib, pis olanlardan çəkindirərkən özü də o dediklərinə əməl edən biri olmalıdır. Əks halda dəvətdə bərəkət olmaz, quru sözlər qarşı tərəfin həyatını dəyişdirməsi üçün ilahi dəstək almaz. Allah Rəsulu salləllahu əleyhi və səlləm sözü və özü ilə tam bir uyğunluq içərisində təbliğ vəzifəsini icra etmişdir. O, Ey iman edənlər! Etməyəcəyiniz şeyləri niyə söyləyirsiniz. Etməyəcəyiniz şeyləri söyləməyiniz, Allah qatında böyük bir nifrətlə qarşılanır. (Saf, 2–3) ayələrində bildirilən əsaslara bağlı qalmışdır.

Beləcə islami şəxsiyyətini bütünləşdirməyə yönəldən şərtlər tamamlanmış olur. Bu yolda sabit və səbirli olana qədər onunla əlaqə davam etdirilir. Sapmalar, axsamalar olmasın deyə uzun zaman ciddi bir şəkildə təqib edilir. Bu mərhələ lazım olarsa aylarla çəkə bilər. Sarsılmaz bir islami şəxsiyyətin formalaşması üçün bu lazımdır.

Bunu da demək lazımdır ki, bu mərhələdə dəyişik üsullardan istifadə etmək də olar. Bu üsullar əlbəttə ki, dəvət olunan şəxsin xarakterindən, şəxsi keyfiyyətlərindən asılı olaraq dəyişəcəkdir. // suffa.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here