Bizimsesimiz.info // İsrail ABŞ-ın Qüdsü yəhudi dövlətinin paytaxtı kimi qəbul etməsinə dair qərarına görə ödəməli olacaq.

Bizimsesimiz.info APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə deyib.

“Mən deyərdim ki, israillilərlə fələstinlilər arasında ən çətin müzakirə mövzusu Qüds məsələsi idi. Biz gündəmdən bu məsələni çıxardıq. Siz bir xal qazandınız, indi danışıqlarda bir neçə xal verməlisiniz, əlbəttə, danışıqlar baş tutsa”, – deyə o qeyd edib.

ABŞ prezidenti Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində kömək etdiyini bildirib və İsrailin buna görə ABŞ-a borclu olduğunu vurğulayıb.

Ötən ilin sonu Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi qəbul edib. O, gələn ilin sonunadək ABŞ-ın Qüdsdə səfirlik açacağını vurğulayıb.

Buna cavab olaraq, BMT Baş Assambleyası 128 səs çoxluğu ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə qəbul edib. Sənədin əleyhinə Qvatemala, Honduras, İsrail, Marşal adaları, Mikroneziya, Nauru, Palau, ABŞ və Toqo səs verib. Daha 35 ölkə isə səsvermədə bitərəf qalıb.

Qeyd edək ki, Qüds şəhərinin statusunun müəyyənləşdirilməsi Fələstin-İsrail münaqişəsinin aparıcı problemlərindən biri hesab olunur. Şəhərin şərq hissəsi 1967-ci ildəki müharibədən sonra İsrail Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rəsmi Təl-Əviv Qüdsü İsrailin “vahid və bölünməz” paytaxtı hesab edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here