Bizimsesimiz.info // Rusiya istəmədiyi müddət ərzində Cənubi Qafqazda konfliktlər bitməyəcək.

Bu sözləri Axar.az-a Rusiyanın MDB ölkələrinə təsirini yenidən gücləndirməyə çalışmasını şərh edən politoloq İlqar Vəlizadə deyib.

Onun fikrincə, Moskva müxtəlif vasitələrlə Qafqaz dövlətlərini öz təsir dairəsindən kənara buraxmamağa çalışır:

“Cənubi Qafqazda 3 regional konflikt ocağı var. Praktika göstərir ki, xarici müdaxilələr hər zaman münaqişələrin gərginləşməsinə gətirib çıxarır. Rusiya bu konfliktlərə maraq göstərdiyi müddət ərzində münaqişə ocaqları həll olunmamış vəziyyətdə qalacaq.

Rusiya Qarabağdan fərqli olaraq, Abxaziya və Cənubi Osetiya konfliktində birbaşa iştirak edir. Rusiyanın rəsmi dövlət kimi Abxaziya və Cənubi Osetiyanı tanıması buna misaldır. Gürcüstanın bu regionları yenidən özünə inteqrasiya etdirməklə bağlı hər hansısa bir ciddi addımı Rusiyanın müqaviməti ilə qarşılaşacaq. Moskvanın Tiflisə təzyiq üçün alternativ konflikt ocaqları yaratmaq ehtimalı da var. Bunlar sırasında daha təhlükəli vəziyyət Cavaxetiya bölgəsi ilə bağlıdır. Məhz burada erməni icması yaşayır. Erməni millətçilər bu ərazinin Ermənistana aid olduğunu düşünür. Moskva burada erməni diasporundan da istifadə edə bilər. Çünki buradakı erməni diasporu Rusiyada fəaliyyət göstərən erməni diasporu ilə sıx bağlıdır. Bu bağlılığa görə Rusiya istədiyi vaxt Cavaxetiya bölgəsində erməniləri bir təzyiq aləti kimi Tiflisə qarşı istifadə edə bilər”.

Keçmiş dövlət müşaviri Qabil Hüseynli də Rusiyanın nə Cənubi Qafqazı, nə də Ukraynanı əlindən buraxmaq fikrində olduğunu bildirib. O, Rusiyanın Cənubi Qafqazda olan 3 regional konflikt ocağını, o cümlədən Ukraynadakı konflikt ocaqlarını istədiyi zaman aktivləşdirə biləcəyini deyib:

“Rusiya bu proseslərdə tənzimləyici rol oynayaraq, istədiyi vaxt Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti gərginləşdirə bilər. Aprel əməliyyatları elə bunun nəticəsi idi. Ermənistan bir qayda olaraq, Rusiyanın təlimatı ilə hər an hərəkətə keçə bilər.

Rusiya postsovet məkanına təsirini gücləndirmək istəyir. Ukraynanın daxilində daha təhlükəli konfliktin bünövrəsini qoyub. Söhbət qondarma Malorusiya dövlətinin yaradılması və daha sonra Rusiyaya birləşdirilməsi planından gedir. İndi görünür ki, Rusiya SSRİ-nin keçmiş ərazilərində qurulmuş respublikaların ərazilərini zəbt etmək üçün ciddi proseslərə hazırlaşır. Rusiya öz məqsədini mərhələli şəkildə həyata keçirir”.

Q.Hüseynli Moskvanın daha ağır zərbəni Gürcüstan üçün hazırladığını bildirib:

“Rusiya Gürcüstana təsir göstərmək üçün Cavaxetiya bölgəsində olan erməniləri də ayağa qaldıra bilər. Cavaxetiya bölgəsində olan ermənilərin muxtariyyət tələb etmək istəyi tək İrəvandan deyil, həm də Rusiyadan gələn siqnallar əsasında həyata keçirilir. Gürcüstanın ağır günlərində Cavaxetiya erməniləri də ayağa qalxıb muxtariyyət tələb etməklə Tiflisin vəziyyətini daha da ağırlaşdırırdılar. Daha sonra Bakı-Tiflis-Ceyhan neft kəməri çəkiləndə də guya ekoloji maraqları nəzərdə tutaraq, bunun əleyhinə çıxırdılar. Bakı-Tiflis-Qars dəmir yolu tikilərkən də onlar fəal sürətdə bunun əleyhinə kampaniya başlatdılar. Bu gün də Cavaxetiya erməniləri Gürcüstanda müəyyən üstünlüklərə malikdirlər. Onların sayı Gürcüstanda 150 minə çatmır, amma maraqlı məqam odur ki, orada olan 600 min azərbaycanlının parlamentdə cəmi 3, ermənilərin isə 6 nümayəndəsi var. Göründüyü kimi, Cavaxetiya bölgəsində olan ermənilər kifayət qədər fəaldırlar. Ermənilər həmişə Cavaxetiya ermənilərini Gürcüstandan ayıraraq, Qara dənizə çıxış uğrunda mübarizə aparıblar”.

Qeyd edək ki, Rusiya son zamanlar Gürcüstandakı rusiyayönlü siyasətçilərin maliyyələşdirməsini artırıb. Moskva həmçinin Abxaziya və Cənubi Osetiyada da aktivləşməyə başlayıb. Gürcü ekspertlərin fikrincə, Kreml bununla Tiflisin Qərbə inteqrasiyasının qarşısını almağa çalışır.

Moskva Gürcüstanla bərabər Malorusiya adlı qondarma dövlət yaratmaqla Ukraynaya da təzyiqlərini gücləndirib. Ukraynanı daim öz ərazisi hesab edən Kreml bu dövlət uğrunda savaşını gücləndirməklə SSRİ-dən sonra Qərblə arasında mövcud olan bufer zonasının yoxa çıxmamasına çalışır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here