Sovet ideologiyasının təbliğat istiqamətlərindən biri ölkə vətəndaşlarının bərabər və eyni hüquqa malik olması barədə iş aparmaq xətti olub. Ancaq konstitusiyada da əks olunan bu prinsipi ilk olaraq Kreml məmurları pozub. Xüsusilə Leonid Brejnevin 18 illik hakimiyyəti dövründə bu, özünü daha qabarıq büruzə verib…

Artıq heç kimə sirr deyil ki, baş katibin qızı Qalina Brejneva atasının sayəsində hansı səlahiyyətlərə sahib olub. Vəzifə təyinatlarından tutmuş, qızıl-brilyant alverinə qədər, Qalina Brejneva bütün SSRİ ərazisində yerli məmurlara meydan oxuyub.

Uzun illər Siyasi Büronun üzvü olan, 18 il Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Viktor Qrişinin oğlu, Moskva Dövlət İnformatika Akademiyasının prorektoru Aleksandr Qrişin heç də sıravi sovet vətəndaşları ilə bərabər və eyni hüquqa malik olmayıb. Lavrenti Beriyanın nikahdan kənar qızı Eteri Qeqeçkori ilə ailə həyatı quran oğul Qrişin atasının səlahiyyətlərindən yetərincə yararlanıb.

348770_original.jpg (139 KB)

1960-cı illərdən başlayaraq SSRİ-nin süqutuna qədər Mərkəzi Komitənin katibi, Moskva şəhər və vilayət partiya komitələrinin birinci katibi, mədəniyyət naziri, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini vəzifələrində işləyən Pyotr Demiçevin yeganə qızı Yelena Demiçeva da (Şkolnikova) atasının həmkarlarının övladlarından geri qalmayıb. Moskva Filarmoniyasının solisti olan Yelena fəxri titulları bir-birinin ardınca alıb. Sonralar verdiyi müsahibələrdə jurnalistlərin “siz atanızın səlahiyyətlərindən istifadə etmisinizmi” sualına o, belə cavab verib:

“Əlbəttə, yaxın rəfiqələrimin, dostlarımın xahişlərini yerə sala bilməzdim. Problemləri həll etmək üçün atama müraciət etməyə ehtiyac olmayıb. Onun yaxın ətrafındakılarına bir zəng kifayət edirdi ki, məsələ həll olunsun…”

Yelena Demiçeva atasının hesabına həyat yoldaşına da bütün yaşıl işıqları yandırıb. 1974-cü ildə Demiçevin kürəkəni mövcud dövrdə ən prestijli vəzifələrdən biri sayılan SSRİ Xalq Nəzarəti Komitəsinə sədr vəzifəsinə təyin edilib.

загружено (1).jpg (93 KB)

15 il DTK sədri, 15 ay baş katib olan Yuri Andropov birinci ailəsindən olan övladlarından imtina etsə də, ikinci nikahından olan oğlunu Xarici İşlər Nazirliyinin strukturunda yerləşdirib və onun vəzifə karyerasında mühüm rol oynayıb.

Siyasi Büronun digər üzvləri də öz övladlarını sıravi vətəndaşlardan fərqləndirərək öz səlahiyyətləri hesabına onlara yetərincə “gün ağlayıblar”.

Bu məsələdə ideal kommunist obrazı kimi yadda qalan, Kremlin “boz kardinalı” Mixail Suslov da geridə qalmayıb. Məlum olduğu kimi, Suslov uzun illər SSRİ-də partiya xətti ilə ikinci şəxs sayılıb. Brejnev ən mühüm qərarlara imza atmamışdan qabaq Suslovun məsələyə münasibətini vacib sayıb. İdeologiya katibi sadə, zahidanə həyat tərzinə üstünlük versə də, oğlu Revoliy Suslov atasından fərqli olaraq zənginliyi sevib.

Revoliy Suslov 1929-cu ildə anadan olub. Valideynləri onun adını inqilab (revolyutsiya) adına uyğun qoyublar. 10 ildən sonra Suslovlar ailəsinin ikinci övladı Maya dünyaya gəlib. Suslov qeyri-rəsmi məclislərdə övladları haqqında razılıqla danışıb, onların tərbiyəsi, təhsili ilə şəxsən məşğul olduğunu bildirib. Hansısa səbəblərdən Suslov övladlarını partiya orqanlarında görmək istəməyib.

l-mW0Of6jfw (1).jpg (90 KB)

Revoliy Suslov orta məktəbi bitirdikdən sonra Moskva Energetika İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra o, dövlət təhlüksizliyi orqanlarına xidmtə götürülüb və təbii ki, bu təyinatda atasının rolu olub. Oğul Suslov DTK xətti ilə Radio Sənayesi Nazirliyinə “ezam” olunub, radioelektron sistemlər mərkəzinə rəhbərlik edib ki, bu mərkəz qeyri-rəsmi “poçt qutusu” da adlandırılıb. Məxfi radioqramlar məhz onun nəzarətindən keçib. Eyni zamanda Revoliy Suslov elmi yaradıcılıqla da məşğul olaraq doktorluq dərəcəsi alıb.

Revoliy Suslov Olqa Vasilyevna ilə ailə həyatı qurub. Bu nikahdan sonra o, “Sovetskoe foto” jurnalına baş redaktor təyin olunub. Ailəyə Mərkəzi Komitə aparatının işçiləri üçün nəzərdə tutulmuş binada mənzil verilib.

Tam təminatlı oğul Suslov öz həyat tərzini həmişə gizli saxlayıb, kölgədə qalmağa çalışıb. Elə bu kölgədə də qısa illər ərzində general rütbəsinə qədər yüksəlib. Jurnalistlərə müsahibə verməkdən yayınan katib oğlu bunun səbəbini belə izah edib: “Müsahibə vermək təhlükəlidir, çünki mən hddindən artıq çox şeylər bilirəm…”

загружено.jpg (70 KB)

 

Revoliy Suslov qatı musiqi həvəskarı olub. Onun musiqi kolleksiyasında ən nadir vallar yer alıb. Britaniya rokunun vurğunu olan Suslovun kolleksiyasında 1960-cı illərdə İngiltərədə buraxılmış “The Beatles”in valları da olub ki, onların qiyməti heç də DTK zabitinin büdcəsinə uyğun olmayıb.
Oğul Suslovun digər şakəri it saxlamaq olub ki, o, iki itinə dörd uşağından daha çox pul xərcləyib.

Suslovun qızı Maya Suslova Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirdikdən sonra qısa müddət ərzində namizədlik və doktorluq dissertasiyası müdafiə edib. Bu sürətli elmi yaradıcılıqda da Suslovun rolu danılmaz olub. Maya Suslova 1990-cı ildə Avstriyaya köçüb.

Göründüyü kimi, Kommunist Partiyasının bərabərlik ideologiyası bu partiyanın liderlərinə şamil olunmayıb, “böyük” adamlar SSRİ-nin son gününə qədər böyük ailələrinə sıravilərdən fərqli qeyri-bərabər şərait yaradıblar.

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here