“Kürdüstan dövləti”nin yaradılması Böyük İsrail layihəsinə xidmət edir

Bizimsesimiz.info // İraqda hökumət və Kürdüstan muxtariyyətinin regional hökuməti sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə razılığa gəliblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə İraq Kürdüstanının müstəqilliyinə dair referendumun baş tutacağı təqdirdə İraqda vətəndaş müharibəsinin başlayacağına dair anons verib.
XİN rəhbəri hesab edir ki, İraq məlum referendumu keçirməklə yalnız vəziyyəti kəskinləşdirir və bu, qanlı vətəndaş qarşıdurmasına qədər gəlib çıxa bilər. Qeyd edək ki, İraqın kürd administrasiyası artıq sentyabrın 25-də keçiriləcəyini elan etdiyi referendumla bağlı səsvermə bülletenlərini çap edib. Türkiyənin etirazlarına rəğmən kürdcə, ərəbcə və türkmənlər üçün türkcə çap edilən bülletenlərdə “Kürdüstan bölgəsini və münaqişəli əraziləri də özündə ehtiva edən müstəqil “Kürdüstan dövləti”nin qurulmasını istəyirsinizmi?” sözləri qeyd olunub. Bülletenlərin altında İraq bayrağının olduğu hissəyə “Xeyir”, kürd administrasiyasının bayrağının olduğu hissəyə isə “Bəli” işarəsi qoyulub.
İraq kürdlərinin bütün xəbərdarlıqlar və etirazlar fonunda referendum məsələsində bu qədər israrlı olmasının səbəbini şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin dediyinə görə, Kürdüstan rəhbərliyi, siyasi güclər elə düşünürlər ki, “Kürdüstan dövləti”nin yaradılması üçün həm regional, həm də qlobal səviyyədə çox gözəl bir mühit yaranıb. Onlar da bu fürsətdən istifadə edərək dərhal hərəkətə keçiblər:
Halbuki “Kürdüstan dövləti”nin yaradılması təkcə kürd siyasətçilərinin istəyi ilə ərsəyə gələcək bir məsələ deyil. Bunun üçün mütləq mənada həm maliyyə, həm də siyasi qlobal şəbəkələrin dəstəyi lazımdır. Əslində səhnənin arxasında bir çox güclərin olduğu hiss olunur. Xüsusən də Amerika Birləşmiş Ştatları, İsrail başda olmaqla qərb dövlətlərinin də bəziləri kənardan bu prosesi istiqamətləndirir, yeni bir Kürdüstan dövlətinin yaradılmasında maraqlı görünürlər. Bu isə Yaxın Şərqin yenidən qurulması siyasətinin tərkib hissəsidir. Beynəlxalq güclər “Kürdüstan dövləti”ni yaratmaqla yeni Mesopotamiyada, Türkiyənin sərhədləri yaxınlığında ikinci bir İsrail dövlətinin yaranmasına nail olmaq istəyirlər. Təsadüfi deyil ki, İsrail bayrağındakı iki mavi xətdən biri Nil çayını, digəri isə Fərat çayını simvolizə edir. Böyük İsrail dövləti özünü hər iki çay arasındakı ərazilərdə görür. Elə “Kürdüstan dövləti”nin yaradılması da Böyük İsrail layihəsinə xidmət edir desək, yanılmarıq. Amerika Birləşmiş Ştatlarının özü də bu layihəni dəstəkləyir”.
Konkret olaraq nəzərdə tutulan referendumun nəticələrinə gəldikdə isə N.Miri deyib ki, bu referendum keçirilsə də, onun nəticələrinin tanınması və dövlət olaraq addımlar atması ciddi bir problemə çevriləcək. Kürdüstan sərhədləri qapalıdır:
“Bir tərəfdən Türkiyə, bir tərəfdən İran, digər tərəfdən də Suriya ilə həmsərhəd olacaq. Əgər referendumdan sonra Kərkükdə “Kürdüstan dövləti” yaradılsa belə onun kənara çıxışı mümkün olmayacaq. Dənizdən belə yolu yoxdur. Hazırda Suriyanın şimalındakı Aralıq dənizinə çıxmaq üçün kürd koridoru yaratmaq niyyətindədirlər, amma Türkiyə buna imkan verməyəcəyi ilə bağlı konkret bəyanatlar səsləndirir. Odur ki, referendum sadəcə işin formal tərəfidir. Hər nə qədər ABŞ və İsrail dəstək olsa da, Türkiyə razılıq vermədiyi müddətdə “Kürdüstan dövləti”nin yaradılması və müstəqil bir dövlət olaraq öz mövcudluğunu qoruması problemli olacaq”. // sherg.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir