Lenin-Stalin hiyləsinə qurban gedən dörd türk dövləti – SSRİ-də bu ölkələri kimlər yaratmaq istəyirdi?
Bizimsesimiz.info // Nəriman Nərimanovun kommunist baxışlarının məhz milli təmayülçülük prinsipləri üzərində qurulduğunu, biz onun hələ Moskvada, Rusiya hökumət təşkilatlarında çalışdığı dövrə nəzər saldıqda görə bilirik.
N.Nərimanov Rusiyanın Türküstan siyasətinə öz müxalif mövqeyini 1919-cu ildə Moskvada Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri və komissar müavini vəzifəsində çalışarkən təqdim etmişdir. Bu sənəddən biz N.Nərimanovun Şərq, xüsusən də Türküstan siyasətinə olan baxışlarını qiymətləndirə bilərik. Bu sənəd, demək olar ki, sovet Rusiyası tarixində milli təmayüllü mövqelərdən yazılmış ilk sənəd idi. G.Çiçerin bu təkliflərə diqqətsizlik göstərdiyindən N.Nərimanov fikir ayrılığı barədə partiyanın Mərkəzi Komitəsinə rəsmi müraciət etmişdir. O, təqdim etdiyi rəsmi sənəddə qeyd edirdi ki, “mən öz düzlüyümə ümidvar bir insanam və fikrim səhv olsa belə onun sənədləşdirilməsindən çəkinmirəm”. Mövqeyi nəzərə alınmadığı üçün N.Nərimanov öz vəzifəsindən istefa verdiyini bəyan etmişdir. Bir müddətdən sonra onun təqdim etdiyi “Türküstandakı siyasətimiz” sənədi nəşr olunmuşdur.
Onun baxışları nədən ibarət idi və rəsmi bolşevik siyasətindən nə ilə fərqlənirdi? Nərimanov deyirdi: “Bolşeviklər Türküstana ciddi diqqət yetirməlidirlər. Çünki bolşeviklərin Şərqdəki gələcək işində Türküstan mərkəzi bir yer tutur. Şərqə silah ilə deyil, öz ideyalarımızı yaymaq yolu ilə getmək lazımdır.
Şərqdə buraxılan hər səhv imperialist dövlətləri tərəfindən fitnə-fəsad məqsədi ilə istifadə olunacaqdır. Müsəlmanların psixologiyası, mənəviyyat prinsipləri, adət-ənənələri ilə hesablaşmaq lazımdır. Yerli əhaliyə qarşı şablon hərəkətlər etmək olmaz. Nəzərdə tutulan bir çox dekretlər yerli şəraitdə yararsız olduğundan onları ehtiyatla qəbul edib, ehtiyatla həyata keçirmək lazımdır. Türküstana gedərkən bolşeviklərin aparıcı şüarı “İşləməyən dişləməz” olmalıdır. Bu şüar altında öz əməklərinin hesabına yaşayanlarla, özgənin əməyinin hesabına yaşayanlar bilinəcəkdir. İşləyənin dövlət quruluşunda səsi olacaq, işləməyənin isə olmayacaqdır”.
N.Nərimanov Şərqin ənənələrindən birinin insanın öz hüquqlarını bilməməsi olduğunu yazmışdır. O deyirdi ki, adama lazım olan qərarları ya yaşca böyük, ya nüfuzca daha hörmətli, ya da daha varlı insanlar qəbul etdirirlər. Bu da insanı taleyə, həyata, baş verən proseslərə daha laqeyd edir. Bolşeviklər isə sübut etməlidirlər ki, hərənin taleyi öz əlindədir. N.Nərimanov deyirdi ki, biz gərək insanlarda inamsızlığı öldürək, öz qüvvələrinə inamı artıraq. Bəziləri belə fikirdədirlər ki, Türküstan əhalisi savadsızdır, ictimai həyat üçün yararsızdır, bu səbəbdən onları idarəçiliyə cəlb etməyə ehtiyac yoxdur, işləri onlarsız da aparmaq olar. Belə baxış ilk əvvəl bizim inqilabın mahiyyətini başa düşməmək və müsəlman Şərqinin iqtisadi, siyasi və sosial şəraiti ilə, məişət və dini şərtləri ilə hesablaşmamaq deməkdir. Biz işə başlayarkən zəhmətkeş kütlələrini ictimai işə cəlb etməliyik. Əvvəllər buraxdığımız səhvlər bəzi dekretləri həyata keçirərkən ehtiyatlı olmağımıza vadar edir. İri istehsal milliləşdirilməli olduğu halda, xırda istehsal nəinki milliləşdirilməməlidir, hətta ona həvəs oyatmalıyıq. N.Nərimanov daha sonra yazırdı ki, nə qədər ki, əhalini ərzaqla tam təmin etmək üçün bizim özümüzün nizamlanmış ərzaq aparatımız yoxdur, biz xırda alverə dözməliyik. Biz bu məsələnin həllində ehtiyatlı və ləng tərpənməli olsaq da, torpaq məsələsini tez həll etməliyik. İri torpaq sahələrinin sahibkarlarına qarşı biz rəhmsiz olmalıyıq. Torpaq bütün əhali arasında bölüşdürülməlidir. Ümumiyyətlə, Türküstanda torpaq məsələsinə çox ciddi diqqət yetirməliyik. Çünki bu məsələdə uzun müddətdir qeyri-normallıq vardır. Qeyri-normallıq isə ondan ibarətdir ki, köçüb buraya gəlmiş rusların çoxunun 8 desyatin və daha artıq torpağı var; rusların arasında qolçomaq daha çoxdur, halbuki qırğızlar (qazaxlar və qırğızlar nəzərdə tutulur – H.H.) və ümumiyyətlə, yerlilərin torpağı heç yoxdur, ya da çox azdır. Yerli camaatla köçüb buraya gəlmiş ruslar arasında baş verən ixtilafın səbəbi budur. Torpağı böldükdə avadanlığı olan hazır təsərrüfatları dağıtmaq lazım deyil, əksinə, aqronomları və təcrübəli yerli adamları işə cəlb edərək inkişaf etdirmək lazımdır.
N.Nərimanov Türküstanda dövlətlə məktəbin münasibətlərinin tənzimlənməsi məsələsinə də diqqət yetirmişdir. O, ehtiyatla və bacarıqla tətbiq edilməsi lazım gələn dekretlərdən, məsələn, kilsəni dövlətdən və təhsili, məktəbi kilsədən ayırmaq haqqında dekretləri qeyd edirdi. N.Nərimanov deyirdi ki, Marksın din haqqında fikri unudulmamalıdır: dini baxışlar cəmiyyətin maddi iqtisadi bazisi ilə birlikdə dəyişilir. Bu səbəbdən İslamı naşı tənqid etməkdən çəkinilsin, söymək, təhqir etmək lazım deyil, ancaq tarixi dəlillərlə, iqtisadi-siyasi həyatın tələbləri ilə sübut etmək lazımdır. Burada sovet Rusiyasında olduğundan daha az maneəyə və ruhanilər tərəfindən daha az düşmənçiliyə rast gələcəyik. Lakin məktəbin, təhsilin kilsədən ayrılması məsələsi Şərqin din xadimlərini ilk zamanlar həqiqətən sovet hakimiyyəti əleyhinə qaldıracaq. N.Nərimanov yazırdı ki, bu məsələnin həllinə əvvəldən bacarıqla yanaşılsa, heç bir xüsusi çətinliyə rast gəlmərik. Problemin həlli yolu belədir: hökumət müəyyən proqramla öz məktəblərini açır, təhsili icbari və pulsuz edir. Hökumət ancaq müəyyən dərslərin keçilməsinə pul verir. Lakin uşaqlarına bu dərslərdən əlavə başqa elmləri də oxutmaq istəyənlər hökumət məktəblərinin məşğələlərindən kənar bir vaxtda öz pulları ilə oxuda bilərlər. Əgər uşaqlar nahardan sonra molla məktəbinə gedib Quran oxusalar, yaxud şəriət dərsi keçsələr, buna mane olmaq lazım deyildir. Əgər işçilər bilsələr ki, müsəlmanların nikahı mahiyyətcə məhz vətəndaş nikahıdır, onda vətəndaş nikahı məsələsi də asanlıqla həll edilmiş olar.
N.Nərimanov belə hesab edirdi ki, sovet Rusiyası ilə Türküstanın əlaqələrinin mahiyyəti, Türküstanın nəyə ehtiyacı varsa onlarla mümkün qədər təchiz olunmaqdan ibarətdir. Burada haqq-hesab bilən əql yox, dövlət əqli lazımdır. Biz düşünməməliyik ki, Türküstan bizə nə verəcək və əvəzində biz ona nə verməliyik. Türküstanı elə təchiz etmək lazımdır ki, ətrafımızdakı dövlətlər bizim qüvvəmizi, məhsuldarlığımızı görüb, hiss etsinlər. Bu sənəd sovetlər ölkəsində milli təmayüllü siyasətin əsasını təşkil edir. Sonralar N.Nərimanovun Azərbaycanda keçirdiyi dövlətçilik siyasəti, Stalinə yazdığı məşhur məktubunun əsas müddəaları bu sənəddə artıq irəli sürülmüşdür.
N.Nərimanov Türküstan məsələlərini dərindən bilmiş, öz tövsiyələri ilə sovet Rusiyası hökumətinin bu regionda düzgün siyasət yeritməsinə nail olmağa çalışmış, lakin onun tövsiyələri lazımınca nəzərə alınmamışdır.
Sonralar Azərbaycanda məsul dövlət vəzifəsində çalışarkən də N.Nərimanov Türküstanı unutmamışdır. N.Nərimanov nəinki Azərbaycanda solçu kommunistlərlə mübarizə aparmış, o, hətta Türküstanda olan vəziyyətdən də narahat olaraq Stalinə “Türküstanda və Buxarada buraxılmış səhvləri aradan qaldırmağı”, “solçu kommunistləri tutduqları vəzifələrdən geri çağırmağı” və özünün tərəfdarları olan azərbaycanlıları oraya məsul işlərə göndərməyi təklif etmişdir. O, eyni zamanda Stalini Türküstan səfərində müşayiət etmək istədiyini də bildirmişdir. N.Nərimanov Sovet dövlətində yaşayan türk xalqlarının dirçəlişinə əlindən gələn köməyi etmişdir.
N.Nərimanovun siyasi fəaliyyətində sovet Rusiyasının Türküstan və Rusiya türkləri siyasətinə baxışının öyrənilməsi müəyyən elmi maraq kəsb edir. Türküstanda türk xalqlarının dövlətçilik sisteminin tam təkmilləşməsi uzun müddət tələb etdisə də, bu nəticədə biz N.Nərimanovun rolunu görməyə bilmərik. Bu proses demək olar ki, 1918-ci ildən 1936-cı ilə qədər çəkmişdir (Buxara Xalq Sovet Respublikası (1920-1924), Xivə Xalq Sovet Respublikası (1920-1924), Türküstan Muxtar Sovet Respublikası (30.04.1918-27.10.1924) mövcud olmuşdur. 1924-cü il oktyabrın 27-də onun əsasında Türkmənistan SSR, Özbəkistan SSR (Buxara və Xivə Respublikaları daxil olmaqla) yaradıldı. Bunlardan başqa Özbəkistanın tərkibinə Tacikistan MSSR daxil oldu. 1920-ci il avqustun 26-da RSFSR tərkibində Qırğızıstan MSSR yaradıldı. 1925-ci il aprelin 19-da onun adı dəyişdirilib Qazaxıstan MSSR qoyuldu və 1936-cı il dekabrın 5-dən Qazaxıstan SSR statusunu aldı. 1924-cü il aprelin 10-da RSFSR tərkibində Qaraqırğız Muxtar Vilayəti yaradılır, 1925-ci il mayın 25-də adı dəyişdirilərək Qırğız Muxtar Vilayəti, 1926-cı il fevralın 1-dən Qırğızıstan MSSR, 1936-cı il dekabrın 5-dən isə Qırğızıstan SSR statusu alır. 1925-ci ilə qədər olan hadisələrdə N.Nərimanov SSRİ MİK sədri kimi aktiv iştirak etmişdir.
N.Nərimanov türk xalqları ictimai xadimləri ilə sıx əlaqə saxlamışdır. O, Odessada oxuyarkən bir qrup tələbə ilə Baxçasaraya gedərək orada teatr tamaşaları vermiş və böyük türkçü İsmayıl Qaspralı ilə görüşmüşdür. Bu barədə N.Nərimanov yazırdı ki, “bir-birimizin dərdindən və məqsədindən xəbərdar olduq”. İ.Qaspralının Baxçasaraydakı ev-muzeyində onun N.Nərimanovla sıx əlaqələri haqqında qeydlər saxlanılır. N.Nərimanov Rusiya türklərinin həmrəylik ideyasına ömrü boyu sadiq qalmışdır. 1914-cü ildə Bakıda Azərbaycan dilində nəşr edilən “Bəsirət” qəzetində N.Nərimanovun çap olunmuş (1999-cu ildə “Tanıtım” qəzetində çap olunmuşdur. – H.H.) məqaləsi N.Nərimanovun türk həmrəylik ideyasına sadiqliyini, ona ürəkdən yanaşdığını təsdiq edir. Bu məqalədə N.Nərimanov böyük türkçü, dünya türklərinin “dildə, fikirdə, işdə” birliyini gerçəkləşdirmək istəyən İsmayıl bəy Qaspralının ölümünə heyfsilənmiş, üzərində ona layiq sözlər yazılmış başdaşını ucaltmaq təklifini irəli sürmüş və nəhayət, türkçülüyün “baş komandana” ehtiyacı olduğunu vurğulamışdır. N.Nərimanov məqaləni ürək yanğısı ilə bitirərək deyirdi ki, İsmayıl bəy Qaspralını unudan xalqın özünə başdaşı qoyulmalı və o başdaşında yazılmalıdır: “Millət İsmayıl bəy kimi qəhrəmanını unutdu və özü də qeyb oldu”. N.Nərimanov belə hesab edirdi ki, bir türk xalqının xadimini bütün başqa türk xalqları tanımalı və qiymətləndirməlidir. O, müsəlmanların bilgisizliyinə heyfsilənərək deyirdi: “Sabirimizi Rusiya müsəlmanları, Tukayımızı Qafqaz müsəlmanları bilməlidirlər” (20 sentyabr 1914). İ.Qaspralının ölümü münasibətilə N.Nərimanovun yazdığı məqalə H.Kakınc tərəfindən onun türkçülüyə sadiqliyi kimi qiymətləndirilir. N.Nərimanov Həştərxanda yaşayarkən Rusiyanın müxtəlif yerlərində yaşayan türkdilli xadimlər ilə ünsiyyət yaratmışdır. 1911-ci ilin aprelində böyük tatar şairi, maarifpərvəri və ədibi Q.Tukay Həştərxana gələrkən N.Nərimanovla görüşmüş və dostluq əlaqələri yaratmışdır. Sonralar N.Nərimanov Q.Tukay haqqında məruzə oxumaq üçün hökumətdən icazə almışdır. O, tatar xadimi Sona Safiyulina ilə əməkdaşlıq etmişdir. N.Nərimanov türk ədiblərinə böyük rəğbət göstərirdi. Qriqori Kizel N.Nərimanovun şəxsi kitabxanasında saxlanılan Menaqebe Seid Yattal Qazi adlı türk yazıçısının türk dilində nəşr olunan “Hekayələr” kitabının üzərindəki ekslibrisini tapmışdır. Ekslibrisdə N.Nərimanovun adı kiril qrafikası ilə rus dilində və ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunmuşdur.
ARDA-da Qaraçay və Çərkəz muxtar vilayətinin İcraiyyə Komitəsinin sədri Kurciyevin Azərbaycan MİK-in sədri Ağamalıoğluna müraciəti saxlanılır. O, Azərbaycanın məktəblərində onlar üçün kadr hazırlanmasını xahiş edir. Məktub Bakıya Ağamalıoğlunun adına yazılsa da, dərkənarı N.Nərimanov qoymuşdur. Dərkənarda deyilir: “Bunu Qaraçay vilayəti üçün mütləq etmək lazımdır. Seminariyalarda, institutlarda və başqa xüsusi məktəblərdə yer vermək lazımdır”. Məktub 1925-ci il martın 6-da yazılmış, N.Nərimanov martın 7-nə qədər Tiflisdə olmuş, dərkənarı 1925-ci il martın 12-də (ölümünə 7 gün qalmış) qoymuşdur.
Tatar və başqırd xalqlarının görkəmli din xadimi və alimi Rizaetdin Faxretdinovun qızı xatirələrində yazır ki, atası din xadimi olduğundan onun Zaynab və Saqit adlı qızlarını ali məktəbdən xaric edirlər. Atam N.Nərimanov haqqında xoş xəbərlər eşitdiyindən ona türk dilində məktub yazır. Bir müddət sonra xəbər gəlir ki, qızların ikisini də ali məktəbə bərpa ediblər. Onlar ali məktəbi uğurla bitirdilər və onların ailə üzvləri indiyə qədər N.Nərimanovun bu xidmətini unutmurlar.
N.Nərimanov milli təmayüllü siyasətçilər ilə daim əlaqə saxlayırdı, onlar bir-biriləri ilə milli təmayüllü siyasətlərini əlaqələndirirdilər. Kommunist olsa da kommunist ideologiyasına zidd gedən, zəmanəsində türkçü kimi qiymətləndirilən N.Nərimanovla əməkdaşlıq edən və həmfikir olan siyasətçilərdən tatar xalqının dövlət xadimi Sultanqaliyevi birləşdirən milli təmayül ruhu, bir də ümumtürk həmrəyliyi idi. N.Nərimanovu həbs olunmuş Sultanqaliyevlə əməkdaşlıqda ittiham etsələr də o, bu əməkdaşlıqdan imtina etməmişdir. Sultanqaliyevin həmvətənləri onun ağır zamanlarda xalq yolunda göstərdiyi xidmətlərini unutmur, yüksək qiymətləndirir və dərindən öyrənib bu günkü nəslə çatdırırlar.
Türkiyədə nəşr olunan kitabda Sultanqaliyevin arxivindən çıxmış “Azərbaycanlı kommunistlər” adlanan yazıda qeyd olunur ki, o, N.Nərimanovla 1915-ci ildən şəxsən tanış idi və əməkdaşlıq edirdi. Bundan başqa o, Sultan Məcid Əfəndiyevlə, Tağı Şahbazovla, İsrafilbəyovla da tanışlığı və əməkdaşlığı haqda qeyd edir. Lakin sonuncularla əməkdaşlıq, demək olar ki, N.Nərimanovun ölümündən sonra bitmişdir. Sultan Məcid Əfəndiyevlə sonrakı görüşü haqda Sultanqaliyev belə deyir: “Əfəndiyev yoldaş müxalifətlə əlaqələrimiz haqda belə bir baxış ortaya qoydu: N.Nərimanovun zamanında mövcud olan və milli məsələdə Trotski ilə eyni mövqedən hərəkət etmək tezisinə (mövqeyinə) üstünlük verilməyin yanlışlığı ortaya çıxmışdır; bu fəaliyyət tərzini dəyişdirmək və partiyanın MK-sı ilə əlaqələrimizi zorlaşdırmamaq gərəkdir”. Bu yazı Azərbaycanda milli təmayülçülüyün məhz N.Nərimanovun adı ilə bağlılığını bütün açıqlığı ilə göstərir.
Sultanqaliyevin dediyinə görə, bəzən “sağçılar” adlanan milli təmayülçülər, özlərini “milliyyətçi deyil, sosialist kimi tanıdırdılar”. Sultanqaliyevin “sağçılar” (yəni milli təmayülçülər – H.H.) qrupunun məqsəd və hədəfləri, “Müstəmləkə və millətlər məsələsi” adlı yazısından da aydın olur ki, N.Nərimanov SSRİ üzrə bu qrupun aparıcı xadimlərindən idi. Sultanqaliyev xüsusi vurğulayır ki, SSRİ Sovetlərin X qurultayında çıxış etməzdən əvvəl o, məhz N.Nərimanovla millətlər məsələsi ilə əlaqədar partiyadaxili hərəkata başlamaq haqda razılığa gələrək Gürcüstanı bu işə cəlb etmişlər. Kommunist partiyasının XII qurultayında milli məsələlərə dair xüsusi platforma müzakirəyə çıxarılmışdır. Qurultayqabağı müzakirələrdə Sultanqaliyevin və N.Nərimanovun təqdim olunan platforma ilə bağlı fikir ayrılığı aşkarlanmışdır. Onların təşəbbüsü ilə “milli kadrolardan” ibarət fraksiya toplantısı keçirilmişdir. Tatarıstandan Muxtarovun, Gürcüstandan Maxaradze, Mdivani və Tsintsadzenin, Türküstandan Rıskulovun, Qazaxıstandan Mendişev və Mirzə-Qaliyevin iştirak etdikləri bu toplantı N.Nərimanovun və Sultanqaliyevin giriş sözü ilə başlandı. Toplantıda milli məsələlərin əsas prinsipləri üzrə fikir birliyi üzə çıxdı. Eyni platformadan çıxış etmək məqsədi ilə bir neçə komissiya yarandı. Siyasi komissiyaya N.Nərimanov, Maxaradze, Rıskulov, Muxtarov, Korkmazov daxil oldular. Bundan başqa İqtisadi, Hərbi, Sosial-mədəniyyət komissiyaları da təşkil olunmuşdu.
Halit Kakıncın “Sultanqaliyev və milli kommunizm” adlı əsərində Azərbaycan mövzusu geniş işıqlandırılır. Əsərin “Ön söz”ündə müəllif qeyd edir ki, “Azərbaycan lideri N.Nərimanovun məqalələrini topladım”. “Calışma yöntemi” adlı giriş sözündə müəllif Sultanqaliyevin milli ruhlu siyasətinin formalaşmasında Ə.Hüseynzadənin “böyük rol oynadığını”vurğulayır. Əsərin ikinci bölməsində üç paraqraf – “Kazandan Azərbaycana Cedidçilik”, “Azərbaycan-Türküstan xətti və Cedidçilik”, “Əli bəy Hüseynzadənin görüşləri və Sultanqaliyevin düşüncəsinə etkiləri” birbaşa Azərbaycana həsr edilib. Bunlardan başqa, tədqiqata əlavə olaraq Ə.Hüseynzadənin “Sola, sola, sol tərəfə!” yazısının, N.Nərimanovun tərcümeyi-halı və onun V.İ.Leninə “Dəhşətli bir durum yaranmışdır…” sözləri ilə başlanan məktubunun tam mətni verilib. Müəllif “Türkçülük-Turançılıq” haqda maraqlı fikir söyləyir: “Krımlı İsmail Qaspralı ilə başlayıb, Kazanlı Yusuf Akçura ilə sistemləşdirilən, azərbaycanlı Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə qabaqcıl fikirlərə bürünmüş Türkçülük Türkiyədə tamam başqa şəkildə qəbul edilmişdir. Ziya Gökalp ilə rəsmi dövlət fikri formasını almışdır. Nihal Atsız ilə romantik həmfikirlik xüsusiyyəti kəsb etmişdir”. Bu sadalamadan aydın olur ki, qeyd olunan şəxslərin hər biri Türkçülük qarşısında duran vəzifələri öz dövrünə uyğun müəyyən etmişlər. İsmail Qaspralı “dildə, fikirdə və iştə birlik” təklif etdi. Yusuf Akçura isə bu birlik çağırışının reallaşma yolları kimi üç yol təklif etdi: Osmanlı, İslam, yaxud Türkçülük bayrağı altında birləşmək. Əli bəy Hüseynzadə türk xalqlarının inkişafını “türkləşmə, islamlaşma, müasirləşmə”də gördü. Əlimərdan bəy Topçubaşov bu ideyaların reallaşmasını Rusiya müsəlmanlarının öz hüquqlarının təmin edilməsi məqsədi ilə vahid bir siyasi partiya tərkibində birləşməsində və bu yolda mübarizə aparmasında gördü. N.Nərimanov və M.Sultanqaliyev tarixi səhnəyə gəlmiş və getdikcə möhkəmlənməkdə olan rus-bolşevik dövlətçiliyi şəraitində Türkçülük ideyasının yaşamasını və inkişafını “kommunist ideologiyasının çərçivəsində milli təmayülçülük”də görürdülər. Sultanqaliyev qeyd edirdi ki, milli təmayülçülük siyasətinə görə SSRİ-nin yüksək rütbəli xadimi olan N.Nərimanov da daxil olmaqla Şərq respublikaları liderlərinin hamısı təqib olunurdular.
P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb. // enter.az