Lövh-i məhfuz nə deməkdir?

Bizimsesimiz.info // Lövh-i məhfuz olmuş və olacaqların, zamandakı bütün anların və məkandakı bütün varlıqların, bir sözlə, hər şeyin yazıldığı bir İlahi mühafizə lövhəsi; İlahi elmin aynası, qədərin dəftəri, kainatın proqramıdır.

Lövh-i məhfuzun insandakı kiçik simvolu “yaddaş”dır. Yaddaş həyatımızda baş verən hadisələri, gördüyümüz yerləri, tanıdığımız insanları, eşitdiyimiz səsləri, daddığımız dadları, yaşadığımız müddət ərzində qurduğumuz bütün əlaqələri, öyrəndiyimiz bütün məlumatları özündə birləşdirir amma yenə də dolmur.

Yaddaş zəkanın xəzinəsi, təfəkkürün sərmayəsi, mənliyimizin tarixidir. Ruhumuza qoyulmuş ən dəyərli cihazlardan biridir. Yaddaşsız bir ağıl fayda verməz. Çünki biz əvvəlcədən öyrəndiklərimizə əsaslanaraq düşünürük.

Yaddaş əbədi həyatımız üçün də vacibdir. Yaddaş bir sənəd, vəsiqə, sübut funksiyası daşıyır. Axirətdəki sorğu-sual zamanı dünyada işlədiyimiz (qazandığımız) savabları və günahları göstərərək bizə şahidlik edəcək.

Necə ki, insanın başına gələn bütün hadisələr yaddaşına yazılırsa, kainatdakı bütün olmuş, olan və olacaq hadisələr də o böyük yaddaşda yazılıdır. Hər iki “lövhədə” də Rəbbimizin “Hafîz” (qoruyan, mühafizə edən) əsmaları təcəlli edir.

Hər şeyin lövh-i məhfuzda yazıldığı həqiqətini bəzi şəxslər ağıllarına sığdıra bilmir. “Yazılma” dedikdə “hərfi-hərfinə qələmə alınmağı” düşünmək əksik olar. Məsələn, Genlərin düzülüşü yazı yazmaqdan çox fərqlidir. Yaddaşın nəyisə qeyd etməsi də yazı makinasında işləməyə (yazmağa) oxşamır. Bir maqnitofon lentində yaxud video kasetində də sözlər və hadisələr qələmlə yaddaşda saxlanılmır.

Beləcə, hər şeyin və hər hadisənin lövh-i məhfuzun dəftərləri olan imam-ı mübin və kitab-ı mübində yazılmağı bunlardan çox fərqli üsluba malikdir. Bu qeyd olunmanın da hərflərlə, kəlimələrlə bağlılığı yoxdur