Bizimsesimiz.info // Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi sentyabrın 28-indən 29-una keçən gecə saat 03.00 radələrində Azərbaycan Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.

APA-nın xəbərinə görə, məsciddə cənazə namazı qılınıb, Lütfi Zadənin ruhuna dualar oxunub. Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılıb. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçirilib.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olub. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsi idi. Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılandı. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etdi. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olundu.

Dünyaşöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here