Bizimsesimiz.info // Azərbaycan xalqının sənət incisi, kimliyi, milli sərvəti olan muğamlardan söhbət açırıq sizə növbəti “Türk avazı” verilişində. Mətni yazıb və səsləndirir Gülparə Bayram.

Türk oturaq mədəniyyətinin ən möhtəşəm örnəklərindən olan muğam sənəti bütövlükdə Şərqdə, o cümlədən, Azərbaycan türkləri başda olmaqla digər türk xalqları arasında da geniş yer alıb. Azərbaycanda 1300 ildən artiq tarixi olan muğam bünyəsində türk uzun havalarını yaşatmaqdadir. Qəlbimizi, ruhumuzu oxşayan muğamlarımız bu günümüzün tükənməz xəzinəsidir.

Azərbaycan muğam sənəti tar, kamança və qavalin birgəliyindən, qovuşmasından yaranan möhtəşəm rəng çaları ilə təkrarolunmazdır. Muğam dəstgahını sazəndələr üçlüyü – tarzən, kamançaçı və qaval çalan mugənni – xanəndə ifa edir. Təbii ki, üçlüyün başlıca icraçısı xanəndədir.

Tar Azərbaycan muğamının əvəzolunmaz tərkib hissəsidir. Ötən yüzillikdə görkəmli sənətkar Mirzə Sadıq Əsədoğlu tərəfindən  təkmilləşdirilmişdir. Bu el sənətkarı tarın simlərinin sayını 5-dən 11-ədək artırmış, gövdəsini yüngülləşdirmiş, diz üstündən qaldıraraq köksə sıxmış və yeni Azərbaycan tarını yaratmışdır.

Sovet imperiyasının basqısı altında yaşadıgımız dönəmlərdə milli özünüdərkimizə, musiqimizə, ədəbiyyatımıza yaranan təhlükə muğamımızın əsasını təşkil edən tar ifasından da yan keçmədi. Millətin kimliyini unutdurmaq üçün onun milli musiqisini, tarını unutdurmaq istədilər. Tarı səhnədən silmək istəyənlərə Azərbaycan poeziyasının parlaq səhifələrini yazmış Mükayıl Müsfiqin “Oxu tar” harayi səsləndi:

Oxu tar,oxu tar!

Səsindən ən lətif şeirler dinləyim.

Oxu tar, bir qədər

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu tar! Səni kim unudar

Ey geniş kütlənin acısı, şərbəti,

Alovlu sənəti?!

Tar ifasında muğam. Bu ifa qəlbində Vətən sevgisi olan hər kəsin ürək tellərini titrətməyə qadirdir. Toy-düyündə, el şənliklərində xalqımızın sevincinə şərik olan tarımız faciələrimizdə də xalqın yanında olur. 1990-ci ilin Qanlı Yanvarında – saysız-hesabsız şəhidlər verdiyimiz anlarda tar xalqımızın fəryadını dilə gətirdi, şəhid analarının səsinə çevrilib layla çaldı Vətən övladlarına. Bizi həm aglatdı, həm səbr etməyə səslədi. Təsəlli oldu. Qəlbimizə, ruhumuza bir toxtaqlıq gətirdi:

Ramiz, bas sinənə sən qoca tarı.

Bu təzə guşədə çal, sənə qurban.

Şəhidlər qanına boyanan səsi

Zabul-segahına sal, sənə qurban.

  Azərbaycan muğamları ustadların sənətilə cilalanmışdır. Neçə-neçə sənətkar çalıb-oxuduğu hər nəfəs, hər mizrabla muğam sənətində iz qoyub getmiş, adlarını əbədiləşdirmişlər. Rübabə Muradova, Əbülfət Əliyev, Qulu Əsgərov, Hacibaba Hüseynov, Qədir Rüstəmov, Sabir Mirzəyev, Alim Qasimov, Səkinə İsmayilova, Gülüstan Əliyeva, Aygün Bayramova, Elnarə Abdullayeva, tarzən Qurban Pirimov, Əhsən Dadaşov, Həbib Bayramov, Ramiz Quliyev, kamança ifasına öz möhürünu vurmuş Habil Əliyev və adlarini çəkə bilmədiyimiz neçə-neçə ölməz sənətkarlarımız.

Ruhumuzun qidası olan muğamlarımızın hər birinin öz rəngi, çaları, anlamı vardir. Rast muğamı mərdlik rəmzi, zəkanın, ağlın təntənəsi və muğamlarımızın anası sayılır. Qəlbimizdən süzülən kəlmələri Şur üstə söylərsək, daha təsirli olur. Məhəbbətimizi Segahda tərənnüm edər, kədərimizi Şüştərlə anladarıq. Humayundakı şahanəlik dərin faciə ilə uzlaşır. Cahargah cəngdir, savaş meydanıdır. Mugamlarımızın gəlinidir Bayatı-Şiraz. Daha çox Məhəmməd Füzuli və Əliağa Vahid şeiriyyəti üzərində səsləndirilən muğamlarımızda ilahi eşqə xitab var.

Xalq şairimiz Bəxtiyar Vahabzadənin qələmindən süzülərək bu sətirlərə düzülən misralarda bir daha anlayıq muğamın eşq fəlsəfəsini:

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.

Haqqa düşmən olanı haqqa tapındırdı mugam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,

Kürü ahıyla qurutdu, salı yandırdı muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab.

Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına.

Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

O, ürək yangısı, göz yaşları, bir çəngə bulud.

Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Dəfn edin siz məni Zabul-Segahın mayəsinə,

Deyirəm bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram.

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Qanımıza, canımıza hopmuş, iliyimizə işləmiş bəşəri sərvətimiz muğamlarımız ruhun qidası olmaqla əlacsiz dərdlərə də dəvaymış. XIII əsrdə yazib-yaratmış Şeyx Mahmud Şəbüstəri fəlsəfi, romantik və tibbi “Gülüstani-Raz” əsərində yazırdı ki, o dövrdə insanları muğamla müalicə edirlərmiş. Bu isə muğamın nə qədər ilahi bir səs çalarına, qüdrətə malik olmasını göstərir və bu gün də araşdırılmasına böyük ehtiyac oldugunu subut edir.

2003-cü ildə Azərbaycan muğamlarının bədii dəyəri, yüksək mənalılığı YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən etiraf olundu. Bu gün Azərbaycanda muğamla bağlı böyük layihələr həyata keçirilir, bu sənət dünya miqyasında təblig olunur və yaşadılaraq gələcək nəsillərə ötürülür.

Azərbaycan xalqının qan yaddaşında, ruhunda özünə əbədi məskən salan muğam “məqam” sözündəndir. Məqam pillə-pillə eşq mərtəbəsinə yüksəlməkdir. Muğam dinləyərkən ilahi eşqi duyuruq, elə buna görə biz muğama dönə-dönə qayıdırıq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here