Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mətbuat Şurasının nümayəndələri, həmçinin bir sıra qəzet və jurnalların redaktorları, əməkdaşları Milli Mətbuat Günü münasibəti ilə iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulmuş, böyük mütəfəkkirin xatirəsi anılmışdır.

Milli mətbuatımızın banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və başqaları əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışmışlar.

Vurğulanmışdır ki, Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012–ci il 4 iyun tarixli Sərəncamına əsasən, artıq Zərdab və Gəncədə tədbirlər keçirilmiş, bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Bildirilmişdir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda fikir və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır.

Azərbaycanda milli mətbuatımızın yubileyi ilə bağlı tədbirlərin keçirilməsinin artıq xoş ənənəyə çevrildiyini deyən natiqlər vurğulamışlar ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here