Makron: “Kimyəvi silah tapılsa, Suriyanı vuracağıq”
Bizimsesimiz.info hurriyet.org saytına istinadən xəbər verir ki, Suriyada kimyəvi silah məsələsi ilə bağlı ultimatum verən Fransa prezidenti Makron deyib: “Əgər kimyəvi silah istifadə edildiyi aşkar edilərsə, Fransa o zaman aşkar eiləcək kimyəvi silah anbarlarını məhv etmək üçün hücumlar edəcək”.
Fransa prezidenti Emmanuel Makron, Suriyada kimyəvi silah anbarlarının yerini aşkar edəcəkləri halda təkbaşına məhv edəcəklərini bildirib. Makron, aralarında “Le Fiqaro”nun da olduğu bəzi Avropa mərkəzli mətbuat orqanları üçün mətbuat konfransı keçirib.
“Təkbaşına vurarıq”
“Suriyada kimyəvi silahlardan istifadə edilməsi məsələsində qırmızı xətt keçilərsə, Fransa təkbaşına vura bilərmi?” sualının cavabında Makron deyib: “Bəli. Qırmızı xətlər olduğu zaman, buna necə hörmət bəslənilməsini bilmirsinizsə, deməli, zəif olmaq qərarını vermisiniz. Əgər kimyəvi silahdan istifadə edildiyi ortaya çıxarsa, Fransa o zaman, aşkara çıxarılan kimyəvi silah anbarlarını məhv eləmək üçün hücumlar həyata keçirəcək”.
Suriya məsələsi ilə bağlı diplomatik və siyasi yol xəritəsinin lazım olduğunu vurğulayan Makron, hərbi yolla problemin həll edilə bilməyəcəyini bildirib. Bəşər Əsədin hakimiyyətdən getməsinin hər şeyin ilkin şərti olduğunu demədiyini söyləyən Makron deyib: “Heç kim məni onun qanuni varisi ilə tanış eləməyib”.
“Xüsusilə Rusiyanın yardımına ehtiyacımız var”
Makron, terrorçu qruplarla sona qədər döyüşəcəklərinə, terror hücumlarının bu bölgələrdən qaynaqlandığına işarə vuraraq deyib: “Onların kökünü məhv eləmək üçün hamının yardımına ehtiyacımız var. Xüsusilə də, Rusiyanın”.
Suriyadakı sabitliyin mühüm olduğunu söyləyən Makron, terrorçu qruplaşmaların özünü idarə edə bilməyən dövlətlərdə özünə yer tapdığını bildirib.
Makron deyib: “Kimyəvi silahdan istifadənin cavabı olacaq. Bu cavabı Fransa təkbaşına da verə bilər”.