Milli Dram Teatrında mövsümün yeni tamaşası-“Cəhənnəm sakinləri”
Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq Yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində Azər Dadaşovun musiqisindən istifadə olunub. Tamaşada Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, və Xədicə Novruzlu iştirak edəcəklər.
145-ci teatr mövsümünün ilk premyerası olan tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiyalardan bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilir. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Bizimsesimiz.info



