Misir Kürdüstana uçuşları dayandırdı
Bizimsesimiz.info // Misirin “Egypt Air” milli aviasiya şirkəti sabahdan etibarən İraq Kürd Regional Hökumətinə hava uçuşlarını dayandıracağını açıqlayıb.
“Egypt Air” tərəfindən edilən yazılı açıqlamada, “İraq Mülki Aviasiya Təşkilatının qərarına əsasən 29 sentyabrdan etibarən Kürdüstanın nəzarətində olan Ərbil hava limanına uçuşlar ikinci əmrə qədər dayandırılıb.”, -deyə qeyd olunub.
Xatırladaq ki, İraq Mülki Aviasiya Təşkilatından bu səhər verilən yazılı bəyanatda xarici şirkətlərin Ərbil və Süleymaniyyə hava limanlarına doğru bütün uçuşlarını sabahdan etibarən təxirə salması tələb edilmişdi.
Baş nazir Heydər əl-Abadi dünən təşkil etdiyi mətbuat konfransında, kürdlərin əlində saxladığı sərhəd və hava limanlarının nəzarətini 3 gün içərisində Bağdada təslim etməməsi halında Kürdüstana cüt istiqamətli bütün beynəlxalq uçuşları dayandıracaqlarını söyləmişdi. Misirdən əlavə Livan da Kürdüstan Regional Hökumətinə uçuşları təxirə salıb. //eastnews.org