Mobil telefonların insan orqanizminə yalnız zərəri var. Araşdırmalar belə deməyə əsas verir. 10 il ərzində gündə 17 dəqiqə smartfondan istifadə etmək xərçəng şişlərinin 60 faizə qədər inkişafına təkan verə bilər.

Bizimyol.info xəbər verir ki, mobil telefonlar və insan orqanizmi ilə bağlı 46 tədqiqatın nəticələri ortaya belə qənaət çıxarıb. Kaliforniya Universitetinin mütəxəssisləri nəticəni ictimaiyyətə təqdim edib. Mütəxəssislərin rəyinə görə, mobil siqnallar hüceyrə mexanizminə təsir göstərir. Bu isə zülallar üçün stress vəziyyəti yaradır. Həmin durum DNT-ni zədələyir. Beləcə, xərçəng şişləri qıcıqlanır, hətta hüceyrələr məhv olur.

Kaliforniya Universitetinin mütəxəssisləri əvvəlki tədqiqatları da gözdən keçirib. Yeni araşdırmanın müəlliflərindən olan Coel Moskovits mobil telefonları bədəndən mümkün qədər uzaq tutmağı tövsiyə edir. Onun məsləhətinə görə, ən yaxşısı stasionar telefonlara üstünlük verməkdir. Moskovits Wi-Fi və “Bluetooth”un istifadə edilmədikdə söndürülməli olduğunu düşünür.

“Telefon bədəndən azı 10 düym (25.4 sm) məsafədə olmalıdır. Cihazı çantada gəzdirmək ən doğrusudur. Cibinizə qoyacaqsınızsa, telefonu uçuş rejiminə keçirin”, – araşdırmanın müəllifi deyir.

Moskovits yuxu zamanı telefonu başqa otağa qoymağı məsləhət görür. Bu mümkün deyilsə, cihazın baş nahiyəsindən uzaq tutulmalı olduğu bildirilir. Zəngə isə mikrofonla cavab vermək məqsədəuyğun sayılır.

Kaliforniya Universitetinin elmi işçiləri Seul Milli Universitetinin Onkologiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib. Mütəxəssislər bununla daha dəqiq göstəricilər əldə etməyə çalışıb.

“Cancer Research UK” təşkilatının rəhbəri Mişel Mitçell ictimaiyyətə belə qəti nəticələr təqdim etməyin tərəfdarı deyil. Onun sözlərinə görə, indiyə qədər həyata keçirilən araşdırmaların əksəri mobil cihazların xərçəng ehtimalı yaratması fikrini dəstəkləməyib. Böyük Britaniyanın Səhiyyə Nazirliyi də təxminən belə fikir ortaya qoyub. Nazirlik təkzibedilməz sübutların çatmadığını vurğulayıb.

Moskovits bildirir ki, indiyə qədər həyata keçirilən araşdırmaların zərərdən danışmamasının əsas səbəbi tədqiqatları mobil telefon istehsalçılarının maliyyələşdirməsidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here