“Getsinlər, “Pedaqogika”nı öyrənsinlər. Şagirdin cəzalandırılması tənbeh etmək, danlamaq, töhmət vermək, bir sinifdən başqa sinfə yerini dəyişməkdir”

“Ölsən də qəssab oğlu, sənə ərəb dilini öyrədəcəyəm”, deyən müasir müəllimlər var”

Şagirdlərin müəllim tərəfindən döyülməsi nə yazıq ki, ölkəmizdə adi – təbii – zəruri – mütləq hal və hətta milli dəyərlərimizin ayrılmaz parçası hesab edilir. Bir neçə gün öncə Tovuz rayonunun Qalaboyun tam kənd orta məktəbi müəlliminin şagirdi döyməsinin videosu yayıldı. Sonra müəllimdən açıqlama gəldi ki, “döymürəm, başa salıram”.

Şagirdin döyülməsi bir yana, hadisəyə münasibətlər də heyrətlidir.

Hansısa müəllimin şagirdə şapalaq vurduğuna ətrafımızdakı adamların 5-dən 4-nün “əşşi, uşaq müəllimi gör necə bezdirib ki, əl qaldırıb da! İndiki uşaqlar uşaqdı bəyəm?!” təpkisinə şahidlik edirik. Sanki məktəb cəzaçəkmə müəssisəsidir və özünü pis aparan, müəllimin sözündən çıxan, şuluqluq salan şagird mütləq şillələnməli, qapazlanmalıdır. Qədimdə mədrəsələrdə falaqqa varmış, dərsini öyrənməyən uşaqların ayağını falaqqaya qoyub altına nazik çubuqla vururlarmış. Bizim filmlərimizdə də şillə-təpik-şapalaq səhnələri boldur. “Dəli Kür”dəki mədrəsə səhnəsi bu mənada unikaldır. Uşağı təpəsi aşağı halda falaqqaya bağlayıblar, ayağının altına çubuqla vururlar. Molla Sadıq da bu cəza üsulunun dərs öyrətmək məqsədi daşıdığını deyir: “Ölsən də, qəssab oğlu sənə ərəb dilini öyrədəcəyəm”. O filmə baxanda həmin kök oğlanın halına acıyardıq. Hətta uşaq ağlımızla əsəbiləşərdik ki, bu “eyzəbər ə, beyzəbər bə, teyzəbər tə” demək belə çətindi ki, uşaq bunu deyə bilmir?!ё Niyə “tə” əvəzinə israrla “tı” deməkdə davam edir ki, şallaq da “yeyir”. Filmdə bu səhnənin daşıdığı gizli mənanı qoyaq bir kənara. Mövzu bu deyil. Mövzu, ölkəmizdə və milli mentalitet adlanan mənəvi dəyərlərimizdə müəllimin şagirdi döyməsinə dözümlü və haqverən yanaşmanın hələ də möhkəmliyini qoruyub saxlamasındadı. Başqa bir filmimiz də var. “Bizim Cəbiş müəllim”. Bizim Cəbiş müəllim həqiqətən də uşaqların müəllimidir. Sinifdə fiziki təcrübə aparmaq üçün lazım olan at quyruğundan bir parça kəsən uşağın faytonçu tərəfindən qamçı ilə vurulmasına Cəbiş müəllim necə sərt yanaşır; ay insafsız, uşağı da belə vurarlar?!

Cəbiş müəllim kimi müəllimlərin hansısa, hətta ən nadinc, sözəbaxmayan, sinifdə şuluq salan uşağa əl qaldıracağı heç cür təsəvvürə gəlmir. Uşağa dərs öyrətməyin, dərs oxumağa vadar etməyin yolu fiziki təzyiqdənmi keçir?

Uşağı döyə-döyə öyrətməzlər

Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev “Şərq”ə açıqlamasında pedaqogikanın öz qayda və tələbləri olduğunu dedi:

– Fiziki təzyiq, şagirdin döyülməsinin heç bir əsası, məntiqi izahı ola bilməz. İstənilən insana qarşı fiziki zor qanun pozuntusudur. O ki olsun, şagird, məktəbli. Təəssüf ki, bizim bəzi müəllimlərin pedaqogikadan anlayışları yoxdur. Elə bilirlər, cəzalandırma üsulu uşağı döymək, vurmaqdır. Pedaqogikada cəzalandırma və rəğbətləndirmə qaydaları var. Getsinlər, “Pedaqogika”nı öyrənsinlər. Şagirdin cəzalandırılması tənbeh etmək, danlamaq, töhmət vermək, bir sinifdən başqa sinfə yerini dəyişməkdir. Bunları etməyə müəllimin hüququ var. Amma şagirdə fiziki güc tətbiq etmək, vurmaq, döymək qətiyyən olmaz. Müəllimə şagirdə bir çırtma da vura bilməz. Hətta ibtidai siniflərdə uşaqların tənbeh məqsədilə güncdə saxlanması da fiziki bir hərəkətdir və onun da şagirdlərə tətbiq edilməsi məqsədəuyğun sayılmır. Yuxarı siniflərdə bunu heç etmək olmaz. İbtidai siniflərdə isə bəzən bu metoda əl atılır. Amma yaxşı olar ki, etməsinlər. Çünki pedaqogikada şagirdin cəzalandırılması metodlarına bu, aid deyil. Bu hadisədə məktəb rəhbərliyi də günahkardır. Deməli, bu məktəbdə təlim-tədris prosesi düzgün qurulmayıb, valideynlərlə məktəbin əlaqəsi zəifdir, valideynlərlə görüşmürlər, ailələrlə maraqlanmırlar. Elə ailələr var, eqoistdirlər, öz uşaqlarını hamıdan üstün bilirlər. Bilirsiz, mən ailələr barəsində “imkanlı, imkansız” ifadələrini işlətmək istəmirəm. Çünki insanlara münasibət insanın tipindən asılıdır. Elə insanlar var, təkəbbürlüdürlər və bu xüsusiyyət onların varlı-kasıb olmasından da asılı deyil. Elə imkanlı ailələr var ki, mərifətli, alicənabdırlar. Böyük-kiçik yeri biləndirlər. Bəziləri də fərqlidir. Yəni, insanın müəllimə və ya şagirdə, başqa birisinə münasibəti onun imkanlı-imkansız olmasından asılı deyil. Amma varlı, vəzifə sahibi olan valideynlər də var ki, uşaqlarına bir kimsənin “gözün üstdə qaşın var” deməsini qəbul etmir. Bilirsiz, bunlar hamısı ailədə tərbiyədən asılıdır. Uşağın necəliyi də ailənin göstəricisidir. Hər uşaq bir ailədən çıxır və məktəbdə də, cəmiyyətdə də ailəsini təmsil edir. Ona baxıb ailəsinə, ata-anasına qiymət verirlər. Bəzən deyirlər ki, şagird müəllimi hövsələdən çıxarır. Müəllimin vəzifəsidir ki, şagirdin valideynini məktəbə dəvət etsin, ona uşağın dərsdə özünü necə apardığını bildirsin. Bundan sonra əgər şagirdin əxlaqında, davranışında müsbət dəyişiklik olmursa, o zaman müəllim bu haqda məktəb rəhbərliyinə bildirməlidir. Və bu uşaqla bağlı məktəb rəhbərliyi qərar verməlidir. Amma heç bir halda uşağa qarşı fiziki zor, döymək, vurmaq tədris metodikası hesab edilə bilməz. Uşağı döyə-döyə öyrətmək arxaik təfəkkür tərzinin məhsuludur.

“Uşaqlar evdə də, çöldə də qapazaltıdır”

“Təmiz Dünya” İctimai Birliyinin hüquqşünası Məlahət Nəqiyeva uşaqlara qarşı zorakılığın təkcə məktəbdə deyil, ümumiyyətlə cəmiyyətdə artdığını söylədi:

– Biz qadın hüquqları ilə bağlı tez-tez məhkəmə proseslərində iştirak edirik. Bəzən ailə münaqişələrinin həlli zamanı uşaqlar da məhkəməyə dəvət edilir. Onda görürük ki, uşaq atasının onu döydüyünü deyir və buna görə də anası ilə yaşamaq istədiyini bildirir. Deməli, ailələrdə uşaqlara qarşı şiddət, zorakılıq faktları mövcuddur. Uşaqlar təkcə məktəbdə, ictimai yerlərdə zorakılığa məruz qalmır, ailə daxilində də uşaqlarla kobud davranılır, tez-tez döyülür, təhqir olunurlar. Bütün bunlar uşaqların psixologiyasına çox mənfi təsir edir və onların hafizəsində dərin iz buraxır. Valideynlər birdəfəlik anlamalıdırlar ki, fiziki zora məruz qalmış, həm özünün, həm də valideyninin döyüldüyünü müşahidə etmiş uşaq böyüyəndə zorakılığa meyilli olur. Çox zaman uşaqların tərbiyəsində yanlışlığa yol verilir. Məsələn, bəzi valideynlər çalışır ki, məhz onların övladı üstün olsun. Səni vurublarsa, sən də vur, prinsipi ilə uşaqlarını böyüdürlər. Sinifdə dava-dalaş salan da belə mühitdə böyümüş uşaqlar olur. Müəllimənin günahı budur ki, sinifdəki uşaqların xarakterinə bələd deyil. Müəllimə hər bir uşağı yaxşı tanımalıdır, kiminlə necə rəftar edilməsini bilməlidir. Ailələri də tanımalıdırlar, hansı ailə mehribandır, səmimidir, hansı ailə dikbaşdır. Şagirdlərlə də buradan çıxış edərək rəftar edilməlidir.

M.Nəqiyeva hesab edir ki, məktəblərdə baş verən insidentlərdə yalnız məktəbi günahkar bilmək düzgün deyil:

– Məktəblə ailə qarşılıqlı əlaqədə olmalıdır. Uşaq günün bir neçə saatını məktəbdə olur, böyük hissəsini isə evdə. Uşaq evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Məktəbin əhəmiyyətli rolu bundan ibarətdir ki, o, uşaqların düzgün təlim-tərbiyəsini təşkil etməlidir, uşaqları düzgün istiqamətə yönləndirməlidir. Ailənin öz vəzifəsi, məktəbin öz vəzifəsi var. Şagird özünü pis aparırsa, ilk növbədə valideyn məktəbə dəvət edilməli, onunla söhbət aparılmalıdır. Şagirdlərin müəllim tərəfindən tənbeh edilməsi pedaqogikanın bir üsuludur. Ancaq hər şagird öz yaş dövrünə görə tənbeh edilməlidir. Amma təəssüf ki, bizdə müəllimlərin şagirdləri vurması, döyməsi faktları həmişə olub. Elə müəllimlər var ki, danışıqları çox kobuddur, uşaqlarla kobud davranırlar. Məktəblərdə psixoloqlar olmalıdır və onlar müəllimlərlə də, şagirdlərlə də daim işləməlidirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here