“Myanmada yüz minlərlə müsəlman öldürülür, heç kimin vecinə deyil”

Bizimsesimiz.info  // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasını Myanmada müsəlmanlara edilən zülmə qarşı həssas olmağa çağırdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gənc Qadınların Liderlik Toplantısında iştirak etdi.

Toplantıda çıxış edən prezident Arakan müsəlmanlarının çətinliklərindən danışdı, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində problemi dilə gətirdiklərini, lakin  Pakistan, İran, İndoneziya, Banqladeş istisna olmaqla, digər ölkələrin bu problemə laqeyd qaldıqlarını söylədi.

Ərdoğan:”Myanmada yüz minlərlə müsəlman öldürülür, heç kimin vecinə deyil” dedi.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Salmanın ölkəsinin “mötədil İslam”a qayıdacağı barədə açıqlaması ilə bağlı fikir bildirərək:”Mötədil İslam deyirsən, bir xanıma avtomobil sürməyə imkan vermirsən. İslamda buna aid hökm yoxdur. Belə bir anlayış ola bilməz. Mötədil, və ya qeyri-mötədil İslam deyilən bir şey yoxdur. İslam birdir. Qurani Kərimdə necə təsvir edilirsə, elədir” dedi.

Ərdoğan  Avropa ölkələrindəki hicab qadağası məsələsinə də toxunaraq:”Müsəlman qadınların həyatda iştiraklarının qarşısının alınmasına çalışılır. Hər fürsətdə bizə demokratiya və insan haqları dərsləri verənlər öz ölkələrində təməl insan hüquqlarının tapdalanmasını təəssüf ki, alqışlayırlar. Türkiyə bu ədalətsizliyə və ikili standarta diqqət çəkən az sayda ölkələrdən biridir” deyə danışdı.

Prezident çıxışında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin quruluşunu tənqid edərək: “Hər inanc qrupunun,  hər etnik qrupun yer alacağı bir BMT Baş Məclisi yaradaq. Dünya özünü  BMT Baş Məclisində görsün. Hazırda dünyanın bütün ölkələri BMT Baş Məclisində təmsil olunmur. Belə bir quruluş ədalətli bir quruluş ola bilməz” dedi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.