Son günlər bir tərəfdən dəm qazının, digər tərəfdən yol-nəqliyyat qəzalarının qurbanlarının sayı artmaqdadır. Təkcə bir həftənin statistikası dəhşətlidir.
Məsələn, ötən gün Gəncədə 30 yaşlı qadın dəm qazından boğularaq ölüb. Məlumata görə, 3 uşaq anası olan qadın bu gün yaxınlarından birinin toyuna hazırlaşarkən vanna otağında boğulub.
Noyabrın 23-də Bakıda 23 yaşlı tələbə də dəm qazının qurbanı olub.
Bir neçə gün öncə isə Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş vermişdi. Rayonun Qızılağac kəndində baş verən hadisədə ailənin 7 üzvü dəm qazından zəhərlənib. Onlar evdə yatdıqları zaman zəhərləniblər.
Rayonun Qaraçala qəsəbəsində isə ailənin 3 üzvü, ana və iki azyaşlı övladı  dəm qazından zəhərlənib hamamda çimərkən dəm qazından zəhərləniblər.
Ötən həftə isə Qubanın 55 yaşlı sakini dəm qazından zəhərlənərək, dünyasını dəyişib.
Dəm qazı ilə bağlı ölüm faktları artdığından Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, bildirib
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:
“Qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!” Nazirlik sonda onu da qeyd edib ki, təhlükə zamanı şəxslər 112 xidmətinə müraciət edə bilər.
Qeyd edək ki, ötən il millət vəkilləri də qaz təhlükəsi ilə bağlı yaranan təhlükələri önləmək üçün mənzillərdə detektorların məcburi quraşdırılmasını təklif etmişdi. Hətta bu məsələnin qanunvericilikdə yer alması təklifi də verilmişdi.
Qeyd edək ki, mətbuatda vaxtaşırı bu mövzu ilə bağlı maarifləndirici yazılar dərc edilir. Mütəxəssislər hər zaman insanlar təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. O cümlədən mütəxəssis Nüsrət Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:
“Bu cür hadisələr insanların məsuliyyətsizliyindən, qaz qanunlarına məhəl qoymamasından qaynaqlanan məsələdir. Dəfələrlə bu barədə  müzakirələr, maarifləndirmə işləri aparsaq da ki, qaz minadan da təhlükəlidir, buna əhəmiyyət vermirlər”.
Mütəxəssis evlərə buraxılan qazın zəhərli olması ilə bağlı yayılan iddialara da münasibət bildirib:
“Qaz özü zəhərli deyil. Doğrudur, onun partlama həddi var. Lakin otağa  15 faizə qədər metan qazı toplananda artıq partlayış üçün hazır olur. Buna görə də ehtiyatlı olmaq, tədbirlər  görmək, qazın qanunlarına hörmət etmək lazımdır. İstənilən məkana, cihaza qaz quraşdırmaq, qarşıya çıxan qohum-qonşu ustaya qaz işi gördürmək olmaz. Qaz işini  görən usta qazla təhlükəsizlik qaydalarını bilməlidir, lisenziyası, sertifikatı, təhsili olmalıdır. Amma niyəsə insanlar fəlakətlə üzləşməyənə qədər buna inanmaq istəmir.
Bunu birmənalı bilmək lazımdır ki, qaz yanan otaqda o cümlədən  mətbəxdə, hamamda havalandırıcı kanalı olmalıdır. Həmçinin pəncərə gözlüyü olmalı, qapı  bayıra açılmalı, təbii işıq mənbəyi olmalıdır. Çalışmaq lazımdır ki, qaz külək vuran tərəfdə quraşdırılmasın ki, külək onu vurub keçirsin.
Bədbəxt hadisələr ən çox hamam otaqlarında olur. Bu səbəbdən hamam otaqları standartlara uyğun olmalıdır. Hamamın hündürlüyü 2.20 m, həcmi 7,5 kubmetr olmalıdır, mətbəxin həcmi minimum 15 kubmetr olmalıdır. Hər ikisində pəncərə gözlüyü, ventilyasiya kanalları qurulmalıdır, tüstü bacaları işlək vəziyyətdə olmalıdır. Bundan əlavə, hamamın qapısı bayıra açılmalıdır. Çünki içəridə kiminsə vəziyyəti pis olduqda qapının ağzına yıxılır. Qapı içəri doğru sındırıldıqda isə həmin insana zərər dəyə bilər. Əgər bu standartlar təmin olunmursa, insan tələfatı qaçılmaz olur. Məsələni daha dəqiq izah etsək, 1 kubmetr qazın yanması üçün bundan 10 dəfə artıq həcmdə  oksigen lazımdır. Oksigen çatışmayanda həmin təbii qazdan karbon (IV) oksid əvəzinə karbon monoksid ayrılır. Bu da zəhərli dəm qazıdır ki, xalq arasında  “uqar” da deyilir. Karbon (IV) oksid zəhərsiz olsa da, karbon monoksid  zəhərlidir. İnsanın səhhətindən və konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər ölümə səbəb olan bir qazdır. O səbəbdən insan hamamda çimən zaman hamam qapısının aşağı hissəsində hava gəlməsi üçün yer olmalıdır. Orada açıq yer olmadıqda içəri hava daxil olmur, bu zaman içəridəki havanın oksigeni yanmaya kömək edir, tüstü bacasından çıxaraq atmosferə atılır. Hava çatışmadıqda isə həmin dəm qazı əmələ gəlir”.
Dəm qazı təhlükəsindən xəbərdar edən cihazlara gəldikdə isə klapan adlı bu cür cihazlar əsasən iki hissədən ibarətdir. Qəbuledici hissəsi mətbəxdə birləşdirilir, klapanı isə bayırda, sayğacdan öndə qaz xəttinə birləşdirilir. Mənzildə dəm qazı olduqda elektromaqnit dalğaları göndərilir və klapan dərhal qazın verilişini dayandırır. Dövlət qurumları və vətəndaşlar qeyd olunan məsələlərə  əməl edərsə, bu qış mövsümündə dəm qazından ölüm hallarının minimuma endirir.
Yol qəzalarının statistikasına gəldikdə isə, rəsmi məlumata görə təkcə ötən həftə sonu, 23-24 noyabr tarixlərində 6 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bəs payız-qış mövsümündə yol-nəqliyyat hadisələrindən necə qurtulaq?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a danışıb:
“Çox təəssüf ki, bəzi sürücülərimiz havalarn soyuması, yağışların başlaması şəraitinə çox gec uyğunlaşır, hətta qış boyu uyğunlaşmayanlar da var. Hətta bəzi piyadalar da  yol hərəkəti qaydalarını pozur, həm özlərinin həm də sürücülər üçün təhlükə yaradır. Təəssüf ki, bəzən bu məsuliyyətsizliyin sonu faciə ilə nəticələnir. Sürücülər bəzən avtomobilin qış rejiminə hazır olub-olmamasının yoxlamadan uzaq səfərlərə çıxır, avtomobilin hava filtrini təmizləmir, bu zaman salonda pis hava yaranır ki, bu da sürücü rol arxasında yuxulayır. Digər tərəfdən təkərlər qaydasında olmur.
Peşəkar olmayan sürücülər tez-tez səfərlərlə çıxır, qarlı-buzlu yollarda rayonlara gedirlər. Nəticədə ağır qəzalar baş verir.
Adi avadanlıqlar olur ki, onu vaxtında təmir etmirlər. Məsələn, qarlı havada yola çıxarkən mütləq təkər üçün nəzərdə tutulan zəncirlərdən istifadə etmək lazımdır. Elə avtomobil var ki, buzun üstündə heç bir saniyə də dayana bilmir. Azacıq sürüşmə olan kimi, arxa-qabağı bir-birinə qarışır.
Daha bir məsələ, yolların işıqlandırılmasıdır. Bəzən bu işıqlandırma çox zəif olur. Şaxtalı, çiskinli havada görüntü məhdudlaşır. Aidiyyəti qurumlardan xahiş edirəm, pis hava şəraiti zamanı yolların işıqlandırılmasını gecələr məhdudlaşdırmasınlar, bu ağır fəsadlara gətirib çıxarır”.
Bəzən sürücülər yolda hansı nişan qoyulubsa, sürəti ona görə uyğunlaşdırır. Lakin  yol-hərəkəti qaydalarında bildirilir ki, sürücü mütləq pis hava şəraitində sürəti uyğunlaşdırmalıdır. Sürücü bilməlidir ki, sürəti normal hala salmalıdır ki, ən azı 150 metr önü görməlidir.
Piyadalar da çiskinli havada, görüntü məhdud olduğu zaman harada gəldi yolu keçir. Bəzən sürücü onu görmür və piyadanın vurulması hadisəsi baş verir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here