“Nəsib bəy onun xidməti maşınından istifadə etdiyi üçün bacısını danlamışdı”- AXC-100
Bizimsesimiz.info // Bu dəfəki yazıda AXC-nin iki məsul şəxsi – baş nazir Nəsib bəy Yusifbəyli və parlament sədri Həsən bəy Ağayevlə bağlı iki faktı təqdim edəcəyik. Hərəsinə aid bir kiçik fakt… Həcmcə kiçik olsalar da, məzmunca mahiyyətcə böyük olan bu faktları hamımızın bilməsi zəruridir. Başlayaq, Nəsib bəydən…
1919-cu ildə Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin baş naziri olduqdan sonra birinci dəfə olaraq Gəncəyə gəlir. Burada ona çox böyük təntənəli qarşılanma mərasimi verilir. Eyni zamanda ata evində onun şərəfinə nahar düzəldilir. Nələrsə süfrədə çatmırmış. Bacısı Şüküfə xanım istəyir ki, piyada bazara getib, çatışmayan ərzaqları alsın. Bu zaman Nəsib bəyin sürücüsü onu avtomobilə mindirərək lazımı yerə aparır və gətirir. Bundan narazı qalan Nəsib bəy bacısına deyir: “Axı ay bacım, bu dövlətin avtomobilidir, axı bu dükan-bazar yolu üçün deyil”.
Çox söz deyə bilərik. Amma məncə, artıq söz yazmağa zərrə qədər gərək yox…
İkinci əhvalat ( əslində, çox böyük məram və insaniyyət ensiklopediyası) isə Həsən bəy Ağayev barəsindədir.
Azərbaycan Cümhuriyyətinin Parlamentinin sədri Həsən bəy Ağayevin nəvəsi Sevda xanımın dediklərindən: “Nənəm danışırdı ki, Həsən bəy həkim işləyəndə yaxşı dolanırdıq, ən çox korluğu onun parlaman sədri işlədiyi dövrdə çəkmişik. Dövlət yeni yaranırmış, kasıb imiş, parlamentin katibliyini maaşla təmin etməyə pul çatmırmış. Babam öz maaşını katibliyin işçiləri arasında bölüşdürürmüş. Bəzən, çatmayanda xahiş edər, 2-3 aylıq məvacibini alıb tabeçiliyində olan işçilərə paylayarmış. Nənəm deyirdi ki, soruşdum, bəs biz necə dolanaq? Babamın cavabı isə belə olub:
-Dözümlü ol, ay Xədicə ,sənin müəllimə maaşın bizə kifayətdir.Hə olar ,bir az qənaətlə yaşayarıq”, təsəllisi ilə başımı qatardı ”
(moderator.az)