Nəyə görə iki dövlət prinsipi ilə həll yolu tarixə qovuşmaq istəmir? (TƏHLİL)
Sentyabr ayı fələstinlilər üçün acı xatirələr və ildönümləri ayıdır. Bu ayda yad edilən keçmişdə baş vermiş acı hadisələrin hər biri fərqli insidentlər olsa da, hamısının mahiyyəti eynidir: Fələstin xalqının başına qənim kəsilən İsrail yalnız öz mənfəəti istiqamətində davranan təcavüzkar bir rejimdir və öz məqsədlərinə çatmaq üçün heç nədən çəkinən deyil. Bu rejim heç vaxt fələstinlilərlə, yaxud digər ərəb ölkələrilə əməkdaşlıq və birgəyaşayış məsələsində maraqlı olmayıb.
1948-ci ildə yeni başlamış İsrail-Fələstin münaqişəsində vasitəçilik etmək üçün bölgəyə ezam edilmiş BMT nümayəndəsi Folk Bernadot həmin il sentyabrın 17-də Qüdsdə sui-qəsdin qurbanı olur. Olduqca bacarıqlı diplomat olan Bernadot kübar biri kimi tanınırdı, o, həmçinin İsveç kralının nəvəsi idi. Onun ölümü ölkəsi və diplomatiya ictimaiyyəti üçün böyük itki idi. Bernadotun xaincəsinə qətli eyni zamanda yeni yaradılmış İsrail tərəfindən öz yurdlarından qovulmuş 700 min fələstinli qaçqının da ümidlərinə böyük zərbə vurdu.
Yüz minlərlə insanın öz evlərindən qovulduğunu görən isveçli diplomat İsrail rəhbərlərinin inadkarlığına son qoymaq və qaçqınların öz yurdlarına qayıtmasını təmin etmək üçün hərəkətə keçmişdi. Məhz bu səbəbdən nüfuzlu diplomat çirkli siyasətin hədəfinə çevrilir. Onun qatilləri “Lehi” təşkilatının üzvləri idilər. Yəhudi terror təşkilatı kimi fəaliyyət göstərən bu qrup “Stern Gang” kimi də tanınırdı. Cəzalandırılmaq əvəzinə bu məxfi terror təşkilatının üzvü olmuş İshaq Şamir 1983 və 1986-cı illərdə – iki dəfə İsrailin Baş nazirliyinə seçilir.
Puç ümidlər
Bernadotun ölümündən 34 il sonra Beyrutda yerləşən fələstinli qaçqınların Səbra və Şatila yaşayış düşərgələrində dəhşətli qətliam törədilir. 1982-ci ilin 16-18 sentyabr tarixlərində Livanda fəaliyyət göstərən və fələstinlilərə xüsusi nifrətilə tanınan Falanqa silahlıları sözügedən düşərgələrə soxularaq 1300 nəfəri soyuqqanlılıqla qətlə yetirmişdilər. Əlbəttə ki, bu dəhşətli qətliam biləvasitə İsrail ordusunun təşkilatçılığı və məsləhətləri əsasında baş tutmuşdu.
İşğalçı rejim ordusu düşərgələrin ətrafını mühasirəyə alaraq fələstinlilərin qaçmasının qarşısını almış və düşərgəni işıqlandıraraq qətliamın çevik baş tutmasını təmin etmişdi. Livanda fələstinli qaçqınların mövcudluğunu qətiyyən istəməyən Falanqa üzvləri bu baxımdan İsrail üçün əsl müttəfiq rolunu oynamışdılar. İsrail 1948-ci il qaçqınlarını nəinki öz yurdlarına geri buraxmaq istəmirdi, hətta onları yer üzündən tamamilə silmək və yox etməyi arzulayırdı.
Fələstinlilərə bədbəxtlik gətirmiş digər sentyabr hadisəsi 1993-cü ilin 13 sentyabrında imzalanmış Osla sazişi idi. Bu sazişin ana xəttini İsrailin Fələstin Azadlıq Təşkilatını (FAT) rəsmi danışıq tərəfi kimi qəbul etmək təşkil edirdi. Əvəzində isə fələstinlilərə məhdud ərazidə məhdud suverenlik hüququ verilir, məhdud həcmdə iqtisadi fəaliyyətlərinə icazə verilirdi. Lakin Fələstinin tədrici olaraq ərazi itkisi davam edəcək, kütləvi yəhudi məskənlərinin salınması və müsəlman məmləkətlərinin yəhudiləşdirilməsi prosesi həyata keçiriləcəkdi.
Eyni zamanda Oslo sazişləri fələstinlilər arasında nə vaxtsa müstəqil Fələstin dövlətinin qurulmasına olan inamı artırdı. Lakin Qərb ölkələri və qurumları bu müstəqilliyin yaranmasını hər vəchlə qarşısını almağa, psevdo “dövlət quruculuğu” fəaliyyətlərilə Fələstin dövlətinin yaradılmasını mümkün qədər uzatmağa çalışırlar.
Qərbin bu cür davamlı diqqətyayındırma fəaliyyətlərinin nəticəsi olaraq işğal altında yaşayan əhali illər ərzində passivləşdi, sonu görünməyən sülh prosesini izləməklə nə vaxtsa Fələstin dövlətinin qurulacağına dair boş inamlara qapılmalı oldu.
Qallup mərkəzinin 2013-cü ildə keçirdiyi sorğuya əsasən İordan çayının qərb sahilində yaşayan fələstinlilərin 70 faizi hələ də münaqişənin iki dövlət prinsipi yolu ilə həllinə dəstəkləyir. Halbuki bu illər ərzində müstəqil Fələstin dövlətinin qurulması üçün nəzərçarpacaq irəliləyiş əldə edilməyib. Əvəzində isə fələstinlilər əllərindəki əraziləri itirməyə davam ediblər və hər keçən gün Fələstinin ərazisi azalmaqdadır. Bundan başqa yerində sayan iqtisadiyyat miras qalıb. Sorğunun nəticəsi hələ Oslo sazişlərinin vəd etdiyi lakin illuziyadan ibarət olan xoşbəxt gələcəyə olan ümidlə bağlı idi.
Oslo illuziyası hələ də davam edir
Oslo sazişindən 25 il ötməsinə baxmayaraq illuziyaya inam hələ də yaşayır. Fələstin rəhbərliyi üçün münaqişənin iki dövlət prinsipi yolu ilə həlli hələ də aktual olaraq qalır. Dünya ictimaiyyəti də bu prinsipə sadiq qalır.
Bu ilin avqustunda Nyu-Yorkda BMT Baş Assambleyasının İsrail-Fələstin münaqişəsi üzrə 73-cü sammitində üstündə dayanılan əsas həll yolu da məhz iki dövlət prinsipi oldu. Fələstin prezidenti Mahmud Abbas ənənəvi həll formulunu bir daha təkrar etdi: 1967-ci il atəşkəs sərhədinə əsaslanan müstəqil Fələstin dövlətinin qurulması, mübahisəli ərazilərin qaytarılması, Qüdsün müştərək idarə olunması və qaçqınların geri qayıtmasını təmin edəcək ədalətli qətnamənin qəbulu.
Böyük Britaniya Leyboristlər partiyasının sədri Ceremi Korbin sədrlik etdiyi partiyasının 26 sentyabrda keçirilmiş konfransında buna bənzər mövqeyini ifadə etdi: “Biz iki dövlət prinsipi yolu ilə münaqişənin həllini dəstəkləyirik, təhlükəsiz İsrail və davamlı, təhlükəsiz Fələstin dövləti”.
Eyni mövqe Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası və BMT Baş Assambleyası tərəfindən də dəstəkləndi. 193 üzv ölkədən 137-si və iki qeyri-üzv ölkə Fələstini müstəqil dövlət kimi tanıyır. ABŞ prezidenti də son zamanlar bu mövqeyə qoşulub və “mən də iki dövlət prinsipi yolu ilə həlli bəyənirəm. Düşünürəm ki, ən yaxşı işləyən variant da elə budur”, deyə fikrini ifadə edib.
Lakin bütün bunlara rəğmən faktlara nəzər salsaq görərik ki, deyilənlərlə reallıq arasında qəti yaxınlıq yoxdur. Sanki, iki dövlət prinsipindən ağız dolusu danışanların heç biri İordan çayının qərb sahilinin hər gün dəyişməkdə olan xəritəsini, Qüdsdəki ərəblərin pərakəndə və kiçik icmalara çevrilməsini, yaxud İsrailin yeni qəbul etdiyi milli dövlət qanununu görə bilmirlər. Halbuki İsrail İordan çayı ilə Aralıq dənizi arasındakı bütün torpaqları şəriksiz yəhudi torpaqları elan edib. Təl-Əvivin yeni milli-dövlət qanunu da məhz bunun təsdiqlənməsi deməkdir.
Belə bir şəraitdə heç bir Fələstin dövlətindən, hətta tarixi 22 faizlik Fələstin torpaqlarında belə hər hansı Fələstin suverenliyindən söhbət gedə bilməz. İsrail qanunsuz yəhudi məskənlərindən çəkilməyincə, Qəzza blokadasını dayandırmayınca və milli dövlət qanununu ləğv etməyincə Fələstin üçün real dövlətçilik ehtimalı görünmür. İsrail isə əsla bu şərtləri yerinə yetirmək marağında deyil, həmçinin hər hansı bir qurum bunu zorla İsrailə etdirə bilməz.
Bu səbəbdən qəbul edilməlidir ki, münaqişənin iki dövlət prinsipi yolu ilə həlli hazırki şərtlər daxilində mümkün deyil. Bu qənaət bir çox siyasi təhlilçilərin də ortaq fikridir. 2012-ci ildə Avropa İttifaqının missiya rəhbərliyinin icraedici hesabatında da vurğulanırdı ki, İsrailin Fələstin torpaqlarında yəhudi yaşayış məskənləri inşa etməsi iki dövlət prinsipinin mümkünlüyünü əhəmiyyətli dərəcədə təhlükəyə salır. O vaxtdan bəri bir çox təşkilat və dövlətlər də bu fikrə diqqət yönəldiblər.
Sionist planının sonu
Bəs onda nəyə görə dünya ictimaiyyəti hələ də bu həll yoluna təkid edir? Halbuki olduqca açıq alternativ bir yol da mövcuddur: işğal altındakı Fələstində bərabər hüquqlar tələb edən hərəkatın meydana gəlməsi bu istiqamətdə işıq ola bilər. Belə ki, tarixi Fələstin ərazilərində yaşayan fələstinlilərə İsrail vətəndaşları ilə eyni hüquq və vətəndaşlıq verilməsilə qaçqınların öz yurdlarına qayıtmaları üçün yol açıla bilər.
Beynəlxalq ictimaiyyətin hələ də iki dövlət prinsipinə təkid etməsini yalnız bu cür başa düşmək olar ki, bu prinsipi dəstəkləyən ölkələr bununla İsraili və onun Amerika kimi himayədarının qəzəbinə tuş gəlmək istəmirlər. Çünki əks halda bərabər hüquqlar prinsipi həyata keçərsə, o zaman ölkədəki demoqrafik balans sürətlə yəhudi çoxluğun əleyhinə dəyişəcək və bununla da sionist yəhudi planı suya düşmüş ola bilər.
Belə bir çıxış yolu üçün isə yalnız qətiyyət və prinsipiallıq lazımdır. Həm də bölgənin həqiqi mənzərəsini və ən real çıxış yollarını hansısa iki dövlətli həll yolu kimi boş və nə vaxtsa həyata keçəcəyinə heç kəsin inanmadığı iddiaların altında basdırmağa çalışan Qərb dövlətlərinə fikir vermək lazım deyil.
Fələstinli doktor, akademik və yazıçı Qəda Kərmi.
Palinfo.com
Tərcümə: Felestin.info
N Engl J Med 320 479 484, 1989 tadalista vs cialis