Bizimsesimiz.info // Son zamanlar rusdilli məktəblərə meyl artır. Bu tendensiyanın nəylə nəticələnə biləcəyi ilə əlaqədar Naxçıvanın sabiq Təhsil naziri, təcrübəli pedaqoq Nazim Əkbərlə söhbətləşdik. Nazim müəllimin “Hürriyyət” qəzetinə müsahibəsini Ovqat.com oxucularına təqdim edirik:

– Nazim müəllim, son zamanlar rusdilli təhsilə yönəlmələr var. Məlumata görə, hətta rusdilli orta məktəblərdə 1-ci sinif yerləri bir günün içində dolub. Siz təcrübəli pedaqoqsunuz. Necə fikirləçirsiniz, dövlət dilimizdən daha çox, xarici dilə meylimiz nədən qaynaqlanır?

– Mən sizin sualınıza dahi şair Nizami Gəncəvinin misraları ilə cavab vermək istəyirəm.

Türk dili yaramaz şah nəslimizə,

Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz

Bu dörlük çoxumuza məlum olduğu kimi, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının müqəddiməsindən götürülmüşdür. Nizami babamız poemanın sifarişçisinin əsərin türkcə yazılmasını istəməməsinə qəzəbini bu sözlərlə davam etdirir:

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.

Nə də gözüm vardı, xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Dil məsələsi Nizami Gəncəvinin olduğu kimi, mənim də, sizin də, vətənini, xalqını sevən hər kəsin yaralı yeridir. Özümü qətiyyən Nizami Gəncəviyə bənzətmək fikrində deyiləm, amma eyni məsələyə onun qədər həssasam. Çoxları bilir, mən başqa, yad dillərdə təhsil almağın əleyhdarıyam və bu barədə mənə çox sayda iradlar da edilib, bu gün də edilir, bu müsahibə yayınlansa, yenə də ediləcəkdir. “Sən bu barədə çox danışırsan, başa düş ki, bu sözlərinlə, danışığınla heç nəyi dəyişdirə bilməyəcəksən. İndi bu dəbdədir…” deyənlər ilk baxışda haqlı kimi görünürlər. Amma dərd olmasa, dərman axtarmaq kimin yadına düşər? Susaqmı, səsimizi çıxarmayaqmı? Mən peşəmə, ixtisasıma, həyat təcrübəmə görə yad dildə təhsilin insanın dünyası və axirəti adına necə böyük fəsadlara yol açdığına əminəm. Bildiyim üçün də həyəcanım, xalqımızın bir gün silinib gedəcəyindən qorxum təbiidir.

Bəri başdan bunu da qeyd edim, sözlərimi oxuyanlar məni yanlış anlamasınlar və yanlış yorumlamasınlar. Mənim dil haqqında, rusca təhsilin əleyhinə dediklərim rus xalqına, rus millətinə mənfi münasibətimin təzahürü deyildir. Mənim belə bir fikrim olmayıb və yoxdur. Bu xəbərdarlığı niyə edirəm? Çünki məni bunda ittiham edənlər var. Halbuki, mənim ünsiyyət saxladığım, hörmət bəslədiyim adamların, qonşuların çoxu məhz rus xalqının nümayəndələridir. Mənim sözlərim, iradım rus xalqına deyil, ruslaşdırma siyasətinədir. Mənim sözlərim, iradım, tənqidi fikirlərim öz xalqımızın bəzi nümayəndələrinədir, çünki bu seçimi edən onlardır. Məgər, rus xalqının mənsubları öz vətəndaşlarının ingilisləşməsinə, fransızlaşmasına, almanlaşmasına və s. laqeyd qalarmı? Əlbəttə, yox. O zaman mənim sözlərimi də, xahiş edirəm, yoxuşa sürməsinlər, başqa, millətçi, həm də radikal millətçi damğası vurmasınlar. Mən azərbaycanlıyam və öz dilimi, öz dəyərlərimi qorumağa çalışıram, həm də bu dəyərləri ayaq altına salan həmvətənlərimdən qorumağa çalışıram.

Xarici dillərdə, o cümlədən də rus dilində təhsil almağa meylin artması hər bir Azərbaycan vətəndaşını narahat etməlidir, amma görünən mənzərə bunun tam əksidir. Müstəqil Azərbaycanın bütün təbəqələri övladını rusca təhsilə yönəldir. Özünü ali təbəqədə hesab edənlər – yüksək vəzifə sahibləri, maddi imkanı çox olanlar bunu təbii, nə zamansa ali təbəqəyə çevriləcəkləri ümidi ilə yaşayan dünənki lümpen proletariatdan çıxıb bu gün müəyyən mövqe tutanlar özlərinə vəzifə, aşağıdan yuxarı ağzının suyunu axıda-axıda boylananlar isə yuxarıdakıların acığına bunu məqsəd qəbul etmişlər və beləliklə cəmiyyətimiz kor döyüşü apara-apara bir yerlərə doğru gedir. Hətta 90-cı illərdə meydanlarda “Millət! Millət!” deyə bağıran, döyülən, söyülən, həbsə atılan nə qədər adam tanıyıram ki, övladlarını, nəvələrini xarici dildə, daha çox da rusca təhsil almağa sövq edib/edir və bunu da “İndi zəmanə bunu tələb edir” kimi duzsuz, dadsız, şit əsasa bağlamağa çalışırlar. Dil bilmək çox mühümdür. Əbəs yerə “Neçə dil bilirsənsə, fərd olaraq o qədər sayda insansan,” deməyiblər. Amma öz dilinə arxa çevirib bambaşqa bir dildə təhsil almaq, heyranı olduğumuz həmin o dünyanı idarə edən xalqların və dövlətlərin baxış nöqtəsindən çox gülünc, hətta tragikomik görünür.

– Sizcə, öz dilimizə bu biganəliyimizdə dövlət siyasətinin rolu nə qədərdir?

– Konstitusiyaya görə, bizim dövlət dilimiz Azərbaycan dilidir və bu dilin haqq etdiyi statusu əldə etməsi üçün Ümummilli Liderin, Prezidentin bir neçə sərəncamları, göstəriş və tövsiyələri mövcuddur. Amma yenə də qonşudan, qohumdan geridə qalmağı özü üçün ən böyük faciə hesab edən biz azərbaycanlılar bu gün özünü təsdiq etməyin yolunu rusca, ingiliscə və daha başqa dillərdə təhsil almaqda görürük. Bu millətin ən dərin, ən ağır faciəsi də elə budur. Dünən təəccübünü “Bah!” “Vay!” kimi nidalarla ifadə edən xalqın övladları bu gün eyni hislərini “Wow!” “Aaa!!!” “Neujeli?!”; “Baş üstə!” kimi alicənab ifadəni “O.K.,” “davay,” “poka,” və s. kimi yad nidalarla əvəz edirsə, eyni ilə Nizami Gəncəvinin az qala 900 il əvvəl qəzəb qarışıq “Yüksək olmalıdır bizim dilimiz,/Yüksək yaranmışdır bizim nəslimiz” ironiyası ilə üz-üzə gəliriksə, o zaman dəsmal çıxarıb ağlamaqdan başqa yol qalmır.

– Yəni demək istəyirsiniz ki, bu dövlət siyasətindən daha çox xalqımızın özgələşmə sevdasından irəli gəlir. Bu anlayışla biz hara gedirik?

– Bu ağıl, bu məntiq, bu düşüncə ilə biz canımız-ciyərimiz övladımızı bizə aid dəyərlərdən qoparıb başqa, yad dəyərlərin qucağına atırıq. Tanıdığım çox sayda ailələr var ki, uşağını yedirərkən telefonunu açıb “Maşa və ayı” və bunun kimi cizgi filmlərini seyr etdirirlər. Uşaqlar buna o qədər aludə olurlar ki, illər sonra da bu vərdişdən əl çəkə bilmirlər. Sonra bu uşaq bağçaya gedir və bağçada da bu kimi “təlim” üsulu davam etdirilir. Sonra məktəb illəri başlayır. Yenə eyni metod tətbiq edilir. Bədbəxt uşaq ana laylası eşitməyib, nənə, baba nağıllarına qulaq asmayıb, ana dilində, milli kimliyə bağlı şeirlər, mahnılar öyrənməyib, əksinə, gözünü açandan anasının-atasının onun yadlığına heyran olduğunu, onun bu məziyyətləri ilə fəxr etdiklərini, öyündüklərini görür və özünü hələ körpəlikdən fərqli, başqalarından üstün, qeyri-adı görməyə başlayır. Bundan sonrasını özünüz təsəvvür edin. Bir də Qarabağı özümüzə qaytarmaqdan bəhs edirik. Nə edəcəksən Qarabağı? Rus məktəbləri açıb qarabağlıları da kökündən qoparıb məhv edəcəksən? Əlbəttə, bu sözlərim qəzəbin ifadəsidir, yoxsa Qarabağsız Azərbaycan ağ ciyərindən, səs tellərindən məhrum xəstə insan kimidir.

Biz qəribə millətik. Allaha yalvarıb övlad istəyirik, övlada sahib olanda sevinir, ziyafətlər veririk, sonra bu övladımızı öz əlimizlə özümüzə yadlaşdırırıq və bu yadlaşmadan da məmnun oluruq. Sizcə, bu normaldırmı? Bir dəfə də bu barədə yazmışam, indi yeri gəlib, təkrar edirəm.

Tibb mərkəzlərinin birində oturub növbə gözləyirdim. Mənimlə üz-üzə sarısaçlı, biri yaşlı, biri də gənc xanım (ana-qız idilər), yanlarında oğlan uşağı növbə gözləyirdilər. Öz aralarında da rusca danşırdılar və mən onları rus zənn edirdim. Uşaq isə dəcəllik edir, sözə baxmırdı. Sürətlə qaçıb bayıra çıxdı. Bu zaman nənə uşağın ardınca səsləndi: “Anar, ostorojno, upaydyoş!”

Daha dözə bilmədim, az qala qalxıb həmin xanımlara üz tutacaq, “Xanım, bağışlayın,” – deyəcəkdim, – ”İndi ki bu uşağı ana dilində danışdırmayacaqdınız, adını Anar niyə qoymusunuz? Aleksey, Anton, filan qoysaydınız!..”

Ana dili milli təəssüb məsələsidir və bizdə bu təəssüb hissi aşılanıb getmişdir. Bir misal çəkəcəyəm, acığı gələn olsa, bir stəkan sərin su içsin, ya da bu yazımı daha oxumasın, amma bu bir həqiqətdir. Siz heç öz aralarında rusca danışan bir gürcü, erməni tanıyırsınızmı? Yaşlı nəsl bilir, gürcülər, ermənilər sovet dövründə, “Sovetin qılıncının dalının da, qabağının da kəsdiyi” o illərdə nə Gürcüstanda, nə Ermənistanda heç vaxt rusca verdiyin suala könül xoşluğu ilə cavab ala bilməzdin. Gərək onların dilində müraciət edəydin. Bu onların rusca bilməməsi ilə əlaqədar deyildi, öz dillərini uca tutmalarından irəli gəlirdi. O dövrdə bu xalqlar bədii, sənədli filmləri öz dillərində çəkirdilər, rusca alt yazılar yazırdılar. İnanmayanlar “Youtube” girib o filmlərə bu gün də baxa bilərlər. Bizimkilər nə edirdi? Bütün filmləri rusca çəkir, sonra onu Azərbaycan dilinə dublyaj edirdilər. Mağazada satıcıdan Azərbaycan dilində bir şey istəyirdin, o isə sənin ana dilində müraciətinə cavab verməyi özünə sığışdırmır, üzünü səndən çevirirdi.

– Bəs, bu özümüzü bəyənməməyimizin səbəbi nədir? Biz niyə özümüzə kəm baxırıq?

– İndi gələk bütün bunların səbəblərinə. Rus dilinin bu qədər “sevilən” olmasının bir sıra səbəbləri vardır. Bunun birincisi Azərbaycanın əvvəlcə Çar, bir əsr sonra isə Bolşevik Rusiyası tərəfindən ard-arda işğal edilməsi olmuşdur. Mən beş ildir Azərbaycanın XIX-XX əsrlər tarixinin bir parçasından bəhs edən bir yazı üzərində işləyirəm. İşlədikcə də o illərə qayıtmalı, o dövrü anlamağa çalışmalı olursan. O qədər qəribə, ağlasığmaz, iblisanə siyasətlə qarşılaşırıq ki, bunlardan yaxa qurtarmağın yalnız iki əsr sonra qismən mümkün olduğuna təəccüblənməmək mümkün olmur.

Rusiya Şimali Azərbaycanda möhkəmlənə bilmək üçün iki məlum vasitədən istifadə etdi: 1) yerli xalqın ana dilini, 2) dini inancını zəiflətmək, yerinə öz dilini və dəyərlərini yerləşdirmək. Bunların hər ikisi sağlam bədəni darmadağın edən xərçəng virusları kimidir və bizə müvəffəqiyətlə (imperiya baxımından) yoluxduruldu. Nadir şah Əfşarın qətl edilməsindən sonra Azərbaycan xanlıqlara, daha doğrusu kiçik tayfa dövlətciklərinə bölündü və tam ruslaşdırılana qədər bu belə də davam etdi. Xanlar bir-bir Rusiyanın buyuruq quluna çevritdirildi və bir həmlədə Rusiyanın minillik arzusu gerçək oldu – Şimali Azərbaycan Rusiyanın “əbədi ərazisinə” (Gülüstan Müqaviləsinə görə), Cənubi Azərbaycan isə Rusiyanın vassalına çevrildi. Bu, Konstantinopolun (İstanbulun) Rusiyanın baş şəhərinə çevrilməsi üçün atılmış ən mühüm addım idi.

Rusiyanı ərazidə möhkəmlənməsinin birinci şərti rus dilinin ərazidə hakim mövqeyə yüksəltmək idi. Bunu həyata keçirmək üçün hər tərəfdə rus-tatar məktəbləri açıldı (Diqqət edin, “rus-türk” demirdilər ha, “rus-tatar” deyirdilər. Çünki onları əsarət altında saxlamış tatarlara nifrət edirdilər və bu nifrətlərini bizə də “tatar” deməklə ifadə edirdilər). Sovet dövrü tarix kitablarında bu hadisə tamamilə yanlış və yaltaqca təqdim edilirdi. “Azərbaycan başdan-başa savadsızlar ölkəsi idi” kimi təhqiramiz ifadə şüuraltına yerləşdirilirdi. Digər tərəfdən, rus dilini xalqa qəbul etdirmək ikinci faktorla – dini dəyərləri aradan qaldırmaq üçün virusdan istifadə edilirdi. Bunun üçün rusmeyilli ziyalı təbəqələr yetişdirilməyə başladı. Çernyayevski və onun kimi bir neçə başqaları bütün Azərbaycanı qarış-qarış gəzib zəkalı uşaqları müəyyən etdilər və onları götürüb özlərinə görə yetişdirdilər.

Bilirəm, bu cümləmə etiraz edən, “Çernyayevski, Qori müəllimlər seminariyası olmasaydı, Azərbaycan batıb gedəcəkdi,” deyənlər çox olacaq, amma mən də sual verirəm: Azərbaycanda möhkəmlənmək istəyən yadellilər niyə yeni-yeni iş yerləri açmaq, iqtisadi inkişafa yerli əhalini cəlb etmək əvəzinə tələm-tələsik rusca bilən müəllimlər yetişdirməyə üstünlük verirdilər? Çünki “Gülüstan” Müqaviləsində də qeyd etdikləri kimi, bu coğrafiyanı əbədi olaraq öz mülklərinə çevirmək istəyirdilər və bu istəkləri də yalnız dil vasitəsi ilə ola bilərdi.

– Qori seminariyasında ruslaşdırma ilə bağlı konkret hansı siyasətlər yürüdülürdü?

– İmperiya “rus-tatar” adı verdiyi məktəblərində çox sərt qaydalar qoymuşdu. Bunlardan biri və bəlkə birincisi ana dilində danışmağa qoyulan qadağa idi. Nəinki dərsdə, hətta tənəffüsdə, dərsdənkənar məşğələlərdə və saatlarda belə ana dilidə danışanlar ən sərt cəzalara məruz qalırdılar. İş o qədər ciddi idi ki, 1905-ci ildə çağırılan müəllimlər qurultayının müzakirəsinə çıxarılan məsələlərin başında məhz məktəblərdə ana dilində danışmaq hüququ dayanırdı. Bir də nəzərə alsaq ki, bu məktəblərin çoxu yataqxanalı idi, o zaman qəbul etməliyik ki, şagirdlər günün 24 saatını yad dildə danışmaq, tədricən yad dildə düşünməyə məhkum idilər və bu mühitdən çıxan heç kəs bir daha ana yoluna – öz mənsubiyyətinə gedən yola qayıda bilməzdi. Düzdür, onların arasında öz milləti, xalqı üçün çalışanlar da var idi, çox idi, amma onların millətə baxış bucağı başqa yerdən idi – imperiyanın təbliğ etdiyi yerdən. Onlar daha çox tənqid etməyə, xalqa yuxarıdan aşağı baxıb onu lağa qoymağa üstünlük verirdilər.

Sözlərim quru ifadələrdən ibarət olmasın deyə, sizə maraqlı bir hadisə danışım. 1974-cü ildə ordu sıralarından tərxis olunub təyinatla Nehrəm kəndinə müəllim işləməyə getmişdim. O illərdə Mirzə Cəlilin işlədiyi məktəbdə işləyirdim və onun qızı Münəvər xanım da hələ sağ idi. Ona Naxçıvan şəhərində birotaqlı mənzil vermişdilər, amma o, bundan imtina etmiş, Nehrəm kəndində qalmışdı.

Mən onu görməyə çox can atırdım, necə olsa, məktəb və universitet illərində haqqında ən çox oxuduğum və eşitiyim Cəlil Məmmədquluzadənin qızı idi. Dostluq etdiyim Əsəd müəllimin dediyinə görə isə, Münəvər xanım rusca danışmağa daha çox üstünlük verir, bu dildə danışanda bambaşqa adam olurdu. Təbii ki, mən bunun səbəbi ilə maraqlandım. “Sizi deyib gəlmişəm,” “Bizim obrozovannılar” kimi felyeton və məqalələrin, “Anamın kitabı” kimi pyesin müəllifi, “Molla Nəsrəddin” kimi bir jurnalın redaktoru olmuş Mirzə Cəlilin qızının rusca danışması sizə də təəccüblü gəlmirmi?

Əsəd müəllim sualıma təbəssümlə cavab verdi və bunu dedi: “Münəvər xanıma mən də bu sualı verdim. Bilirsən nə dedi? Dedi ki, Əsəd, biz Tiflisdə yaşayanda mənim 7-8 yaşım var idi. Bir gün evə qaçıb atamdan uşaqlarla oynamaq üçün icazə istədim. Atam Əbdürrəhim bəy Haqverdiyevlə söhbət edirdi. Mənim xahişimə çox hirsləndi. Rus dilində mənə belə dedi: “Sənə min dəfə deməmişəmmi ki, türkcə danışma? İndi get, cəza olaraq küncdə dayan.”

Mən ağladım, amma atamın sözündən də çıxa bilmədim. Gözlərimdən yaş axa-axa gedib otağın küncünə döndüm, dayandım. Əbdürrəhim bəy mənim halımı görüb mənim əlimdən tutdu, özünə tərəf çəkdi. “Ay Mirzə, uşaqdır, yadından çıxdı, bir də danışmaz!…”-deyib məni cəzadan qurtardı.”

Bax, bu Mirzə Cəlilin qızına olan münasibəti idi. Vəziyyət bu qədər sərt və acımasız idi. Görün, nə qədər sərt idi ki, bunu rusca təhsil alan ziyalılar belə hiss etmiş, təlaş içində çarə axtarmağa başlamışdılar.

Bunları niyə deyirəm? İstəyirəm ki, oxucu rus dilinin şüuraltımıza necə yerləşdirildiyini bilsin, məlumatı olsun. O ki qaldı sovet dövrünə, nə Müsavat dövründə, nə də sovet dövründə vəziyyət qətiyyən dəyişmədi. Bir faktı xatırladım ki, Müsavat hökumətinin bütün sənədləri rus dilində idi.

Eyni vəziyyət bu gün də qismən davam edir. Hakimiyyəti təmsil edənlərin bir qismi rusca danışmağa üstünlük verir, rusca danışa bilməyənlər isə özünün “əskikliyini” övladlarını rusca oxutmaqla aradan qaldırmağa çalışırlar.

– Bəs, indi niyə rusçaya bu qədər meylliyik? Nə əvvəlki Çar Rusiyası var, nə də SSRİ. Amma biz hələ də rusqafalılıqdan çıxa bilməmişik…

– Bunda Rusiyanın təsiri də danılmazdır. Rusca təhsil alınmasını dəstəkləyir, müxtəlif yollarla təşviq edirlər. Əhalisi ana dilindən qopmuş bir ölkənin top-tüfəngsiz ilhaq edildiyini inkar edən varmı? Rusiyanın nə işi var Azərbaycana qoşun yeritsin, ölsün, öldürsün? Onun kimi düşünən və onun kimi danışan biri onsuz da işğal və ilhaq edilmişdir.

Tarixdən gördüyümüz kimi, istər Çar Rusiyası dövründə, istər sovet dövründə ziyalılar, hamısı olmasa da bir qismi dilimizin yaşaması üçün özlərini irəli vermişlər, həbsdən, zülm görməkdən qorxmamışlar. Məsələn, yaxın tariximizdə Rəsul Rza, Mirzə İbrahimov, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi mübariz ziyalılar dilimizi qoruyurdular, dilimizin yaşaması üçün mübarizə aparırdılar. İndi onların, daha doğrusu, ziyalılığın yeri boş qalıb. Ona görə də rus dili meyillilər çəkinmədən, utanmadan meydanda at oynadırlar.

Bir də dili silib yox etmək üçün dini inancı, bağlılığı zəiflətmək lazımdır ki, bunu da istədikləri kimi “həll etmişlər.” Tariximizdə, ədəbiyyatımızda bir müsbət molla, axund, məşədi, kərbəlayı, hacı obrazına rast gəlmirsən. Bir nəfər ədalətli, sözün həqiqi mənasında xalqını ədalətlə, insafla idarə edən xan, bəy, padşah qarşımıza çıxmır. Bunun nəticəsində biz keçmişimizə, əcdadımıza, başqa sözlə, özümüzə nifrət edən bir xalq halına düşmüşük.

Bir də bu günkü mənzərəyə baxın. Bu günümüz dünənkindən daha acınacaqlıdır. Bu gün güya milli təəssübü önə çıxarıb Allaha qarşı ən böyük ədəbsizliklər edilir. Bizim intiligentləri, həm də dindar və millətçi intiligentləri dindirməyinə peşiman olursan. İlk hədəfləri ərəblərdir. Ağzı olan ərəbləri söyür, təhqir edir. Bu müsəlman intiligentlər unudur ki, Quran ərəb dilində nazil edilmişdir və ərəb olan peyğəmbərə endirilmişdir. Bu seçimi edən isə sən, mən deyil, Uca Allahdır. İslamı ilk qəbul edənlər, yayanlar, Əhl-i Beyt, səhabələr hamısı ərəbdir. Bu gün hər hansı bir ərəbin və ya ərəblərdən ibarət olan dövlətlərin bəzisində İslami həyat yaşanmaya bilər. Bu o fərdlərin, qrupların, toplumların xətasıdır, İslama dəxli yoxdur. Bir də ərəbi təhqir edərkən bir də dönüb özünə də baxmalısan. Sən özün nə qədər İslamı yaşayırsan? İslamı bir tərəfə qoyaq, sən özün türklüyü, azərbaycanlılığı nə qədər yaşayırsan? Bir kənara çəkil, yaşadığın həyata bax: nə toyun milli dəyərlərə sahibdir, nə yasın; nə məişətində millilik qalıb, nə gündəlik həyatında.

– Yeri gəlmişkən, biz çox ziyalılarımız İslamı indiki dövrə uyğunlaşdırmağı təklif edirlər. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

– Allahın əmrlərini redaktə etməyin adı KAFİRLİKDİR. Mən belələrini Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin təqdim etdiyi obrazların müasir versiyası kimi qəbul edirəm. Savadlı olmaq başqadır, ziyalı olmaq başqadır. Bizim insanların bir qismi savadlıdır, amma ziyalılıqdan çox uzaqdır. Faciə isə belələrinin özlərini ziyalı sayması və insanlara yol göztərmək iddiasına düşməsidir. Millətin əsil faciəsi də elə budur. Bu gün kənara çəkilib bizim ziyalı iddiası ilə yaşayan savadlılara baxanda Mirzə Cəlilin “Dəli yığıncağı”ndan baqa heç nə görmürsən. Faciənin obrazlarından biri Həmzad Qurban kimi “Niyә mәnim xoruzum yoxdu? Niyә hamının xoruzu var, mәnim xoruzum yoxdu?” deyib xalqımıza ağla gələn-gəlməyən hər şeyi istinad edirlər, Allahı redaktə etməkdən belə qorxmurlar. Allaha dərs vermək istəyən, Allaha redaktorluq etmək istəyən insanlardan dil kimi bir dəyəri qoruyacaqlarını gözləmək ilğımda su aramaq kimi mənasız bir şeydir.

– Sizcə, öz milli kimliyindən, dilindən imtina etməklə müstəqil, demokratik dövlət qurmaq mümkündürmü?

– Mən hələ tarixdə öz dilindən imtina edən bir xalqın öz varlığını davam etdirməsinə şahid olmamışam. Öz dilini xor görən, öz ana dilində təhsil almağı xor görən, özünü tanımayan, özündən uzaqlaşıb özünü yadların qucağına atan bir xalq necə dövlət qura, dövləti yaşada bilər? Bu mümkündürmü?

Bunu xalqın sıravi nümayəndələri anlamaya bilər, yaxud vaxtında dərk etməyə bilər, amma bu xalqı idarə edənlərin belə bir dərdi yoxdursa, o zaman dəsmal götürüb ağlamaqdan başqa çarəmiz yoxdur.

Çoxmu tünd oldu cümlələrim, ifadələrim? Bilirsiz niyə bu sualı verdim? Çünki dildən danışanda çox sərt olduğumu deyirlər və haqlıdırlar. Söhbət dilimizdən, başqa sözlə, varlığımızdan gedirsə, burada nə qədər tünd rəng vursan, yaranın özündən tünd olmayacaqdır. Dilimiz varlığımızdır. Dinimiz varlığımızdır. Bu iki ünsürdən hər hansı birinə təcavüz et, çək, çıxart, yerində varlıq deyə bir şey qalmayacaqdır.

Tünd olan varsa, o da bizim adamların ikiüzlülüyü, riyakarlığı, mənsub olduqları xalqa, millətə, dəyərlərə xəyanətlərini ziyalılıqla ört-basdır etmək cəhdləridir. Sual verirsən ki, biz müstəqil dövlətik, dövlət sənədləri Azərbaycan dilində aparılır. Niyə uşaqlarını rusca oxudursan?

Cavab şablon cümlələrdən ibarətdir: İstəyirəm ki, uşaq dil öyrənsin.

Yalan deyirlər. Uşağını öz kökündən qoparmaq, öz tarixinə, ədəbiyyatlna yadlaşdırmaq bahasına dil öyrədəcəksənsə, batsın o dil də, o ziyalılıq da. Bu uşaqların uşaqları, yəni ikinci nəsl özləri kimi rusdillilərlə, ingilisdililərlə ailə quracaqlar və üçüncü nəsil artıq bizdən olmayacaq. Əgər valideynlər düşünürlərsə ki, bununla uşaqlarının gələcəyini maddi baxımdan təmin edəcəklər, onları yüksək vəzifələrə yerləşdirib özləri də keyf edəcəklər, bunu zənn etmirəm. Allah öz yaratdığı qullarının ona üsyan bayrağı açmasını ağır cəzalandırır. İnanmırsınız, ətrafa baxın, tanışlarınızı yada salın. Zahirdə nə cür görünürlər, bilmirəm, amma bir az daxilə nüfuz etdikdə onların heç birinin xoşbəxt olduğunu görə bilməyəcəksiniz. Çünki yaradılış qanununa zidd olan heç bir şeydə xeyir yoxdur, olmayıb, olmayacaq.

– Bəs, çıxış yolunu nədə görürsünüz?

– Çarə nədir? Bu qədər danışdıqdan sonra əsas suala cavab verməliyik. Milli məsələ sənin, mənim şəxsi məsələm deyildir. Bu, ümummilli məsələdir. Bu dövlət məsələsidir. Biz bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Çox istərdim ki, Prezident dilimizin, bu gün can verməkdə olan dilimizin yenidən ayağa qalxa bilməsi üçün qəti addım atsın, idarə, müəssisə və təşkilatlarda ruscanın, ingilizcənin, bir sözlə, xarici dillərin işlədilməsini cinayət kateqoriyasına daxil etsin. Mən bu gün tarix muzeyindən bir əşyanı götürüb mənimsəsəm, haqlı olaraq cinayət məsuliyyətinə cəlb edilərəm. Məgər dilimiz, varlığımızın əsası olan dilimizin qətl edilməsi o bir əşyadan qat-qat ucuzdurmu ki, ona qarşı bu qədər laqeydik?

Yarızarafat, yarıciddi bir söz deyim, bununla da sözlərimə yekun vurum. Bizim adamların bir qismi Darvinin nəzəriyyəsindəki kimidirlər. Yuxarıya baxır, onları təqlid edərək yaşayırlar. Həm də çox yaxşı yaşayırlar. Yuxarıda dilimizə qarşı ciddi münasibət görsələr, bir anasının oğlu ağzını açıb yad dildə danışmaz. Uzun sözün qıssası, bu dərdin çarəsi Prezidentə qalıb. Ya bu xalqı bir xalq olaraq yaşadacaq, ya da adı azərbaycanlı, özü vineqret bir xalqa çevrilməsinə göz yumacaqdır.

Mən alternativin birinci tərəfinə ümid bəsləyirəm.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here