Necə edək ki, istirahətdən…salamat qayıdaq?
Mühüm təhlükəsizlik şərtləri, tədbirlər – tətil zəhərə dönməsin deyə…
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Bakıda əyləncə mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb. Novxanıda yerləşən əyləncə mərkəzində baş vermiş ölüm faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gün Novxanıda yerləşən əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.
İyulun 9-da isə Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib. “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb. Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub. Dörd yaralı isə xəstəxanaya yerləşdirilib. Hadisə kanatın trosunun qırılması səbəbindən baş verib.
Yaralılardan iki nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1995-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu isə Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Bu iki xəbər son bir neçə gündə Azərbaycanın istirahət mərkəzlərində belə qəzalar baş verib. Amma bundan bir neçə il öncə Nabranda da hovuzda baş verən qəza nəticəsində azyaşlı İmran ayaqlarını itirmişdi. Ümumiyyətlə, yay fəsli bir qayda olaraq qəzalarla müşayiət olunur. Xüsusən də istirahət mərkəzlərində, mərkəzlərə gedən yolda baş verən qəzalar ümumən istirahət dönəmində damğa vurur. Bu məsələdə günahkarlar kimdir? Yay istirahətlərində nəyi necə edək ki, istirahət zəhərə dönməsin?
İSTİRAHƏT MƏKANINA ÇATANA QƏDƏR…YOL QƏZALARI…
“Yeni Müsavat” xəbər verir ki, aparılan araşdırmalar tətil zamanı insanların ilk növbədə yol qəzalarından əziyyət çəkdiyini göstərir. Qəzadan sonra insanların panikaya düşməsi davranış pozğunluğu ilə nəticələnir ki, bu da ciddi, xoşagəlməz nəticələr verir. Məsələn, yol qəzasında yaralananların 50 faizinin xəstəxanaya çatdırılmadan dünyasını dəyişdiyi bildirilir. Şüurlu ilk yardım insan həyatını qurtarmağın yarısıdır. Şüuru yerində olmayan, insan orqanizmi barədə məlumatı olmayanların yaralılara toxunmaması məsləhət görülür. Bu halda onlar “qaş düzəltdikləri yerdə göz çıxara bilərlər”. Məsələn, yaralının boynu, kürəyi çox bərk ağrıyırsa, onun iflic olma ehtimalı nəzərə alınmalı və odeyalın üstünə yerləşdirilməlidir. Bundan başqa, hər iki tərəfinə çanta, qum torbası kimi əşyalar qoyulmalıdır ki, silkələnməsin. Onu ən qısa müddət ərzində xəstəxanaya çatdırmaq lazımdır.
Xüsusən, tətilini ölkə xaricində, ya da dağ ərazilərində keçirənlər idmana meyl edir. Tətil məkanlarında tennisdən tutmuş, paraşütdən hoppanmağa qədər bir çox idman növlərini görən tətilçilər onların hamısını bir-bir sınaqdan keçirməyə çalışır. Amma il boyu idmanla məşğul olmamış şəxslərin birdən-birə bu qədər yüklənməsi ciddi təhlükədir. Orqanizm öyrəşmədiyi üçün yüklənmiş idman proqramı insanları ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur.
Məsələn, yaşı 40-ı keçmiş, siqaret çəkən, idman vərdişi olmayan kişilərin tennis oynaması fəsadsız ötüşmür. Onlar daha çox topuqlarının yaralanması ilə qarşılaşırlar. Siqaretdən istifadə edən, eləcə də spirtli içki içənlərdə əzələ yırtığı özünü daha çox göstərir.
TƏTİLƏ GEDİRSİZSƏ, BUNLARI DA BİLMƏLİSİNİZ…
Yay aylarında sahildə yaralanmalar və boğulmalar daha çox müşahidə olunur. Dənizin dayaz olduğu yerlərdə suya hoppanmaq olmaz. Bu, boyun və onurğa qırıqlarına, habelə iflic və ölümlərə səbəb ola bilər. Dəniz və hovuzda qarşılaşdığınız boğulmalara çox sadə üsulla müdaxilə edib, yardımçı ola bilərsiniz. Boğulan şəxsi sahilə çıxardıqdan sonra onun mədəsində çoxlu maye olduğunu unutmaq olmaz. Bu səbəbdən də onu yana çevirib, dilini də bayıra çıxarmaq lazımdır. Ondan dərhal sonra süni tənəffüslə yardım etmək məsləhət görülür. İlkin iki müdaxilədən sonra xəstədən əl-qolunu hərəkət etdirib-etdirə bilmədiyi soruşulmalıdır. Ondan sonra onu dərhal xəstəxanaya aparmaq lazımdır.
Dəri yanıqları, uşaqlarda mədə-bağırsaq infeksiyaları, dəri infeksiyaları da tətil fəsadları arasında yer alır. Yayın qovurucu istilərindən can qurtarmaq istəyənlər daha çox hovuzu tərcih edir. Təmizliyinə xüsusi önəm verilməyən, gigiyena problemi olan hovuzlar tətilçilər üçün ciddi fəsadlar yaradır. Belə ki, bir çox dəri infeksiyaları, habelə qadınlarda ginekoloji problemlər məhz natəmiz hovuzlar ucbatından baş verir. Mütəxəssislər bu səbəbdən də hovuza xüsusi rezin papaqla girməyi tövsiyə edir. Bəzi hallarda tətilçilər hovuza xüsusi köynəklə də girirlər ki, bu, dəri allergiyası olan şəxsləri xlorlu sulardan qoruyur. Bundan başqa, hovuzdan dərhal sonra duş qaçılmazdır. Bu halda virusların bədəninizdə kök salmasının qarşısını nisbətən ala bilərsiz.
Dəri yanıqlarının qarşısını almaq üçünsə bəlli saatlarda gün altında olmaq lazımdır. Məsləhət görülür ki, tətilin ilk günlərində Günəş vannası daha az qəbul edilsin. Dəri birdən-birə öyrəşmədiyi Günəş şüasının altında yana və bütün tətil boyu insana əziyyət verə bilər. Yaş çimərlik paltarında günəşlənmək də ziyan imiş. Dermatoloqlar bildirir ki, bu, daha çox qadınlar üçün fəsadlar yaradır. Qulaq iltihabları, yaş zəminlərdən yayıla biləcək xəstəliklər də risk faktorunu artıran detallardır.
TƏTİLDƏ ZƏRƏRÇƏKƏN OLMAMAQ ÜÇÜN NƏ EDƏK?
Bəs yazının girişində baş verdiyimiz halların yaşanmaması üçün nə etməli? Sığorta məsələləri üzrə ekspert Aydın Hənifəyev hesab edir ki, insanlar tətil bölgələrinə, otellərə getmədən öncə ora ilə bağlı dəqiq araşdırma aparmalıdır. Əgər ailəvi istirahət nəzərdə tutulursa, bu zaman həmin məkanın ailənin bütün fərdləri üçün uyğun olması nəzərə alınmalıdır. Ailə fərdlərinin yaş həddi, əyləncə istəkləri, menyu, eləcə də otellə hovuz və dəniz arasındakı məsafə mühüm araşdırma detalları arasındadır. Ekspertin dediyinə görə, azyaşlı uşaqlarla tətilə çıxan ailələr heç bir qəzadan sığortalanmayıb: “Buna görə də valideynlərin yanında mütləq dərmanlar, aptek qutusu olmalıdır. Hər bir valideyn təcili müdaxiləni, onun qaydalarını bilməlidir. İstirahət mərkəzinə gələn valideyn ancaq o mərkəzin mühafizə xidmətinə arxayın olmamalıdır. Çünki bəzi məkanlarda böyük bir hovuza cəmi 1 nəfər müdaxilə edir. Onun isə bu cür halların qarşısını təkbaşına alması real deyil”.
Amma A.Hənifəyev istirahət mərkəzi rəhbərlərinin təhlükəsizlik baxımdan riayət etməli olduqları qaydaların da olduğuna diqqət çəkdi. Bunlara mərkəzdə, təcili tibbi yardım xidmətinin aktiv olması, peşəkar həkim kabinetinin təmin edilməsi, habelə təhlükəsizlik qaydalarına uyğun olan hovuz, yeməkxana və oyun meydanının olması daxildir: “Bu məsələyə müvafiq qurumlar nəzarət etməli, əks halda belə əyləncə məkanlarına fəaliyyət icazəsi verilməməlidir. Əks halda, insanlar sağlamlıqlarını təhlükə altına qoyurlar”.
Sevinc TELMANQIZI