Niksonla ziyafətdən imtina edən, FİDE-yə 60 şərt irəli sürən şahmatçı – dahi, dəli, dözülməz…

Fişer: “Mən belə düşünürəm ki, Allahla oynayacağım oyun heç-heçə nəticələnəcək”

O, şahmat taxtasının arxasında dahi, həyatda dəli, istər şəxsi, istərsə də içgüzar münasibətlərdə dözülməz insan sayılıb. Robert Fişer həm də bütün dövrlərin ən güclü şahmatçısı kimi qəbul edilib. Təbii ki, bütün bunlar Fişerin qeyri-rəsmi təqdimatıdır. Rəsmi olan isə odur ki, amerikalı şahmatçı Robert Fişer 1972-ci ildə şahmat üzrə 11-ci dünya çempionu adını qazanıb və bu onun sonuncu rəsmi oyunu olub.

Bəs Robert Fişeri dünyalarca məşhur edən nə olub?

Fişer çox gənc yaşlarından böyük şahmata gələndə bu idman növünün nüfuzunu dünya səviyyəsində qaldırmağı bacarıb. Bununla bağlı öz fikirlərini bildirərkən qeyd edib ki, şahmatçılar da boksçular kimi yüksək məbləğdə pul almalıdırlar və xüsusilə vurğulayıb ki, Məhəmməd Əli bir oyuna aldığı qədər pulu o da almalıdır. O, zaman-zaman buna nail olub.

Fişer şahmatı siyasi müstəviyə gətirməyi bacarıb. Soyuq müharibə dövründə, sovet şahmatçılarının dünyada ad qazandığı bir vaxtda Fişer “sosialist ideologiyasının yetişdirdiyi məğlubedilməz idmançılar” mifini darmadağın etməyə nail olub. Və əslində, 1972-ci ildə İslandiyada keçirilən şahmat üzrə dünya çempionatı iki şahmatçının mübarizəsi kimi yox, iki fərqli siyasi quruluşa malik olan dövlətlərin, SSRİ və ABŞ-ın mübarizəsi kimi qiymətləndirilib. Amma bu turda Fişerin iştirakını təmin etmək nə Amerikaya, nə də Beynəlxalq Şahmat Federasiyasına (FİDE) o qədər də asan başa gəlməyib.

Dünya çempionu adına iddialı olan finalçı şahmatçıların, amerikalı Fişerin və sovet şahmatçısı Boris Spasskinin adları rəsmən bəyan edildikdən sonra Fişer bu görüşdən imtina etməyi haqqında bəyanatlar səsləndirib. Amerikalı şahmatçı bunu çempionatın keçirildiyi Reykyavikə uçarkən SSRİ tərəfindən təyyarənin vurulacağı ilə izah edib. Məsələyə ABŞ prezidenti Nikson müdaxilə edib. O, Fişerin tam təhlükəsizliyi ilə bağlı müşaviri (sonralar dövlət katibi) Henri Kissencerə xüsusi göstəriş verib. ABŞ prezidenti üçün bu matçın keçirilməsi vacib sayılıb, amerikalı şahmatçının qalib olması isə mövcud siyasi durumda Nikson üçün hava-su qədər lazım olub.

Beləliklə, dünya çempionatının açılışında iştirak etməyən Fişer düz 11 gündən sonra final görüşünə təşrif buyurub. Fişerin ilk oyunu məğlubiyyətlə nəticələnib. İkinci oyundan amerikalı şahmatçı imtina edib və Spasskiyə daha bir xal qazandırıb. Üçüncü oyun ərəfəsində Fişer yeni tələblər irəli sürüb. Oyunun keçirdiyi zalda divar rənglərinin və işıqlandırma sisteminin dəyişdirilməsi, tamaşaçılar üçün nəzərdə tutulan yer saylarının azaldılması, kamera və monitorların zaldan götürülməsi və bu kimi 30-dan artıq tələb Beynəlxalq Şahmat Federasiyası tərəfindən yerinə yetirilib. Amma Fişerin kaprizləri bununla bitməyib. Amerikalı şahmatçı finalçılar üçün nəzərdə tutulmuş kresloda özünü narahat hiss etdiyini bəyan edərək özünün şəxsi kreslosunun Amerikadan gətirilməsini tələb edib. Amerikanın siyasi rəhbərliyi Fişerin bu tələbini dərhal yerinə yetiriblər. Fişer həyatdakı ağılasığmaz gedişləri kimi şahmat taxtasının üzərində də sözün əsl mənasında mümkünlüyü dərk edilməyən ağılasığmaz gedişləri ilə Spasskini məğlub edərək şahmat tacını SSRİ-dən Amerikaya gətirib. Amerika bu qələbəni böyük siyasi hadisə kimi qeyd edib.

Fişerin Spasski üzərində tarixi qələbəsindən sonra ona ilk zəng edənlərdən biri prezident Riçard Nikson olub. Telefon danışığı çox da uzun çəkməyib:

– Robert, mən sizi parlaq qələbə münasibətilə təbrik edirəm. Bu Amerika tarixi üçün olduqca əlamətdar bir hadisədir.

Fişer prezidentə çox qısa və konkret cavab verib:

– Amerika üçün hansı hadisənin baş verdiyini deyə bilmərəm, amma mənim üçün bu qələbə böyük hadisədir, çünki elə indicə cibimə 150 min dollar qoymuşam.

   Riçard Nikson

Robert Fişer prezidentin yanında görünməyə, ölkənin birinci şəxsi ilə yaxın münasibətlər qurmağa heç vaxt meylli olmayıb. Elə bu səbəbdən də prezident Niksonun Ağ Evdə onun şərəfinə düzənlədiyi ziyafətdən imtina edib. Nikson onu bu ziyafətə dəvət edəndə də Fişerin cavabı konkret olub: “Yemək yeyərkən insanlar mənim ağzımın içinə baxanda mən buna tab gətirə bilmirəm”.

Robert Fişer yaxın dostlarından başqa digər görüşlərdən imtina edib. O, görüşlərlə bağlı öz şərtlərini açıqlayarkən qeyd edib ki, hər görüşün öz qonorarı var. Məsələn, o telefon danışığı üçün 2500, görüş üçün 5000, jurnalistlərə müsahibə vermək üçün 25000 dollar qonorar müəyyənləşdirib.

Fişerin dözülməzliyi və “dəli”liyi 1975-ci ildə növbəti dəfə özünü biruzə verib. Növbəti dünya çempionatının finalında Fişerin rəqibi Karpov olub. Fişer oyunda iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının qarşısına 60-dan çox tələb qoyub. Federasiya bu tələblərin əsas hissəsini yerinə yetirsə də, amerikalı şahmatçının tələblərini tam ödəyə bilməyib. Bundan hiddətlənən Fişer matçdan imtina edib, şahmat tacını Karpova bağışladığını söyləyib. Ba hadisədən sonra Beynəlxal Şahmat Federasiyası Robert Fişeri dünya çempionu titulundan məhrum edib.

Bu ərəfələrdə Robert Fişer uzun illər heç bir turnirdə iştirak etməyib. Amma buna baxmayaraq, Fişer güclü bir şahmatçı kimi yaddaşlardan da silinməyib. Pərəstişkarları onun şahmat aləmində gözlənilməyən bir addım atacağına inanıblar. Nəhayət, Fişer 1992-ci ildə yenidən gündəmə gəlib. Həmin il yuqoslaviyalı bankir Vasilyeviç mükafat fondu 5 milyon dollar olan kommersiya matçı təşkil edib. Və o, Fişerə Karpova qarçı matç təklif edib. Fişer oyuna razılıq verib. Qeyd edək ki, bu həmin ərəfəyə təsadüf edib ki, ABŞ tərəfindən Yuqoslaviyaya sanksiyalar tətbiq edilib. Fişerin matça razılıq verdiyini bilən Amerika Dövlər Departamenti şahmatçıya rəsmi xəbərdarlıq göndərib, Yuqoslaviyadakı matçda iştirak etdiyi təqdirdə onu 10 il müddətində azadlıqdan məhrumetmə cəzası və böyük məbləqdə cərimə gözləyir. ABŞ-ın apardığı siyasəti heç vaxt qəbul etməyən Fişer bu xəbərdarlığa məhəl qoymayaraq Yuqoslaviyaya gedib. 10-5 hesabı ilə Karpovu məğlub edən Fişer yenidən dünyanın həm şahmat, həm də siyasi müstəvisində ən populyar simalardan birinə çevrilib.

Matçdan sonra Fişerin Amerikaya qayıtması mümkünsüz olub. O, bir müddət Macarıstanda yaşayıb. 2000-ci ildə Fişer Yaponiyaya köçüb.

2001-cı il sentyabrın 11-də ABŞ-da terror aktları baş verəndə Fişer Amerika əleyhinə kəskin bəyanatlar verib. Bəyanatlarda bu ifadələr də öz əksini tapıb: “Mən bu hadisəni alqışlayıram. ABŞ məhv edilməlidir, dünya xəritəsindən silinməlidir”.

“Qəzəbli” Amerika bu bəyanatlardan sonra Fişeri vətəndaşlıqdan məhrum edərək onun pasportunu ləğv edib. Fişer 13 iyul 2004-cü ildə Yaponiyadan Filippinə uçmaq istəyərkən hava limanında qanunsuz immiqrant kimi saxlanılıb. Şahmatçı məhz onda bilib ki, cibində gəzdirdiyi pasport adi kağızdan heç nə ilə fərqlənmir. Elə buna görə də Fişeri həbs ediblər. 8 ay həbsxana həyatı yaşadıqdan sonra vəkillərin köməyi ilə Robert Fişerə İslandiyada sığınacaq veriblər. O, Yaponiyadan İslandiyaya deportasiya olunub və həmin ölkənin vətəndaşlığını qəbul edib.

O, ömrünün son illərini Reykyavikdə yaşayıb. 2007-ci ildə şahmatçı kəskin böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər cərrahi əməliyyatın zəruri olduğunu bildirsələr də, Fişer imtina edib. 2008-ci il yanvarın 17-də Robert Fişer elə bu xəstəlikdən də vəfat edib.

Robert Fişerin həyatı maraqlı faktlarla zəngindir.

Fişer həbsxanaların birində şahmat seansı təşkil edib. Eyni vaxtda təxminan 20-30 nəfərlə, şahmatçı-məhbuslarla şahmat oynayan Fişer növbəti şahmat taxtasına yaxınlaşanda görüb ki, “rəqib”i at fiqurunu oğurlayıb. Fişer xəbərdarlıq edib:

– Əgər siz fiquru geri qaytarmasanız, mən həbsxana rəhbərliyinə şikayət edəcəm və bu da sizin cəza müddətinizin artırılmasına səbəb olacaq.

Məhbus Fişerə qəhqəhə ilə cavab verib:

– Buyurun, cənab Fişer, nə qədər istəyirsiniz şikayət edin. Mən onsuz da ömürlük azadlıqdan məhrum edilmişəm.

***

Fişerin eşitmə qabiliyyəti hədsiz dərəcədə güclü olub. Spasski ilə görüşdə o qəfil ayağa qalxaraq zalda ən sonuncu sırada əyləşən qıza xəbərdarlıq edib:

– Xahiş edirəm, zalda konfet yeməyi yığışdırın, bu mənim diqqətimi yayındırır.

Qız sakit tərzdə Fişerə cavab verib:

– Mənim bir konfet yeməyim sizi necə narahat edə bilər?

 Yalan danışırsınız, siz artıq 7-ci konfeti çeynəyirsiniz…

***

Fişer Allahla şahmat oynamaq iddiası haqqında da fikir söyləyib: “Mən belə düşünürəm ki, Allahla oynayacağım oyun heç-heçə nəticələnəcək. Mənim üçün çox maraqlıdır, bu oyunda mənim e2-e4 ilk gedişimə Allah necə reaksiya verəcək?”
Fişer qeyri-adi yaddaşa malik olub. Məsələn, o, kiminsə yarım saatlıq nitqini dərhal təkrar etmək iqtidarında olub. Özü də bilmədiyi dildə olan nitqi.

Robert Fişer özündən razılığını şox kəskin şəkildə büruzə verib. O, bütün oyunlarda gözlərini qırpmadan rəqibinin gözlərinin içinə baxaraq kinayəli, alçaldığı şəkildə gülüb və bununla demək istəyib ki, çox qısa müddətdə onu məhv edəcək.
Fişer Kasparovu şahmatçı kimi qəbul etməyib. Və onu tanıyanlardan xahiş edib ki, onun soyadını düzgün ifadə etsinlər, Kasparov yox, cinayətkar kimi səsləndirsinlər.

Robert Fişer dünyanın ən gənc qroyssmesti olub. O, 15 yaşında bu adı qazanıb.

6 yaşında ad gününüdə bacısı ona şahmat bağışladığı gündən Fişer gününün əsas hissəsini “fiqurlarla” keçirib. Bir-iki sinif məktəbdə oxuduqdan sonra isə məktəb haqqında fikirlərini belə bildirib: “Məktəb təhsili insana heç nə vermir, müəllimlərimin hamısı kütbeyindir. Mən təkcə idman müəllimimlə dostluq edə bilirəm, çünki o, az da olsa şahmat oynamağı bacarır”.

Robert Fişer ölümündən qabaq böyük dəfn mərasiminin keçirilməməsi ilə bağlı vəsiyyət edib. Onun dəfnində yalnız bir neçə yaxın dostu iştirak edib. Qəbirüstü daşı isə çox sadə düzəldilib və üzərində əlavə heç nə yazılmayıb, sadəcə Robert Ceyms Fişer və yaşadığı illər…

İlham Cəmiloğlu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir