Bizimsesimiz.info // Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salayev növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərara facebook hesabında status yazaraq münasibət bildirib. Bizimsesimiz.info həmin yazını oxucularınıza təqdim edir.

Prezident Əliyevin 5 fevral tarixli növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncamı ölkədə yeni siyasi şərait yaradıb. Ölkə içi əksər siyasi qüvvələr vaxtından əvvəl seçkilərin keçirilməsinə münasibət bildirir, baş verən hadisəyə öz maraqlarına uyğun aydınlıq gətirməyə çalışırlar. Bu baxımdan iqtidar ideoloqları addımlarını bu il ərzində ölkədə bir neçə tarixi, mədəni tədbirlərin, yubileylərin keçirilməsi üçün görəcəkləri işlər ilə izah etməyə çalışsalarda, Qərb dəyərlərini müdafiə edən müxalifətin isə daxilində məsələyə yanaşmada arqumentlər əsasən eyni idi. Daxili faktor olaraq seçkinin saxtalaşdırlması üçün addım, xarici faktor olaraq isə beynəlxalq aləmdə yaranan gərginliyi əsas gətirdilər.

Əvvəla qeyd edək ki, 5 fevral sərəncamı anti- hüquqi addım deyil. Konstitusiya, növbədənkənar seçkilərin təyin edilməsi barədə prezidentə səlahiyyət verir.
İkincisi, prezident seçkisi aprel 11 də yox, oktyabr ayında belə keçirilsəydi nəticə yenə dəyişməyəcəkdi. Yəni seçkini keçirən qüvvə istədiyi namizədi seçkidən qalib çıxaracaqdı. Bəs hansı zərurətdən seçkinin vaxtı 6 ay əvvələ təyin edildi ?
Hesab edirəm ki, bu addım ölkədə, regionda vəziyyətin göründüyü qədər stabil olmadığından xəbər verir. Siyasi və iqtisadi böhran dünyada dərinləşir və təbii ki, öz suverenliyini qorumaq siyasətini aparan dövlətlərə bu prosesin mütləq təsiri olmamış olmayacaq. Bu baxımdan 5 fevral sərəncamını prezident Əliyevin siyasi komandasını qorumaq, onun parçalanmasında marağı olan qüvvələrə qarşı önləyici addım olması ilə yanaşı ölkədə siyasi, iqtisadi gərginlik yaratmaq planlarını işə salmaq istəyən qüvvələrin fəaliyyət meydanını kiçiltmək kimi də qiymətləndirmək olar.

2013- cü ildə prezident seçkisindən cəmi 1 il sonra Azərbaycan siyasi mühitində baş verən böyük siyasi operasiyanı xatırlasaq hesab edirəm ki, 2018 ci ilin prezident seçkisinin nə üçün növbədənkənar seçki olaraq keçirməkdə iqtidarı başa düşmək olar. Qərbin 5 ci kollonasına qarşı 2017- ci ildə daxil olmaqla aparılan sərt siyasət mümkün təhlükələri önləmək üçün YAP iqtidarını vəziyyətdən çıxış yolları barədə addımlar atmağa məcbur edirdi. Azərbaycan iqtidarının 2014- 2017 ci illərdə Qərb dövlətlərinə bağlı və ya onları dolyası ilə müdafiə edən hakimiyyətdə və müxalifətdə olan mərkəzlərə qarşı münasibətini xatırlamalıyıq. Həmçinin 2016- cı ilin aprel döyüşlərindən sonra Silahlı Qüvvələrdə casus şəbəkəsinin aşkarlanmasıda iqtidar ideoloqlarına 2018- ci il seçkisində hansı sürprizlərin olacağını aydın şəkildə göstərirdi.

Hesab edirəm ki, növbədənkənar seçki qərarı Azərbaycanda siyasi təzyiq qruplarını seytnot vəziyyətə salmaq üçün iqtidarın siyasi- taktiki addımıdır.

Təşkilati quruculuq mərhələsini yaşayan Doğru Yol Partiyası olaraq siyasi prosesləri ciddi şəkildə izləməklə yanaşı, siyasi mühitin şəffaflaşması, milli ruhun, milli dəyərlərin cəmiyyətdə oturuşması istiqamətində addımların atılmasına ehtiyac görürük. Təəssüf ki, mövcud iqtidar milli şüurun, milli dövlət ənənəsinin yayılması üçün yetərli addımlar atmır və milli zehniyyətli kadrların dövlət idarəetməsində iştirakına laqeyddir.

YAP iqtidarı qəbul etməlidir ki, ölkəyə yönələn potensial təhlükələri tək inzibati addımlar ilə deyil, milli görüş zehniyyətinə dayanaraq, uzun illər ərzində formalaşan müstəmləkə şüurunu toplumda dağıdaraq nail olmaq lazımdır.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here