Noyabr – Fələstin tarixinin ən qaranlıq ayı (KÖŞƏ YAZISI)
Hər noyabrda mən oturub Fələstinin taleyilə bağlı düşüncələrə qərq oluram. Fələstin tarixində ən əlamətdar tarixi hadisələr ən çox noyabra təsadüf edib.
Noyabr əvvəlcə xatirələrimdə xoş duyğularla canlanır, lakin dərhal yerini qarışıq faciələrə verir. Bu qarışıq hisslər mənim kimi mühacirətdə yaşayan milyonlarla fələstinlinin taleyini birləşdirir. Miladi təqviminin bu onbirinci ayı atamın doğulduğu tarixdir. O, 11 noyabr, 1903-cü ildə Fələstinin Qüds şəhərində dünyaya gəlib. Bu şəhər o zaman elə bir şəhər idi ki, azad, sərbəst və etiqadından asılı olmayaraq hər bir insana qucaq açan bir məkan kimi tanınırdı.
Noyabr, həm də bir çox faciəli hadisələrin, ədalətsizliklərin baş verdiyi aydır. Bu ayı Fələstin üçün solğun ümidlərin zəif işartıları ilə də xarakterizə etmək olar. Məsələn, 1917-ci ilin noyabrında Britaniyanın o dövrkü xarici işlər naziri Lord Artur Balford Britaniya yəhudi icmasının lideri Baron Lionel Rotşildə məktub yazaraq ingilis hökumətinin Fələstində yəhudi dövlətinin qurulmasının tərəfdarı olduğunu ifadə etmişdi.
Balfur deklarasiyası Osmanlı dövlətinə qarşı qiyam qaldıracağı təqdirdə Britaniya və Fransa hökumətləri tərəfindən Ərəbistana verilmiş müstəqillik vədlərini yenidən gündəmə gətirdi. Belə ki, o dövrün Məkkə valisi Hüseyn bin Əli ilə Böyük Britaniya imperiyasının Misirdəki ali komissarı polkovnik-leytenant Henri Makmehon arasında baş tutmuş silsilə məktub mübadiləsində Birinci Dünya müharibəsində Almaniyanın müttəfiqi kimi iştirak etmiş Osmanlı imperiyasına qarşı çıxacaqları halda ərəblərə Osmanlıdan ayrılmaq və müstəqil dövlət qurmaq vədi verilmişdi. Lakin 1915-ci ilin noyabrında başlamış gizli Britaniya-Fransa danışıqlarında ərəblərə verilən vədlərin yerinə yetirilməməsi qərara alındı və Sayks-Pikot müqaviləsilə bu vədlər tamamilə ləğv edildi.
Balfur deklarasiyası Britaniya ordusunun 1917-ci ilin 17 noyabrında atamın doğma şəhəri olan Qüdsü işğal etmək üçün döyüşə başlamasından iki həftə əvvəl ünvanlanmışdı. O vaxtdan başlayaraq növbəti 30 il ərzində yəhudi terror təşkilatları və ekstremist qruplaşmaları iğtişaşlar törətməyə başlayaraq Fələstini parçalamağa demək olar ki, nail oldular. Bunun ardınca ABŞ-ın qüvvətli pəncələri altında olan yeni yaradılmış Birləşmiş Millətlər Təşkilatı da vətənimizi bölmək üçün öz həlledici addımını atdı. 1947-ci ilin 29 noyabrında BMT-nin bədnam bölgü qətnaməsilə Fələstin torpaqları yəhudilər və ərəblər üçün olmaqla iki hissəyə bölündü.
181 saylı həmin qətnamənin “bölgü qətnaməsi” adlandırılması da yanıltmaca və kinayə üçün idi. Belə ki, qətnamənin sadəcə yəhudi və ərəb ərazilərini ayırmaq məqsədi daşıdığı iddia olunsa da, bu bölünmə əslində bütöv bir məmləkətin parçalanması demək idi. Çünki bu məfhum elə ayırma və parçalama mənasını verir, hansı ki, BMT-nin “Bölgü planı” da bu məqsədə xidmət etdi. Şahmat taxtasına bənzər qarışıq formada ərazi bölgüsü aparıldı, gələcək Fələstin dövlətinə heç vaxt tam nəzarət edə bilməyəcəyi 6 qarışıq bölgədə ərazi verildi və bununla da yəhudi dövləti sürətlə formalaşdı, ərəb dövləti isə iki ərazini də tamamilə itirməklə dövlətçiliyini də qura bilmədi. Qüds isə beynəlxalq ərazi elan edildi.
1948-ci ilin mayında İsrail adlı dövlətin müstəqilliyi elan edildikdən sonra fələstinlilərə qarşı bir-birinin ardınca qətliamlara start verildi. 1956-cı ilin noyabrından iki gün əvvəl israilli terrorçuların ən amansızlarından biri kimi tanınan və sionist rejimin gələcək Baş naziri Ariel Şaron Kəfr-Qasim kəndinə hücum edərək qadın, uşaq və kişilərdən ibarət 56 Fələstin sakinini qətlə yetirdi. Bu qətliam İsrail rejiminin qeyri-yəhudiləri “yəhudi dövləti”nin ərazisindən silmək siyasətinin davam idi və bu cür qətliamlar hələ 1948-ci ildən əvvəl də törədilmişdi, sonralar da törədildi.
1967-ci ildə İsrail hücuma keçərək İordan çayının qərb sahilini, Qəzza zolağını və Şərqi Qüdsü işğal etdi. Bu işğalçı əməlləri onun ənənəvi təcavüzkarlıq siyasətinin davamı idi və nə beynəlxalq hüququn, nə Dördüncü Cenevrə konvensiyasının, nə də insan ləyaqətinin toxunulmazlığı kimi ən adi prinsipləri belə tanımırdı. Bu konvensiya və prinsiplər məhz dövlətlər səviyyəsində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün qəbul edilmişdi.
1967-ci ilin 22 noyabrında BMT sivil xalqlar üçün ən əhəmiyyətli beynəlxalq hüquqi prinsiplər və davranışlardan bəhs edən 242 saylı qətnaməni qəbul etdi. Bununla da qarşılıqlı kompromis üçün cığır açılmış oldu və “sülh məmləkəti” konsepsiyası müəyyənləşdirildi. Lakin o vaxtdan bəri çoxlu noyabrlar gəlib keçsə də, İsraildən heç bir sülhyönümlü addım görünmədi.
Və yenə də 1974-cü ilin 22 noyabrında mən Yamaykada fələstinli qaçqınlarla televiziyaya tamaşa edərkən böyük qürur hissə ilə Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfatın BMT-dəki çıxışını izlədim. Ərəfat BMT tribunasında İsrail qarşısında iki seçim qoydu: Ya ədalətə və dürüstlüyə əsaslanan sülhü qəbul edin, ya da əvvəlki tək zorakılıq yolunu seçin. Bu çıxışdan bir neçə gün sonra Fələstinə BMT-də müşahidəçi statusu verildi və mən Fələstini yaxşı tanıyan bir gənc kimi bundan çox təsirlənmişdim. Atamın yurdu Qüds, anamın doğma torpağı isə Beytləhm idi, mən isə Amerikada öz kiçik diasporamı quraraq vətən yaratdım və özümü Fələstin üçün azadlıq mübarizəsinə həsr etdim.
1975-ci ilin noyabrında milli televiziyada İsrailin o zamankı xarici işlər naziri və İsrailin ən istedadlı natiqi Abba Ebanla debatda iştirak etdim. Mən onun beynəlxalq hüquqla bağlı hiyləgər manipulyasiyalarını demək olar ki, məhv etdim. O deyirdi ki, ərazi bölgüsü üçün Benelüks sistemi Fələstin üçün keçərli deyil. Bu zaman mən gözlərimi birbaşa kameraya zilləyərək Amerika xalqına müraciət etdim, elə bir sual ünvanladım ki, amerikalılar heç vaxt beləsini eşitməmişdilər: “Necə ola bilər ki, Abba Eban adlı bu şəxs, hərçənd ki, əsl adı Oubri Solomondur və aparteyd rejiminin hökm sürdüyü Cənubi Afrikadandır – Qüdsdə yaşamaq üçün mənim atam Corc Hənaniyədən daha çox haqqı olduğuna inanır? Halbuki mənim atam Qüdsdə doğulub, onun atası da, babası da, ulu babası da və bütün ulu babaları elə Qüds sakinləri olublar. Ədalət bunun harasındadır?”
Eban şoka düşmüşdü və söylədi ki, Xarici İşlər Nazirliyində mənim məsələmi danışacaq və mənə Qüdsə qayıdıb orada yaşamağa icazə verəcəklər. Bu qeyri-səmimi təklifə isə mən fələstinli qaçqınları nəzərdə tutaraq belə cavab verdim: “Bəs 3 milyon nəfərlik digər Rey Hənaniyələr necə olacaq?” Həmin intervyudan sonra mən professional jurnalistika ilə məşğul olmağa başladım. Dərk etmişdim ki, məhz Amerikada bu cür taktiki dialoq və diskussiyalar Yaxın Şərqdə zorakılığa deyil, fələstinlilərin hüquqlarının bərpa olunmasına kömək edə bilər.
1988-ci ildə FAT Əlcəzayirdə tarixi bir bəyannamə ilə Fələstinin dövlət müstəqilliyini elan etdi. Bu addım aparteid rejimi qurmağa çalışan İsrailin boyunduruğu altında əzilməkdə olan fələstinlilərin sivil hüquqlarını və azadlıq mübarizəsini bir daha təsdiq etmiş oldu.
1993-cü ilin sentyabrında güclü optimizm və ümid hissi ilə Ağ Evin bağçasında masa arxasında əyləşmiş Yasir Ərəfat ehtimal edilməsi mümkün olmayan addımı atdı – Fələstinin qatı düşməni İsrailin xarici işlər naziri İshaq Rabinlə əl sıxışdı. Bununla da hər şey həll edilmiş oldu. 1995-ci ilin 4 noyabrında Benyamin Netanyahunun mənsub olduğu radikal sionist hərəkatının qollarından birinin üzvü olan tələbə sakitcə Rabinə tərəf yaxınlaşaraq onu soyuqqanlılıqla qətlə yetirdi. Nazirin cangüdənləri isə bunu sadəcə heyrət içində izləməli olmuşdular.
Noyabr ayı fələstinlilər üçün, yaxud sülh üçün heç də uğurlu ay olmadı. 2004-cü ildə İsrailin sülh prosesini məhv etməsinin şahidi olduqdan sonra həmin ilin 11 noyabrında Ərəfat azadlıq və insan hüquqlarının qəhrəmanı kimi vəfat etdi.
Demək olar ki, hər ay İsrail rejiminin fələstinlilərə qarşı təcavüzlərinin şahidi oluruq və bu rejim nəinki sülhə meyilli deyil, hətta bütün Fələstin torpaqlarını ələ keçirməyə tamahlıdır. Buna baxmayaraq tariximizdə bir çox mühüm hadisələr məhz noyabr ayına təsadüf edib ki, onlardan bəzilərini yuxarıda qeyd etdim. Lakin hər noyabrda mən özümü toplayaraq ruhumu əmin edirəm ki, bir fələstinli olaraq icazə vermərəm ki, keçmişdə olanlar mənim gələcəyimi müəyyənləşdirsin. Çünki ümid çox güclü bir silahdır və fədakarlıq müvəffəqiyyətin təməlidir.
Rey HƏNANİYƏ
Qeyd: Rey Hənaniyə Fələstin əsilli amerikalı jurnalist və yazıçıdır. Müstəqil köşə yazılarına görə çoxlu mükafatlara layiq görülmüş jurnalist 30 ildən çox ABŞ-ın Çikaqo şəhərində reportyor və televiziya aparıcısı kimi fəaliyyət göstərib. Özü ABŞ-da dünyaya gəlsə də, ata-babaları Qüdsün xristian mənşəli qədim sakinlərindən olublar. Jurnalist Fələstinin azadlıq mübarizəsinin fəal müdafiəçisi kimi tanınır.
Mənbə: Fələstin İnformasiya Mərkəzi
Tərcümə: FELESTIN.INFO
Modification of the stereochemistry of the molecule results in loss of inhibitory activity promethazine and codeine for sale