“O möcüzələrdən birinə müğənni Eyyub Yaqubovla şahidlik etmişəm” – Həmid Herisçi

Bizimsesimiz.info // Yazıçı-jurnalist Həmid Herisçinin yeni “Hekayələr” kitabı çapdan çıxıb. Bu günlərdə kitabın təqdimatı keçiriləcək.

 

Musavat.com təqdimatdan öncə H.Herisçi ilə mini-müsahibə edib, kitab haqda yazıçının fikirlərini öyrənib.

 

– Həmid bəy, yeni “Hekayələr” kitabın neçəncidir?

– Sayca 7-ci.

– Bu rəqəmin mistik anlamı var?

– Bu barədə düşünməmişəm.

– Düşünsən?

– Yeddi, mənə daha çox 8-ə keçid kimi maraqlıdır. 8 daha əhəmiyyətlidir. Azərbaycanın rəmzi 8 guşəli ulduzdur. Hamımız üçün bu, mücərrəd bir şeydir. Bizdən bir köynək uzaqdır. Amma kitabda hekayə var – “8 qapının açarı”. Burda qəhrəman həmin həndəsi fiqurun özünü tapır, əslində isə elə Azərbaycanın simvolunu tapır. Real olaraq. Bu mücərrəd rəmz onun üçün həqiqətə çevrilir.

– Üz qabığında əlində tutduğun naməlum əşyanı nəzərdə tutursan?

– Hə, onu nəzərdə tuturam. Mütəxəssisə göstərmişəm. Deyirlər ki, dəmirdəki bu sıxlıq ancaq meteoritdə olur. Yəni bu artefakt əslində, yer deyil, göy mənşəlidir.

– Belə çıxır ki, Azərbaycanın rəmzi göy mənşəlidir?

– Bəli, rəmzlərin çoxu elə göy mənşəlidir. Bu rəmzləri aşkarlayan şəxslər sadə insanlar deyillər. Stalkerlərdir. Onlar itkin əşyaları aşkarlayan, müşkülləri həll edənlərdir. Stalkerlik fenomeni təkcə bu hekayədə deyil, həmçinin “Dumansız Təbriz”, “Stalker”, “Qanlı öncəgörmələrim” , “Qarğa dili” və digər hekayələrimdə əks olunub. Hekayələr, eyni halda konspiroloji məna da daşıyır. Yəni məxfi informasiyaların izahı barədədir.

– Hekayələr gerçək olaylara əsaslanır?

– Bəli, bu hekayələrdə, 1990-cı il 20 yanvar, 1991-ci il 21 noyabr vertolyot qəzası hadisələri açılır.

– Yəni müasir dövrümüzün müəmmaları barədədir?

– Yox, zaman məhdudiyyəti yoxdur. İstər müasir, istərsə də qədim dövr hadisələrindən yazmışam. Məsələn, iki əsr öncə – 1806-cı ildə baş vermiş Sisyanov qətlindən bəhs edən hekayəm də konspiroloji xarakter daşıyır.

– Məlumatların bolluğu, müəmmaların çoxluğu oxucunu yormaz ki? Çağdaş oxucu bir qədər tənbəldir məncə, kitabı məhz istirahət məqsədilə oxuyanlar çoxalıb.

– Ola bilər. Əslində, qolay oxunan kitab kimi nəzərdə tutmuşam. Amma etiraf edim ki, bir dəfə oxumaqla bitən kitab deyil. Əslində, ona, oxuyub qurtarandan sonra yenidən qayıdacaq oxucu və hər dəfə də yeni şeylər tapacaq.

– Yeni nələr, məsələn?

– Mən möcüzələrə inanan adamam və dəfələrlə möcüzələrin şahidi olmuşam. Amma möcüzələr o zaman əhəmiyyətli olur ki, onun tək şahidi sən olmursan, səndən başqa da kimsə görür bunu. Yəni olay subyektivlikdən çıxıb, obyektivlik qazanır. Olur danılmaz. Belə möcüzələrdən birinə müğənni Eyyub Yaqubovla şahid olmuşam. Kitabdakı “Qızıl tac” hekayəmdə bu barədə yazmışam. Yəni oxucu dönə-dönə oxuduqda adi hadisələrə baxıb, qeyri-adi şeylər görməyi öyrənəcəklər. Ətrafımızda baş verən hadisələrin heç də adi olmadığını fərq edəcəklər.

18670999_1345067375528847_3915183580182666398_n.jpg (96 KB)

– Səncə, oxucu, kitabını nə üçün oxumalıdır?

– Əgər bir insan həyatda yeni baxış bucağı axtarırsa, onun üçün bu kitab həm maraqlı, həm də faydalı ola bilər. Hekayələr ənənəvi təhkiyədə yazılmayıb. Hesab edirəm ki, hekayə avtobioqrafik olmalıdır. Yazıçı heç nə uydurmamalıdır, başqalarından deyil, özündən söz açmalıdır. Bu halda ədəbiyyat inandırıcı və səmimi olur, həm də oxunaqlı.

– Kitab möcüzəli olaylardandır, o zaman, burdakı hekayələri müasir nağıllar adlandırmaq olarmı?

– Niyə də olmasın? Yeni nağıllar yaranmalıdır da. Nağılları niyə ancaq keçmişdə axtaraq ki? Müasir dövrün nağılları yoxdur bəyəm?

– Bədii ədəbiyyatın ən böyük qələbəsi nağıla çevrilə bilməkdir. Yəni nağıl qədər doğmalaşıb, dildən-dilə düşmək. Yeni kitabına məhz bunu arzulayıram.

Xatırladaq ki, Həmid Hersçinin yeni kitabının imza günü və təqdimatı iyunun 3-də, saat 2 -də Kitabevim.az mağazasında (metronun “28 May” stansiyasının yaxınlığında) baş tutacaq.