Azərbaycanda ötən ilin mart ayından tətbiq edilən karantin rejimi bu günə qədər davam edir. Bu müddət ərzində bir çox insanlar karantin rejiminə uyğunlaşa bilmədiyindən, psixi problemlərlə üzləşdilər. Koronavirus xəstəliyinin genişlənməsi ilə əlaqədar həyat rejimin ciddi şəkildə pozulması, məktəblərin və iş yerlərinin bağlanması, insanların bir-birlərindən uzaq düşməsi onların psixoloji durumuna mənfi təsir göstərən amillərdir.

Bununla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın hər gün koronavirusa yoluxma statistikasını elan etməsi də birmənalı qarşılanmır. Ehtimallara əsasən, gündəlik açıqlanan yoluxma statistikası vətəndaşlarda panik atak, stress, həyəcan, müxtəlif fobialar yaradır. Bəziləri bunun insanların psixologiyasına mənfi təsir etdiyi qənaətindədir.

Koronavirusun müalicəsilə məşğul olan həkim-anestezioloq Şahin Məmmədov statistikanın hər gün elan olunmasını doğru hesab etmir:

“Hər gün yoluxma sayını göstərib insanların qanını qaraltmaq nəyə lazımdı? Guya bunun nəyəsə xeyri var ki?.. Niyə bir gün ərzində insult, miokard infarktı diaqnozu ilə ölənlərin sayı da xəbər saytlarında elan olunmur? Niyə təkcə COVİD-ə yoluxanlar?”,- deyə həkim-anestezioloq Operativ Qərargaha etiraz edib.

Yoluxma sayının açıqlanması insanların psixoloji durumuna necə təsir edir?

Tanınmış psixoterapevt Elmir Əkbər Modern.az-a bildirib ki, yoluxma statistikasının birmənalı qarşılanmaması gözləniləndir.

O təklif edib ki, hər gün yenilənən statistika platforması hazırlanmalıdır və insanlar ora daxil olaraq məlumat əldə edə bilər:

“Bu məsələ çox aktual və işıqlandırılması vacibdir. Ona görə ki, hər bir insanın psixi durumu fərqlidir və hadisələr müxtəlif təsir göstərir. Bir qrup insana yoluxma dinamikasını hər gün eşitmək, məlumatlı olmaq müsbət təsir edə bilər. Onlar yoluxma sayının artdığını gördükcə, daha da məsuliyyətli olub, qaydalara ciddi əməl edirlər. Amma digər insanlara isə mənfi təsir edə bilər.

Daha yaxşı olar ki, yoluxma statistikası yalnız səhifədə qeyd olunsun. Və bu statistika kimə lazımdırsa, girib oradan nəticəni öyrənəcək. Çünki biz yoluxma dinamikasının necə irəliləməsindən xəbərdar olmaq istəyən insanları bundan məhrum edə bilmərik.

Bəzi insanlar var ki, onlara psixoloji cəhətdən belə statistikanı bilmək qadağandır. Amma onlar özlərindən asılı olmadan maraqlanırlar. Belə insanlara psixoterapiya seansları keçirilir.

Mən düşünürəm ki, yoluxma statistikasını insanlara daimi şəkildə bildirməkdənsə, hər gün yenilənən platforma olsun və lazım olan şəxslər oradan maraqlansın”.

E.Əkbərin sözlərinə görə, koronovirus haqqında məlumatın ictimaiyyətə çatdırılması psixoterapevtik işdir:

“Bir məsələni də unutmalı deyilik ki, koronavirusdan vəfat etməyin ən vacib faktoru panika, panik atak, stress, həyəcandır. Çünki bu hallar insanda tənəffüs problemi yaradır. Düşünün ki, bu hal ilə paralel insanda həm də virus səbəbindən tənəffüs problemi varsa, gənc insan belə dünyasını dəyişir. Səbəbi hamı koronovirus bilsə də, əsas məsələ həmin şəxsin yaşadığı panikadır. Bu həssas mövzudur. Ümumiyyətlə, koronovirus haqqında məlumatın əhaliyə necə çatdırılmalı olduğu qaydası psixoterapevtik işdir. Araşdırma aparıb, ona uyğun addım atılmalıdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here