Orxan Camalın Afrikada qətli – YENİ TƏFƏRRÜAT

Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsinin yeni təfərrüatı məlum olub.

Bizimsesimiz.info xəbər verir ki, BBC-nin Rus xidməti Araşdırmaların idarə edilməsi Mərkəzinin prodüserinin Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko üçün MAR-da çəkilişlər aparılmasının təşkilində yardım edən fikser Martinlə yazışmasını araşdırıb.

Bildirilir ki, Martini Araşdırmaların idarə edilməsi Mərkəzinə Federal xəbər agentliyinin müxbiri Kirill Romanovski məsləhət görüb. O, Martini MAR-da BMT missiyasının əməkdaşı kimi təqdim edib. Lakin BMT-nin MAR-dakı missiyasının nümayəndələri hələ avqustun 1-də bildirdilər ki, belə bir əməkdaş onlarda yoxdur.

Prodüser iyulun 9-da Martinlə əlaqə saxlayaraq deyib ki, çəkiliş qrupu MAR-da işlədiyi ehtimal olunan rusiyalı muzdlu döyüşçülər barədə süjet hazırlamaq istəyir. O həmçinin qeyd edib ki, nə muzdluların, nə də Rusiya hökumətinin bu barədə məlumatı var.

Martin jurnalistlərə özlərini rusiyalı turistlər kimi təqdim etməyi məsləhət görüb.

İyulun 26-da Martinə xəbər verildi ki, jurnalistlər ayın 29-da MAR-a gələcəklər. O isə deyib ki, qızıl, almaz və uran mədənlərinin olduğu Bambari şəhərində olacaq. Martin çəkiliş qrupu üçün bu obyektlərə giriş icazəsinə malik Byenvenyu adlı sürücü-tərcüməçi göndərəcəyini vəd edib.

Aviareys təxirə salındığı üçün jurnalistlər MAR-a iyulun 28-də gəliblər. Martinin sonuncu məlumatında (28 iyula keçən gecə) deyilirdi ki, o, “National” xəstəxanasına maşın göndərib.

Sürücü çəkiliş qrupunu Bambariyə aparmalı idi, lakin Sibyu şəhərindən sonra jurnalistlərin olduğu avtomobil digər istiqamətə – şimala yollanıb. Jurnalistlər məhz bu şəhərdən 23 kilometr aralıda ölü tapılıblar.

Sağ qalan sürücü bildirib ki, Sibyuda blok-postda onları Respublika ordusunun döyüşçüləri saxlayaraq Bambariyə gecə vaxtı getməməyi və Sibyuda gecələməyi məsləhət görüblər. O deyib ki, öncə jurnalistlər razılaşsa da, sonra Dekoe qəsəbəsinə getmək istədiklərini bildiriblər.
Nduvokema iddia edir ki, yolda onlardan ikisi başlarına qoruyucu kaskalar qoyaraq tapançaları çıxarıblar.

Byenvenyu deyib ki, saat 21.50-də onların olduğu maşını silahlı şəxslər saxlayıblar. Onun özünü bir tərəfə, çəkiliş qrupunun üzvlərini isə digər tərəfə aparıblar.

Yüksək səslə danışıqdan sonra atəş səsləri eşidilib.

Yerli jurnalistin Byenvenyu ilə müsahibəsinin stenoqrammasını çap edən “Novaya qazeta” qeyd edirdi ki, Byenvenyunun dedikləri bir-biri ilə düz gəlmir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir