Bu günlərdə Zərdabda yaşanan olay cəmiyyətdə xeyli müzakirələrə səbəb oldu. Belə ki, rayonda bəy və gəlini COVID pasportu olmadığı üçün toya buraxmayıblar. Cütlük xəstəxanaya gedərək, orada peyvənd olunduqdan sonra zala girməyə icazə verilib. Cəmiyyətdə bu tragikomik bir olay kimi qarşılanıb. Onsuz da toy günü stress, həyəcan yaşayan gənclər üçün bu olay, yəqin ki, onların xatirəsində ömürlük psixoloji travma kimi qalacaq.

Məgər peyvəndi bir gün sonra vurdurmaq olmazdı? Axı bu, onların özəl günü idi. Doğrudur, qanun belə tələb edir. Bəs mənəvi tərəf? Məgər cəmiyyət təkcə yazılı qanunlarla idarə olunur? Yazılmamış qanunlar necə olsun bəs? Digər tərəfdən, elə toy günü axşam peyvəndin ağır fəsadı özünü göstərə, gənclərin halı pisləşə bilərdi.

Zərdabda "COVID" pasportu olmayan bəy və gəlin şadlıq evinə buraxılmayıb -  FOTO

Daha bir məsələ. Xatırladaq ki, bu günlərdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirmişdi ki, yeni ailə quranlara vaksinasiya olunmaq tövsiyə edilmir:

“Yaxşı olardı ki, ailə qurmamışdan, uşaq planlamasından öncə peyvənd vurdurulsun. Çünki hamiləlik vaxtı virusa yoluxma müəyyən çətinliklərə səbəb ola, uşağın inkişafına təsir edə bilər”.

Lakin sonradan TƏBİB “olunmur” sözünü təkzib edərək, “olunur” kimi açıqladı. Zərdabda toy olayının geniş müzakirələrə səbəb olmasının bir amili də bu idi. Əksəriyyət yeni evlənənlərin vaksin olunmasının təhlükəli olduğunu vurğulayıb.

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”

Azad İsazadə: “Vahid bir təcrübə yaranmayana qədər gördüyümüz yarıgülməli, tragikomik vəziyyət yaşanacaq”

Tanınmış psixoloq Azad İsazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu haqda birmənalı fikir bildirmək çox çətindir. Ümumiyyətlə isə, bir tərəfdən dedilər ki, yeni evlənənlərə vaksin tövsiyə olunmur, digər tərəfdən dedilər ki, olunur. Bunun məntiqi nədir, onu anlaya bilmədim. Bir tərəfdən deyirlər ki, vaksin təhlükəsizdir, amma həm də deyirlər ki, birinə olar, yeni evlənənlərə yox. Digər tərəfdən, lap tutaq ki, hamıya vaksin olar. Amma bəylə gəlinə vaksin vurub, toya buraxmağın özündə də bir məntiq yoxdur. Yəni məlum məsələdir ki, vaksin vurulan andan təsir göstərmir, bunun üçün bir müddət lazımdır. Hələ bunun ikinci peyvəndi də var. Beləliklə, həmin gün bəylə gəlinə vaksin vurulub, vurulmamasının arasında bir fərq yoxdur”.

Psixoloq qeyd etdi ki,  bu problem təkcə Azərbaycanda yaşanmır, bütün dünya bu cür məntiqli-məntiqsiz qaydalar yaradır: “Ən böyük problem isə odur ki, bəzən bu qaydalar bir-birinə zidd olur. Məsələn, aeroport bir, dövlət digər, sərhədçilər isə başqa qayda qəbul edir. Hər kəs başa düşdüyü qədər koronavirusdan qorunmağa çalışır. Beləliklə, hələlik vahid bir təcrübə yaranmayana qədər gördüyümüz yarı-gülməli, tragikomik vəziyyət yaşanacaq. Təsəvvür edin, toya gələn qonaqlar buraxılır, bəylə gəlin isə zala buraxılmır. Onlar da aparılıb vaksin olunur, sonra buraxılır. Vaksinin həmin gün vurulub-vurulmamasının da heç bir təsiri yox idi. Real başa düşürük ki, virusa qarşı acizik, bu acizliyə görə də bəzən gülməli, qeyri-məntiqli hərəkətlər edirik.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK  BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu: “Bəylə gəlini peyvənddən sonra zala buraxmağın adı nadanlıqdır!”

Əlbəttə ki, məmurun qarşısına tapşırıq qoyulub ki, bunu belə etməlisən. Amma koronavirusla bağlı qoyulan tələblərdə məntiqsizlik var. Məsələn, restorana girəndə maska taxmalıyam, masa arxasında əyləşib, dost-tanışla yemək yeyib, söhbət edəndə maskanı çıxartmalıyam, daha sonra maska taxıb, restorandan çıxmalıyam, restorandan çıxan kimi də maskamı çıxardıram. Bu bir qədər gülməlidir. Amma tələb var ki, qapalı yerdə maska taxılmalıdır və məmur bunu bizdən tələb edir. Lakin hər kəsə aydındır ki, bu tələb heç də bizi virusdan qorumur. O cümlədən də toy məsələsində də belədir. Beləliklə, son fikirlərim ondan ibarətdir ki, koronavirusa qarşı hələlik ümumi qayda yaranmayıb, məmurları koronavirusa qarşı məntiqli tədbirlər maraqlandırmır, onlardan nə tələb olunursa, vətəndaşlardan onları tələb edirlər. Amma düşünürəm ki, gec-tez bu məsələ öz həllini tapacaq”.

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bəzi  qurumlar yalnız statistika haqqında düşünür:

“Yəni çalışırlar ki, gün ərzində daha çox statistika təqdim etsinlər. Təşkilat rəhbərlərini də maraqlandıran məhz həmin statistikadır. İnsana qarşı qayğı, onun haqqında düşünmək kimi amillər bir çox təşkilat rəhbərlərində müşahidə olunmur. Eyni zamanda müvafiq qurumlar da var ki, onlar məsələnin mənəviyyat tərəflərini bəzən düşünmək istəmirlər. Zərdabda olan olaya gəldikdə isə, məlum olub ki, bəylə gəlini dərhal aparıblar vaksinasiyadan keçirib, sonra zala buraxıblar. Bunun adı nadanlıqdır! Çünki vaksinasiya ilə bağlı məsələlər hələ tam aydınlaşmayıb. Bilinmir gələcəkdə ola biləcək dölə o vaksinasiya necə təsir edəcək və sairə. Həkimlər də bir çox hallarda bu məsələyə etinasız yanaşır. Məsələn, mənim bölgədə yaşayan 60 yaşlı bacıma onun hansı xəstəlikləri olub-olmadığını soruşmadan vaksin vurublar. Nəticədə ortaya fəsadlar çıxıb, həyati təhlükə ilə üz-üzə qalıb.

Əlbəttə ki, vaksinasiya olunmaq vacibdir, dünyanın hər yerində bir nömrəli aktual məsələ vaksinasiya ilə bağlıdır. Yəni dünya vaksinasiya sayəsində pandemiya bəlasından qurtulmağa çalışır. Lakin bunu da qaydasında aparmaq lazımdır. İlk növbədə vaksin olunan şəxsdən onun hansı xəstəlikləri olub-olmadığı soruşulmalıdır. Daha sonra axı yeni vaksin olunan şəxsi dərhal insanların sıx olduğu yerə buraxmağın özü təhlükədir. Vaksin olunan şəxs azı 1-2 gün insanlardan təcrid edilməlidir, nəinki yan-yana durub toy etmək”.

Sosioloq vaksinasiya prosesi ilə bağlı düzgün maarifləndirilməyə ehtiyac olduğunu vurğuladı:

“İlyarımdır ki, mətbuat vasitəsi ilə çağırışlar edirəm ki, əhalini maarifləndirmək lazımdır. Əgər biz əhalini maarifləndirsəydik və tələb olunan səviyyədə işləsəydik, əhali də məsələyə etinasız yanaşmazdı. Dəfələrlə bildirdik ki, toylar açıq havada keçirilsin. Yəni əsas məqsəd o idisə ki, gənclərimiz evlənsin, onda elə açıq havada, daha təhlükəsiz şəkildə toyların keçirilməsinə icazə verilərdi. Niyə yenidən köhnə qaydalar, üsullar tətbiq edildi?”

Xalidə GƏRAY

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here