Polkovnik erməni təxribatlarının gizlinlərini açdı
Bizimsesimiz.info // Azərbaycanın Ali Baş Komandanı imitasiya xarakterli danışıqlara getməyəcəyini konkret olaraq bəyan edib.
Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb.
Polkovnikin sözlərinə görə, Ermənistan cəbhəyanı bölgələri və dinc sakinləri atəşə tutmaqla Azərbaycanı adekvat addımlar atmağa təhrik etməyə çalışır ki, bu da İrəvanın çıxış yolunun tükəndiyindən xəbər verir:
“Qarabağ uğrunda müharibə davam edir, sadəcə olaraq, hələ təmas xəttində aktiv irimiqyaslı əməliyyatlar başlamayıb. Azərbaycan əsgəri öz yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməklə bağlı hər ən böyük əmri yerinə yetirməyə hazırdır”.
Ekspert bildirib ki, cəbhə xəttində ermənilərin son təxribatları müəyyən səbəblərdən qaynaqlanır:
“Ermənistan hakimiyyəti ölkədə siyasi gərginlik olan kimi cəmiyyətin fikrini yayındırmaq üçün məhz bu cür təxribatlara əl atır. İkinci məsələ odur ki, Ermənistan danışıqlar ərəfəsində, beynəlxalq qurumların Qarabağla bağlı konkret təklifləri qarşısında aciz qalan zaman dərhal Qarabağda gərginlik yaradır”.
Polkovnikin sözlərinə görə, Ali Baş Komandan imitasiya xarakterli danışıqlardan çoxdan imtina edib:
“Bu isə münaqişənin hərb yolu ilə həllinin yaxınlaşması deməkdir. Ermənistan təxribatları artırdıqca, Qarabağın işğalının ömrü də azalır. Aprel hadisələri ermənilərə yaşayış məntəqələrini atəşə tutan zaman hansı nəticələrlə üzləşəcəklərini göstərib. Azərbaycanın imkanları böyükdür və tezliklə onlar işə salınacaq”.// axar.az