Polşanın Krakov və Malopolye regionunun 2023-cü il III Avropa Oyunlarına ev sahibliyi etməsinə dair öhdəliyini nəzərdə tutan müqavilə hələ bağlanılmayıb.

TİA.AZ-ın məlumatına görə, yerli rəsmilər bunun üçün Polşa hökumətinin əlavə dəstəyinə ehtiyac duyduqlarını açıqlayıblar.

Şəhər meriyasından bildirilib ki, hökumətin lazımi infrastruktura subsidiya ayıracağı təqdirdə Oyunları təşkil etməyə razılaşacaqlar. Lakin Polşa baş nazirinin müavini Yatsek Sasin deyib: “Oyunların təşkilatçı hökumət yox, Krakovdur”.

Dalandan çıxacağı ümidi ilə Avropa Olimpiya Komitəsi (EOC) gələn ay Polşaya nümayəndə heyəti göndərəcək. EOC təşkilatçılarla sıx əməkdaşlıq etdiklərini və müqavilənin tezliklə bağlanılacağına əminliklərini vurğulayıb.

Yerli mətbuat isə Avropa Oyunlarının Polşanın digər regionu Sileziyaya keçirilməsinin mümkünlüyünü yazıb. Qeyd edək ki, 2019-cu ildə uşaqlar arasında “Eurovision” mahnı müsabisəqi Krakovda təşkil edilməli olsa da, Sileziyanın Qlivitse şəhərinə keçirilib. Bu qərar maliyyələşmə ilə bağlı mübahisələr üzündən qəbul edilib.

İlk Avropa Oyunlarına 2015-ci ildə Bakı, ikincisinə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here