Problemli kreditlər: onları qaytarmağın bircə yolu var

Ekspert: “Hökumətin və Mərkəzi Bankın yardımı olmadan problem həllini tapmayacaq, bu, məhkəmə yolu ilə həll olunası məsələ deyil…”

Azərbaycanda manatın ard-arda iki dəfə kəskin devalvasiyasından sonra xarici valyuta ilə kredit götürən şəxslərin vəziyyəti çətinləşdi. Ekspertlər xarici valyuta ilə bağlı kredit götürən şəxslərə güzəştlər edilməli olduğunu söyləsələr də, Konstitusiya Məhkəməsinin 22 sentyabr qərarından sonra güzəştlərə olan ümidlər də itdi.

Qərara əsasən, kredit götürən şəxslər borclarını manatın cari məzənnəsi ilə qaytarmalıdır. Problemli kreditlərin həcmi isə heç də az deyil. Belə ki, son rəsmi məlumatlara görə, bu, təxminən 1,8 milyard manata yaxındır.

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əslində problemli kreditlərin həcmi daha böyükdür: “Çünki Azərbaycanda yerli statistik məlumatlar hesablanan zaman obrazlı desək, aylıq 1000 manat ödənişi olan, hətta 50 manat ödəyirsə, bunu problemli kredit saymırlar. Əslində isə dünya praktikasına görə, bu da problemli kredit sayılır. Buna görə də beynəlxalq reytinq agentliklərinin hesablamalarında rəsmi rəqəmlərdən 2 dəfə çox problemli kreditlərin olduğu deyilir. Bizdə rəsmi rəqəmlərə görə, ümumi kredit portfelinin 16-17 faizi problemli kredit sayılır. Ancaq beynəlxalq reytinq agentliklərində bu rəqəm 30 faiz olaraq qeyd edilir. Yəni həcm kifayət qədər böyükdür və bu, on minlərlə insanı əhatə edir. Ümumi Azərbaycanda kredit götürənlərin sayı təqribən 2.3-2.5 milyon nəfərdir. Yəni təxminən hər ailədən 1 nəfər kredit götürən var. Onların da 30 faizi problemli kreditdirsə,  bu, az qala 700 minə yaxın insanın kreditini qaytara bilməməsi deməkdir. Konstitusiya Məhkəməsinin qərarında da yenə də banklara şərait yaradıldı ki, onlar məhkəməyə müraciət edib, kreditləri tələb edə bilsinlər. Ancaq bu, məhkəmə yolu ilə həll olunası problem deyil. Çünki 100 minlərlə insandan söhbət gedir. Məhkəmə qərarı ilə 100 minlərlə insanı həbs edəsi deyillər. Bu, sosial problemlərə gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, Azərbaycanda problemli kreditlərlə bağlı hökumət və Mərkəzi Bank normal qərar verməyə məcbur olacaq. Çünki hökumətin və Mərkəzi Bankın yardımı olmada problem həllini tapmayacaq.  Bu cür problemi banklar öz gücləri hesabına həll edə bilməyəcəklər. Vətəndaşların da artıq ödəniş qabiliyyətləri o qədər aşağı düşüb ki, problem vətəndaşın çiynində qaldıqca, sadəcə olaraq, faizlər qalxacaq. Nəticədə vətəndaş da problemli krediti ödəməkdə çətinlik çəkəcək və ödəməyəcək. Son 3 ilin dinamikasına baxdıqda görürük ki, problemli kreditlər hər ay artır. Deməli, bu problem arta-arta da gedəcək və bunun həlli üçün dövlətin müdaxiləsi lazım gələcək. Dövlətin müdaxiləsi gecikdikcə isə problemin həllinin qiyməti qalxır. Əgər 3 il öncə dövlət, bank və vətəndaş arasında məsuliyyət 3 yerə bölünsəydi, problemin həlli üçün təqribən 1.3 milyard manat vəsait lazım olacaqdı. Bu gün isə problemin həlli üçün artıq 4 milyarddan da yuxarı vəsait lazımdır. Yəni gecikdirildikcə problemin həlli üçün xərclənə biləcək vəsaitin həcmi də artır”.

Ä°lgili resim

Ekspert bildirib ki, Beynəlxalq Bankla bağlı güzəştlər tətbiq olunan zaman bəzi nüanslar diqqətə alınmadı: “Həmin vaxt təxminən 700-ə yaxın kredit alan iri şirkətlər və bəzi fiziki şəxslər vardı ki, onların borcu az qala 10 milyarda yaxın idi. Mərkəzi Bank və dövlətin köməkliyi ilə Beynəlxalq Bankın borcları təmizlənən zaman onların da problemlərinə göz yumuldu. Təkcə elə ”Xəzər adaları” layihəsində Beynəlxalq Bankın təqribən 600 milyon manata yaxın vəsaiti batdı. Digər banklarda da oliqarxlara, iri şirkətlərə məxsus bu tipli kreditlər var. Hesab edirəm ki, bunları bir-birindən ayırmaq lazımdır. İlkin mərhələdə 30-40 minə qədər problemli kreditin həlli barədə düşünmək lazımdır. Problemli kreditlərin də məhz  80-90 faizini bu tipli kreditlər tutur. İlk növbədə bu problemli kreditlər həll olunmalı, yerdə qalanları isə  fərqli formada həll etmək lazımdır. Əgər bu, dələduzluq sxemləri vasitəsilə, bank vəsaitinin əldə edilməsi məsələsidirsə, cinayət işi qaldırılıb, normal araşdırma aparılmalıdır. Bununla da məsələdə günahı olanlar öz cəzalarını almalıdırlar”.

Cəfərli onu da bildirdi ki, banklar öz hesablarına problemin həllinə nail ola bilməzlər: “Son illərdə bankların fəaliyyətində müəyyən irəliləyişlər var. Çünki məzənnənin sabit qalması yenidən bank kreditlərinin artmasına və müəyyən dərəcədə bank sistemində canlanmaya səbəb olub. Ancaq bu, o dərəcədə deyil ki, banklar öz qazancları hesabına problemi həll etsinlər. Rəsmi rəqəmlərə görə, bankların böyük əksəriyyəti hələ də ziyanla işləyir. Yəni bunu öz gücləri və gəlirləri hesabına bağlamaq çətin olacaq. Onu da nəzərə almaq lazımdır ki, həmin bankların özlərinin də xarici öhdəlikləri var. Təqribən bu rəqəm 2 milyard dollara yaxındır. 2015-ci ildə isə 4 milyard idi və yarıya qədər azalma müşahidə olunur. Banklar hazırda gözləmə mövqeyi tutublar. Hesab edirlər ki, sonda dövlət güzəşt edəcək və onlar da bundan pay almağı düşünürlər. Yəni hesab edirlər ki, öz gücləri hesabına müəyyən addımlar atsalar, sonradan güzəştlərdən və ayrılacaq paydan məhrum olarlar. Düşünürəm ki, bankların gözləmə mövqeyi tutmaları da bununla bağlıdır”.

Əli RAİS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir