Nəcməddin Ərbakan 1926-cı il 29 oktyabrda Sinopda doğulmuşdur. Atası Adananın Kozan və Saimbəyli bölgəsində yaşamış Kozanoğullarından Məhəmməd Səbri Ərbakandır.
Ağır cəza rəisi olan atasının müxtəlif yerlərdə vəzifəyə təyin olunması səbəbindən uşaqlığı ayrı-ayrı şəhərlərdə keçən Ərbakanın anası da Sinopun tanınmış ailələrindən birinin qızı olan Qəmər olmuşdur.
Nəcməddin Ərbakan ibtidai sinfə “Kayseri Cümhuriyyət İbtidai Məktəbi”ndə getməyə başladı. Atasının Trabzona vəzifəyə təyin edilməsinə görə ibtidai təhsilini burada əlaçı olaraq tamamladı.
Ərbakan xocanın ilk mənəvi təsirlənməsi hələ 3 yaşında ikən Kayseridə qaldıqları evin qarşısındakı tarixi Laləli Camesində verilən azanlar və qılınan camaat namazları ilə başlamışdır. Onun uşaqlıq illəri bu camenin eyvanında keçmişdir. Ələlxüsus 1928-ci ilin sonunda bu camedə qılınan bir cənazə namazından olduqca təsirlənmişdir.
Çox kiçik yaşlarda namaza və oruca başlayan Ərbakan daha sonralar yenə atası Məhəmməd Səbri bəyin təqaüdə çıxıb məskunlaşdığı İstanbul Fatehdəki İskəndərpaşa Came imamı Məhəmməd Zahid Kotku həzrətləri kimi dövrün önəmli elm və ürfan əhlindən istifadə etmiş və mənəvi kamilləşmə mərhələsində bu böyük şəxsiyyətlərin tərbiyəsində yetişmişdir.

1937-ci ildə ibtidai təhsilini tamamladıqdan sonra həmin il “İstanbul Oğlan Liseyi”ndə orta təhsilinə başladı. Məktəbdəki çalışqanlığına görə dostları tərəfindən ona “Dərya Nəcməddin”, – deyə müraciət edilirdi. Məktəbdə “Sıfırçı Avni” olaraq tanınan fizika müəllimindən ilk dəfə 10 alan şagird olmuşdur.
Bütün sinifləri iftixarla keçən Nəcməddin Ərbakan “İstanbul Oğlan Liseyi”ni 1943-cü ildə əlaçı olaraq bitirdi. O dövrlərdə liseyi əlaçı olaraq qurtaranları universitetlərə imtahansız qəbul edirdilər. Lakin Nəcməddin Ərbakan imtahansız daxil olmağı rədd edərək girdiyi imtahanda böyük bir müvəffəqiyyət göstərincə “İstanbul Texniki Universiteti”nin ikinci kursundan ali təhsilinə başladı. İbtidai sinfə altı yaşında, universitetə də ikinci kursdan başladığına görə özündən iki yaş böyük olanlarla eyni kursda təhsil aldı. “Texniki Universitet”dəki kurs yoldaşları arasında Süleyman Dəmirəl və Turqut Özal vardı.
Universitet illərində universitet tələbələrinin namaz qılması üçün məscid açılması məsələsində böyük cəhd göstərmiş və açılan məsciddə həm namaz qılmış, həm də elmi və dini söhbətlər etmişlər.
1948-ci ilin yayında “İstanbul Texniki Universiteti”ndən böyük müvəffəqiyyətlə məzun olan Ərbakan həmin ilin iyununda “Maşınçılıq Fakültəsi Motorlar Kursu”nda assistent olaraq vəzifəyə başladı. 1948–51-ci illər arasındakı bu 3 illik assistentlik dövründə o zaman doktorluq dissertasiyasının yerini tutan qabiliyyət dissertasiyasını hazırladı. Siniflərdə dərs demək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq özü assistent olduğu halda, dərs deməsinə izin verilmişdir. Qabiliyyət dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Axen Texniki Universitetində[1] elmi araşdırmalar aparmaq, elm və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan “DVL Araşdırma Mərkəzi”ndəki araşdırma ilə məşhur olan və V1 və V2-ləri inkişaf etdirən professor Şmit ilə birlikdə çox uğurlu çalışmalar apardı. Axen Texniki Universitetində çalışdığı il yarımda, biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan Almaniya universitetlərində keçərli olan “Doktor-Mühəndis” (Dr. İng.) adını aldı. // ardı var

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here