Professor Nəcməddin Ərbakanın həyatı- II HİSSƏ

Almaniya İqtisadiyyat Nazirliyi üçün mühərriklərin daha az yanacaq yandırmaları mövzusunda araşdırmalar apararaq məruzə edən və bu arada da dosentlik dissertasiyasını hazırlayan Ərbakanın “Dizel mühərriklərdə püskürdülən yanacağın necə yandığını” riyazi olaraq izah edən bu dissertasiyası alman elm dairələrində böyük əks-səda doğurdu. Dissertasiya elmi məcmuələrdə nəşr edildiyi üçün o tarixdə Almaniyanın ən böyük motor fabriki olan və dünyada mühərrikin ilk istehsal olunduğu Doyç motor fabriklərinin baş direktoru Professor Dr. Flaç tərəfindən Leopard tanklarının mühərrikləri ilə əlaqədar araşdırmalar aparmaq üçün bu fabrikə dəvət edildi.
Almaniya İqtisadiyyat Nazirliyinin Ruyr[2] sahəsindəki fabriklər üzərində araşdırma aparmaq üçün vəzifələndirilən heyətdə onun da iştirak etməsi istənildiyinə görə 15 gün Ruyr bölgəsindəki bütün ağır sənaye fabriklərini gəzib araşdırma fürsəti əldə etdi.
II Dünya Müharibəsindən sonra Almaniya universitetlərində doktorluq edən ilk türk elm adamı olan Ərbakan 1953-cü ildə dosentlik imtahanı vermək üçün İstanbula gəldi. İmtahan nəticəsində 27 yaşında Türkiyənin ən gənc dosenti olma müvəffəqiyyətini qazanan Nəcməddin Ərbakan araşdırmalar aparmaq üçün təkrarən Almaniyanın Doyç fabriklərinə getdi. Burada 6 ay müddətində mühərrik araşdırmaları üzrə baş mühəndis olaraq alman ordusu üçün aparılan araşdırma fəaliyyətlərinə qoşuldu.
1953-cü ilin noyabrında “İstanbul Texniki Universiteti”nə qayıdan Ərbakan 1954-cü ilin may ayı ilə 1955-ci ilin oktyabr ayı arasındakı zamanda əsgərlik vəzifəsini yerinə yetirdi. İstanbul Kağıthanədəki 6 aylıq ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam nəzarət bölüyündə 6 ay kiçik-leytenant, 6 ay da leytenant olaraq maşınların nəzarət və təmir hissəsində xidmət etdi.
Bu xidmət əsnasında hər il Amerikadan alınan təchizatın siyahısını hazırladı. Hazırladığı bu siyahı Amerikan yardım heyətinin diqqətini çəkmiş və bir amerikalı polkovnik bu siyahını hazırlayan şəxslə görüşmək istədiyini məktəbin komandiri Şərəf Özdiləyə bildirmişdir. Məktəbin komandiri də polkovniki Ərbakanın yanına gətirmiş və polkovnik: “Siz bu günə qədər Amerikadan yardım olaraq gizləmə toru, bel, külüng və s. kimi şeyləri istərkən bu il nəzarət bölüyü üçün iş maşınlarının təmir olunması əsnasında emal edilməsi lazım olan müxtəlif hissələrin emalatı üçün dəzgahlar istəmisiniz. Necə olur ki, bu dəzgahları istəyirsiniz?” – şəklində danışınca Ərbakan Amerikan ordusu quruluş təlimatnaməsini açaraq: “Bizim işi görən Amerikadakı həmin birliklərdə bu dəzgahlar var, bizdə nə üçün olmasın?” – deyə cavab verincə amerikalı polkovnik deyəcək söz tapmamış və bir sözlə, dəzgahlar gəlmişdir.
Əsgərlik xidmətindən sonra təkrarən universitetdəki işinə qayıdan Nəcməddin Ərbakan “İstanbul Texniki Universiteti Motorlar Laboratoriyası”nda 100 ədəd yerli ilk motoru düzəltdi və 1956-cı ildə Türkiyədə ilk yerli motoru davamlı halda emal edəcək 200 ortaqlı (şərikli) “Gümüş Motor Səhmdar Cəmiyyəti”ni qurdu. Ərbakanda belə bir fabrik qurma fikri Almaniyada işlədiyi əsnada “Türkiyə Aqrar Təchizat Təşkilatı”nın sifariş verdiyi mühərrikləri görüncə oyanmışdı. Vətənə qayıtdıqda bu fəaliyyətə başladı. Bu gün “Pancar Motor” adı altında işləyən fabrikin təməlini 1 iyul 1956-cı ildə atdı. “Gümüş Motor” fabrikində davamlı istehsal 1 mart 1960-cı ildə başlamışdır.
O dövrün baş naziri rəhmətlik Adnan Menderes 1960-cı illərin əvvəllərində fabriki gəzərkən: “Mən də fermerəm, bu motorlardan özüm də istifadə etmişəm. Bunun nə qədər böyük bir addım olduğunu çox yaxşı bilirəm. Türkiyədə bunların icra edildiyini görmək, məni son dərəcə məmnun etmişdir. Kaş ki mən bu fabriki 1960-cı ildə deyil, 1950-ci ildə görəydim. O vaxt Sümərbankın bir çox fabriklərini özəl sektora satar, ondan aldığım pul ilə Türkiyədə ağır sənaye fabriklərini qurardım”, – deyərək hisslərini dilə gətirmişdir. Menderes həmçinin fabrikin ehtiyacı olan 1. 300000 dollarlıq valyutanı da bir gündə təxsis etdirmişdir.
“Gümüş Motor Fabriki”, digər adı ilə “Pancar Motor Fabriki” 1960-cı ildən bəri 40 ildən çox bir vaxtda Türkiyənin torpaqlarını sulayan, inşaat maşınlarını, kiçik traktorları, dəniz qayıqlarını və kiçik gəmiləri hərəkətə gətirən motor ehtiyacını təmin etməkdə və həmçinin Suriya, İran, Pakistan və Sudan kimi qardaş ölkələrə motor ixrac etməkdədir. // ardı var