Professor Nəcməddin Ərbakanın həyatı- III HİSSƏ
1960-cı ildə Ankarada keçirilən Sənaye Konqresində “Gümüş Motor”un emalatlarını təqdim edən Ərbakan “Yeni hədəf avtomobillərin Türkiyədə istehsal olunmasıdır” – fikrini ortaya atmış, o zaman rəhbərlikdə olan hərbçilər tərəfindən rəvac tapan bu fikir üzərinə “Əskişəhr Dəmiryollar CER” emalatxanasında “İnqilab avtomobili” adı ilə ilk yerli avtomobil emal edilmişdir. Hərbi rəhbərlik “Gümüş Motor Fabriki”ni gəzmiş, fabrik onlarda böyük maraq və həyəcan oyandırmışdır. Buna görə Nəcməddin Ərbakan “Milli Müdafiə Nazirliyi”nin konfrans salonunda 200-ə yaxın general və üst rütbəli zabitə “Sənaye Konfransı” vermişdir. 1965-ci ildə professor olan Ərbakan, 1966-cı ilin fevralında “Odalar Birliyi Sənaye Dairəsi Sədarəti”nə gətirildi. Daha sonra Baş Katib olan Ərbakan, 1968-ci ilin mayında “Odalar Birliyi İdarə Heyəti” üzvü, 1969-cu ilin mayında isə “Odalar Birliyi”nin sədri oldu. O zamankı Dəmirəl hökuməti hər cür qanuni hökmləri heçə sayaraq Ərbakanı polis gücü ilə vəzifəsindən uzaqlaşdırdı.
Xoca Türkiyə “Odalar Birliyi Sənaye Dairəsi” sədri olduğu zaman tanış olduğu, həmin qurumda işləyən, iqtisadiyyat məzunu, yaxşı ingiliscə, kifayət qədər almanca və fransızca bilən, ölkə və dünyadakı hadisələri yaxından izləyən əxlaqlı, anlayışlı, ağırbaşlı və bir xanım-xatın olan Nərmin Ərbakanla 1967-ci ilin yanvarında evləndi. 1967-ci ilin sonlarında böyük qızları Zeynəb və 1974-cü ilin oktyabrında Əlif, 1979-cu ildə yeganə oğulları Məhəmməd Fateh dünyaya gəldi.

Sənayeyə lazımi diqqət göstərilmədiyinə görə siyasətlə məşğul olma qərarına gəldi və deputatlığa namizəd olmaq üçün “Ədalət Partiyası”na müraciət etdi. Burada veto edilən Ərbakan 1969-cu il seçkilərində Konyadan müstəqil olaraq namizədliyini irəli sürdü və iki deputat seçdirəcək qədər səs yığaraq Məclisə daxil oldu.
1970-ci il 24 yanvarda Ərbakan tərəfindən “Milli Görüş Hərəkatı”nın qurulan ilk partiyası olan “Milli Nizam Partiyası” 1971-ci il aprel ayında çevriliş üsul idarəsinin də təzyiqi ilə antidemokratik bir şəkildə Konstitusiya Məhkəməsi tərəfindən bağlandı. Ərbakan istirahət və müalicə üçün bir müddət İsveçrəyə getdi.
Daha sonra 11 oktyabr 1972-ci ildə qurulan “Milli Səlamət Partiyası” (MSP), Süleyman Arif Əmrənin rəsmi rəyasətində, Ərbakan xocanın isə təbii liderliyi ilə iştirak etdiyi seçkilərdə, 12 səslə 48 deputat və 3 senator yeri qazanaraq 51 deputatla Məclisə daxil olub qrup yaratdı.
1974-cü ildə MSP-CHP koalisiyasında Baş Nazir köməkçisi və İqtisadi Qurum Sədarəti vəzifələrini öhdəsinə götürən Nəcməddin Ərbakan beləcə Türkiyənin maddi və mənəvi inkişafı yolundakı fəaliyyətlərini felən başlamış oldu.
1977-ci il 5 iyun seçkilərindən sonra qurulan 3 tərəfli koalisiyada da bu vəzifəni davam etdirən Ərbakan liderliyindəki MSP, beləcə cəmi 4 il müddətində hökumət ortağı oldu.
1974–1978-ci illər arasında qurulan 3 hökumət dövründə də Baş Nazir köməkçisi və Nazirliklərarası İqtisadi Qurum Sədarəti vəzifəsini icra edən Prof. Nəcməddin Ərbakan bu dövrdə Kipr Zəfərinin qazanılmasında böyük rol oynamış, Kipr Barış Hərəkatından sonra adanın hamısının ələ keçirilməsi fikrini müdafiə etmiş, böyük tarixi “Ağır Sənaye Kampaniyası”nın həyata keçirilməsi və müvəffəqiyyətlə davam etməsinə rəhbərlik etmiş, Türkiyənin İslam Konfransına tam üzv olmasını təmin etmiş, yeni nəsillərin milli və mənəvi dəyərlərə bağlı olaraq yetişməsində böyük önəm daşıyan “İmam-Xətib Məktəbləri”nin açılmasında və yayılmasında önəmli xidmətlər etmişdir.

Bu dövrdə rant iqtisadiyyatı yerinə real iqtisadiyyatı tətbiq etmiş, milli qaynaqlara dayanaraq Anadolunun bütünü ilə inkişafı və sənayeləşməsi yönündə müvəffəqiyyətli addımlar atmışdır. Türkiyənin iqtisadi inkişafını və güclənməsini özləri üçün uyğun görməyən xarici düşmənlərin təsiri ilə koalisiya ortağı “Ədalət Partiyası”ndan 11 şəxsin müxalifət partiyasına daxil olması və nazir qoyulmaları hadisəsi ilə TBMM-də iqtidarın çoxluğu qalmayınca bir müxalifət partiyasının lideri olaraq parlament çalışmalarında böyük təsir göstərmişdir.
1978-ci ilin əvvəlindən 1980-ci ilin 12 sentyabrına qədər müxalifətdə qalan və MSP-nin sədrliyini edən Nəcməddin Ərbakan 12 sentyabr çevrilişinin gətirdiyi antidemokratik tətbiqat və yasaqlarla 1987-ci ilin sentyabrına qədər siyasətdən rəsmən uzaqlaşdırıldı.
1987-ci ilin sentyabrında keçirilən referendumda yenidən siyasi haqlarını əldə edən Ərbakan, 1983-cü il 19 iyulda qurulan “Rifah Partiyası”nın 1987-ci il 11 oktyabrda keçirilən tarixi qurultayında yekdilliklə təkrarən sədrlik məqamına oturdu. 1991-ci il 20 oktyabr seçkilərində yenidən deputat seçilən Ərbakan daha sonra bələdiyyələr inqilabını həyata keçirmiş və nəhayət, 1995-ci il ümumi seçkilərdə böyük bir müvəffəqiyyət qazanaraq “Rifah Partiyası”nı birinci partiya məqamına gətirmişdir. Buna görə də 28 iyunda hökuməti qurma vəzifəsini alaraq 7 iyulda referendumla Türkiyənin Baş Naziri olmuşdur. Prof. Nəcməddin Ərbakan 54-cü T. R. Baş Naziri olaraq 1996-cı il 28 iyundan 1997-ci il 2 iyula qədər 1 illik hakimiyyət dövründə uğurlu addımlar atmışdır. Faiz və borc spiralları içərisində pərişan bir vəziyyətə düşən türk iqtisadiyyatını 6 aylıq qısa bir müddət içərisində daxili və xarici borc almadan, qiymətləri artırmadan tamamilə milli qaynaq paketlərini hərəkətə gətirməklə düzəltmiş, Türkiyəni iqtisadi krizlərdən xilas etmiş, milli qaynaqlardan dövlətə 30 mlr. dollardan çox qaynaq təmin etmişdir. Şirin reseptlərlə kəndli, fəhlə, məmur, tacir, təqaüdçü, dul və yetimlərə qısa zamanda görülməmiş orta rifah artımı gerçəkləşdirmişdir. Etdiyi müxtəlif islahatlar arasında ictimai təşkilatlar arasında “Hovuz sistemi”nin qurulmasını da göstərmək olar.
Atdığı bu addımlarla iqtisadiyyatı gücləndirən Ərbakan 1997-ci il büdcəsini balanslaşdırılmış büdcə olaraq formalaşdırmağa müvəffəq olmuş və bu büdcəni yanvar və fevral aylarında balanslaşdırılmış büdcə olaraq idarə etmişdir. Xalqın dəstəyini alan bu çox əhəmiyyətli nailiyyətlərin yanında, beynəlxalq sahədə də inkişaf etməkdə olan 8 ölkənin əməkdaşlığına liderlik edərək böyük bir cəhdlə bir il kimi qısa bir müddətdə D8[4] təşəkkülünü meydana gətirməsi önəmli bir dünya hadisəsidir.

Xalqdan alınan vergilərin və milli imkanların haqsız bir rant iqtisadiyyatı ilə kiçik bir zümrəyə ötürülməsi, beləcə milyonların əzilməsi, fəqirləşməsi və milli iqtisadiyyatın təxribata uğraması siyasətinə son qoyan Prof. Dr. Nəcməddin Ərbakanın bu tətbiqatı rant iqtisadiyyatı ilə dolanan bir ovuc rantçı zümrənin xoşuna gəlməmiş, bu zümrə 1997-ci ilin yanvarından etibarən əlindəki mətbuat və sərmayə gücü ilə 54-cü hökumətin müvəffəqiyyətli addımlarına təsir etmək üçün müxtəlif yollara baş vurmuşdur. Müxtəlif təsirlərlə koalisiya ortağı “Doğru Yol Partiyası”nın deputatlarının hökumətdən dəstəklərini çəkməyə məcbur edilməsi fəaliyyətləri qarşısında bir ilin sonunda bir dəyərləndirmə aparılmış, 550 şəxslik parlamentin RP+DYP+BBP-dan meydana gələn 278 nəfərlik deputatın imzası ilə məclisdə çoxluq olaraq ən qısa müddətdə seçkiyə gedilib, daha güclü olaraq gəlmək şərti ilə hazırlanmış “Yenidən Böyük Türkiyə” layihəsinin istiqrar və hüzur içində təmin olunmasına qərar verilmişdir.
Koalisiya Protokolunun tələbinə əsasən seçkiyə qədər baş nazirlik vəzifəsini icra edəcək olan Prof. Dr. Nəcməddin Ərbakan bu vəzifəni dünyada bənzəri olmayan bir nümunəvi davranışı ilə DYP sədri Prof. Dr. Tansu Çillərə vermək istəmişdir. Prezident Süleyman Dəmirəlin daha öncə siyasi həyatı boyunca uğrunda mübarizə apardığı demokratik prinsipləri bir tərəfə qoyaraq, yanlış bir tətbiqat ilə uğursuz bir vəzifələndirmə aparması, 1997-ci ilin iyulundan etibarən Türkiyəni 4 il boyunca xalqın maddi və mənəvi çətinliklər çəkdiyi bir dövrün içinə salmışdır.
Laiklik (sekularizm və dünyəvilik) və Atatürkçülük mübahisələri nəticəsində post-modern çevriliş ilə Ərbakan istefa vermək məcburiyyətində qaldı. 1997-ci il 21 mayda Ali Məhkəmə Respublika Baş Prokuroru Vural Savaş, RP-nın bağlanması üçün Konstitusiya Məhkəməsinə müraciət etdi və partiya bağlandı. Qurucusu olduğu “Milli Görüş Hərəkatı”nın 2001-ci ildə bölünməsindən sonra Ərbakanın da dəstəklədiyi Milli Görüşçü qanad Rəcai Kutan rəhbərliyindəki “Səadət Partiyası”nı qurdu. Daha sonra partiyanın sədrliyini icra etdisə də, siyasi fəaliyyətinə yasaq qoyulduğu üçün işindən əl çəkdi və cəzası qurtardıqda da səhhətində yaranan problemlərə görə vəzifəsinə qayıda bilmədi.
2010-cu il 17 oktyabrda təkrarən “Səadət Partiyası”nın sədri seçildi. Səhhəti gedərək pisləşdiyi halda vəfat etdiyi günədək qərargahları ilə partiya və ölkə məsələləri haqqında görüşmələrinə davam etmişdir.
19 yanvar 2010-cu ildə ayağında yaranan damar iltihabı rahatsızlığı səbəbi ilə xəstəxananın reanimasiya şöbəsində bir müddət müalicə olunub xəstəxanadan çıxmışdır. Sonra tənəffüs və ürək çatışmazlığı rahatsızlığına görə Ankaradakı “Güvən” xəstəxanasında reanimasiya şöbəsində aparılan müalicələrə baxmayaraq tənəffüs çatışmazlığına bağlı ürək və çoxlu orqan çatışmazlığı səbəbi ilə 27 fevral 2011-ci il saat 8:50-də həkimlərinin müayinəsi əsnasında arteriyaların rahatsızlığı nəticəsində şüurunu itirərək koma vəziyyətinə düşmüş, saat 11:40-da həkimlərin bütün müdaxilələri ilə həyati funksiyalarının dəstəklənməsinə baxmayaraq həyatını itirmişdir.
Vəsiyyətinə əsasən rəsmi dövlət mərasimi təşkil olunmamış və 1 mart 2011-ci il cərşənbə axşamı günü zöhr namazının ardınca Fateh Camesində qılınan cənazə namazından sonra Zeytunburnu Mərkəzəfəndi Qəbiristanlığında dəfn edilmişdir. Qəbrinə, sevənləri tərəfindən Türkiyənin müxtəlif bölgələrindən gətirilən torpaqlarla bərabər Qüds, Şimali Kipr Türk Respublikası (ŞKTP), bosniyalı lider Aliya İzzətbeqoviçin qəbrindən gətirilən torpaqlar səpilmişdir.
Cənazə mərasimində Prezident, Milli Məclisin Sədri, Baş Nazir, partiya sədrləri, nazirlər, deputatlar, TSQ (Türk Silahlı Qüvvələri) mənsubları, səfirlər, bələdiyyə sədrləri, partiyaların yanı sıra 60 ölkədən camaat və hərəkat liderləri ilə təmsilçiləri iştirak etmiş, cənazə namazı iki milyondan çox şəxs tərəfindən qılınaraq, nəşi ailə qəbiristanlığının yerləşdiyi Mərkəzəfəndi Qəbiristanlığında dəfn edilmişdir.
Məkanı Cənnət olsun! AMİN!
Mənbə: sabiqun.az