Sonuncu dəfə Vladimir Putin və Aleksandr Lukaşenko iki həftə əvvəl dekabrın 7-də görüşüblər. Prezidentlərin iqtisadi inteqrasiya planını imzalayacağı gözlənilsə də, onlar 31 “yol xəritəsindən” 8-i ilə bağlı razılığa gələ bilməyiblər. “RBC” agentliyinin sorğusunda iştirak edən ekspertlər hesab edirlər ki, onlar bu dəfə də razılığa gələ bilməcəyəklər, çünki əsas məsələlər hələ həll edilməyib.

Belaruslu politoloq Artyom Şraybman əmindir ki, danışıqların perspektivləri həll olunmamış problemlərin sayından deyil, əsas ziddiyyətlərin həll olunmasından asılıdır. Şraybmanın sözlərinə görə, Vladimir Putin dekabrın 19-u baş tutan mətbuat konfransında digər vacib ziddiyyəti qeyd edib: Rusiya lideri ayrı-ayrı məsələlərin həlli üçün “ümumi millətlərarası nəzarət və emissiya orqanlarının” yaradılması lazım gəldiyini bildirib.

Mətbuat konfransında “RBC” agentliyinin müxbirinin sualını cavablandıran Putin şikayət edib ki, 1999-cu il sazişində təsdiqini tapan əsas qərarlar hələ də həyata keçirilməyib. “Məsələlərdən hər birinin 90%-i yerinə yetirilməyib”, – deyə o bildirib. Hazırda ölkələr arasında vahid gömrük məkanı və Aİİ-də azad ticarət zonası yaradılıb, həmçinin Aİİ vahid bazarının konturları müəyyənləşdirilib.

İnteqrasiya olmadan dotasiya da yoxdur

Belarus üçün ən aktual məsələlərdən biri qazın 2020-ci ildən sonrakı qiymətidir. Belə ki, rus qazının tədarükü ilə bağlı qüvvədə olan sazişin müddəti dekabrın 31-i başa çatır. Hazırda Rusiya Belarusa qazın min kub metrini 127 dollardan satır. Respublika publik şəkildə qiymətin 73 dollara endirilməsini tələb edib. Minskin danışıqlardakı mövqeyi fərqlidir. Danışıqların gedişatı ilə tanış olan mənbənin agentliyə verdiyi məlumata əsasən, Belarus tərəfi qazın 100 dollardan ucuz olmasını istəyir.

Putin bəyan edib ki, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı razılıq əldə etmək mümkün olmasa Rusiya qazı Belarusa 70 dollara satmayacaq.

Şraybman hesab edir ki, tərəflər 2020-ci ildən sonra qaz qiymətləri ilə bağlı razılığa gələcək: “Bu məsələdə kompromis istəyi çoxdur və bu istək qalib gələcək”.

İnteqrasiya problemləri

Ən çətin məsələlər arasında vahid vergi qaydalarının yaradılması da yer tutub. Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzinin eksperti Dmitri Bolkunetsin fikrincə, dövlətlərin miqyaslarının fərqli olduğunu nəzərə alsaq, vahid Vergi Məcəlləsinin yaradılması istisna edilir. Ekspert bildirib ki, Rusiya sərhədlərin olmadığını və Belarusda MDB-də ilk kriptovalyuta birjasının açıldığını nəzərə alaraq, vergilərdən yayınma, qaçaqmalçılıq və pulların yuyulmasına qarşı tədbirlərin ortaq məxrəcə gətirilməsinə israr edəcək.

İki ölkənin vergi siyasətləri bir-birindən çox fərqlənir: Belarus iqtisadiyyatında birbaşa vergilər sistemi, yüksək səviyyədə dəstək, o cümlədən vergi tənzimlənməsi yolu ilə kənd təsərrüfatı inkişaf edib. Rusiyada daha çox rəqabəti stimullaşdırmağa və bazarın liberallaşdırılmasına yönəlmiş dolayı vergi sistemi inkişaf edib.

Belarus vergilər nazirinin müavini Ella Selitskaya qeyd edib ki, Belarus Rusiyanın vergi inzibatçılıq sistemini kopyalamağı məqsədəuyğun hesab etmir. “Tətbiq etdiyimizin effektini görürüksə, hər şeyi dəyişməyin heç bir mənası yoxdur”, – deyə o bildirib. Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin bəyan edib ki, vahid emissiya mərkəzi və vahid valyuta ilə bağlı məsələ inteqrasiyanın sonuncu elementi olacaq. Tərəflər vahid valyuta məsələsinin ən son müzakirə edilməsi gərəkdiyini düşünür.

(Tərcümə: Xarici pressa)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here