Bizimsesimiz.info // Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general Akif Çovdarov “Moda” antikvariat dükanı və İlqar Aşurbəyovun epizodu üzrə ifadə verib.

Çovdarovun vəkili Kamandar Nəsibov açıqlamasında deyib ki, İlqar Aşurbəyov epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər: “Onlar Aşurbəyovun Çovdarova pul verdiyini təsdiq etmədilər və kimi müşahidə etdiklərini xatırlamadıqlarını dedilər. Aşurbəyov dedi ki, mən o vaxt oruc idim, yalan deyə bilməzdim. Biz də araşdırdıq ki, bu hadisə orucluqdan 2 ay əvvəl olub”.

Çovdarov isə Aşurbəyovdan pul almadığını deyib: “Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm, pul da almamışam”.

A.Çovdarovun köməkçisi Rövşən Ədilov deyib ki, istintaqda dindirilən zaman ona hədə-qorxu gələrək pul tələb ediblər: “Mənə ifadəni zorla imzalatdırdılar, Aşurbəyov da yanımda oturmuşdu. Onunla söyüşdük, dalaşdıq. Mənə təzyiq etdilər, pul tələb elədilər. Pul vermədiyimi demirəm, amma bu barədə danışmaq da istəmirəm. Dedilər səni tutduracağıq. Mən ordan canımı qurtarmaq üçün heç nəyə baxmadan imzalayıb çıxdım. Səhərisi gün tezdən Rüstəm Usubova şikayət məktubu yazdım”.

Əbil Vəzirov epizodu üzrə danışan Çovdarov deyib ki, oktyabrın 15-i axşam Xayt Mixayıl saxlanılıb, səhəri gün də prokurorluğa təhvil verilib: “İşi prokurorluq aparırdı, bütün qərarları da onlar verirdi. Əbil Vəzirovun cinayət işinə də prokurorluq xitam verib. O adamdan pul alıblarsa, prokurorluqda alıblar. O iş mənim əlimdə cəmi 2 saat olub. Mən pulu da götürüb, adamı da istintaqa təhvil vermişəm? Bu necə olur? Bu işlə bağlı bütün addımlar prokurorluğun əməliyyat tapşırığına əsasən atılıb. Tapşırıqları baş prokurorun birinci müavini Rüstəm Usubov və istintaq qrupunun rəhbəri Elxan Əbdürrəhimov verirdi. Bizim əməllərimiz nəticəsində kimsə zərər çəkibsə, deməli prokurorluq günahkardır. Biz tapşırıqları icra etmişik”.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.(Qafqazinfo)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here