Qərb Mədəniyyətinin sonu çatıb ?

Bizimsesimiz.info // Yıldırım Bayazit universitetinin Tarix fakultəsinin müəllimi Erdal Şimşəyin “Qərb Mədəniyyətinin sonu çatıb?”adlı yazısı

Keçən həftə Türkiyədə çox əhəmiyyətli bir toplantı keçirildi. Toplantının adı Beynəlxalq Mədəniyyətlər Şurası idi.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda tarixi çıxış etdi.

Bu gün bu çıxışı şərh edən bir qərbli yoxdur. Amma sabah bu çıxışı müzakirə edərək uzun mətinlər yazacaqlarına şübhə etmirəm.

Türkiyənin lideri Ərdoğanın mütəfəkkirlərin, yazıçıların və filosofların araşdırmalı olduğu bu mədəniyyət böhranını anlatması düzü, bir tədqiqatçı olaraq məni utandırdı.

Cənab Ərdoğan toplantıda bunları söylədi:”Biz mədəniyyət mübarizəsi aparırıq. Mədəniyyətimizin inşasına deyil, yenidən canlandırılmasına səy göstəririk. Mədəniyyəti müəyyən edən inanclardır. Bu səbəbdən fərqimizi ortaya qoymaq şərtdir. Elm və texnikaya əhəmiyyət verildiyi, inanca və sosial həmrəyliyə məhəl qoyulmadığı halda yaranan şeyin adı bizə görə mədəniyyət deyildir. Bizim mədəniyyətimizdə insan məxluqatın əşrəfidir”

1950-ci illərdən bəri Qərb dünyasının dilindən düşməyən bəşəri insan haqları ilə əlaqədar hadisələrin bu günkü gedişatı qorxuncdur.

Toplantıda Türkiyənin prezidenti bu məsələni dilə gətirdi.

Bu gün Qərbin maraqları müzakirə mövzusu olunca, Ümumdünya İnsan Haqları Bəyannaməsi və hüquq kimi anlayışların heç bir mənası qalmır.

Məsələn, İraqın şimalında həyata keçirilən qeyri-qanuni referendumun arxasında duran Qərb dünyası İspaniyanın Kataloniya bölgəsindəki referendumu qanunsuz hesab edir. Qərb polisin bülleten və səsvermə qutularını müsadirə edərək güc tətbiq etməsini görməzlikdən gəldi.

İspaniya Ali Məhkəməsinin Kataloniya siyasətçiləri haqqında hüquqa sığmayan qərarlar verməsinə də Qərb reaksiya göstərmədi. Çünki hadisə Qərb dünyasında baş verib və səssiz qalmaq Qərbin maraqlarına uğundur.

Bununla kifayətlənməyən İspaniya hökuməti Kataloniya Muxtar Rəhbərliyi hökumətini ləğv edərək, 6 ay ərzində növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar qərar qəbul etdi.

Qərbə nə olub? Romaya, Sezara, diktatorlara, dərəbəyliklərə, kral və kraliçalara qarşı baş qaldıran Qərb ziyalılarına nə olub?

İstər Qərb, istər Şərq olsun, fərq etməz, əgər dünyanın bir bölgəsinin ziyalısı susursa, ya da danışmağa cəsarət etmirsə, deməli, dünyanın tarazlığı pozulub. Məhz bu səbəbdən Qərb orduları 2001-ci ildən bu günədək Orta Şərqdə 4 milyon insanı qətl ediblər. Həm də bunların 80 faizi qadınlar, uşaqlar, qocalar və mülki vətəndaşlardır. Qərb ziyalısı buna etiraz edə bilsəydi, orduları bu qədər özbaşına davrana bilərdimi?

Hitler, Mussolini, Stalin, Çörçil kimi zalımlara qarşı baş qaldıran ziyalıların xələflərinə nə olub? Bu gün Qərb dünyasında neçə nəfər fəlsəfi yazılar yazır? Jurnallarda çıxan  məqalələri iki yüz- üç yüz nəfər oxuyur. Bu, qorxunc vəziyyət insanlığın gəldiyi ən dib nöqtədir.

Şərqdə də durum parlaq deyil. Fikir formalaşdırıcı yazıların vəziyyəti  Qərbdəki qədər pis deyil, amma istənilən səviyyədə oxunmurlar.

Qərb insanı 1980-ci ildən sonrakı kapital bölgüsü və yeni istehsal quruluşu ilə əlaqədar elm və hikmət arayışından uzaqlaşdı. İnsanoğlu 1960-cı illərdəki istehlak təşviqini zirvəyə qaldırdı. İstehlak etdikcə daha çox kapital xidmətinə zaman ayırdı və nəticədə populyar mədəniyyətin dar qəlibində sıxılıb qaldı. Beləliklə, Qərb hesabat istənməyən, dominant struktura təslim olmuş cəmiyyətlər dünyasına çevrildi.

Bu gün qərblilər siyasi hakimlərinin verdikləri qərarlarla hər gün Yaxın və Orta Şərqdə, Afrikada minlərlə həmnövləri öldürülərkən əllərində qızardılmış qarğıdalı ilə film izləyirlər.

Dram isə yavaş-yavaş  onlara da yaxınlaşmağa başladı. Bütün Qərb paytaxtları vətəndaş müharibələrinin olduğu ölkələrin paytaxtları qədər təhlükəli bir vəziyyədə düşdü.

Qərb cəmiyyətinin bu təhlükəli gedişata qarşı ziyalı hikmətinə malik olan liderləri olmadığı üçün əmr komandanlarına təslim olmaqdan başqa çarəsi yoxdur.

Bunun qarşısında Türkiyənin yazıb-yaradan ziyalıları ilə yanaşı, mədəniyyət təsəvvürü olan prezidenti də var. Türkiyə Pespublikasının prezidenti cənab Ərdoğan qatıldığı bütün beynəlxalq siyasi və iqtisadi yığıncaqlarda mədəniyyət mövzusuna vurğu edir.

Prezident ən son iştirak etdiyi Beynəlxalq Mədəniyyət Şurasında yenidən insanlığın yuvarlandığı girdaba diqqət çəkdi.

Türkiyənin fəal müdaxiləsi ilə bölgəmiz DEAŞ terror təşkilatından təmizlənir. Bu qanlı təşkilatın maliyyəçiləri və dəstəkçiləri də artıq onun bölgədə yaşama şansının olmadığını gördülər. DEAŞ-ın Qərbdən gələn minlərlə üzvü vardır. Türkiyə bu terror təşkilatını Orta Şərqdən qovduqdan sonra qərbli təşkilat üzvləri öz ölkələrinə qayıdacaqlar. Bunlar öz ölkələrində ciddi problem mənbəyi olacaqlar. Qərb siyasətçilərinin populist münasibətləri nəticəsində qızışdırılan irqçilik və yüksələn nasizm bir anda öz məhsulları olan digər terrorist qavrayışı ilə toqquşacaq.

Bu toqquşma bütün Qərb cəmiyyətlərini sarsıdacaq. Görəsən Qərb dünyası terrorist uşaqlarına qarşı  demokratiyanımı, yoxsa yadlaşdırıcı və yoxedici mədəniyyətinimi seçəcək? Birlikdə yaşayıb görəcəyik.

Lakin Qərb mədəniyyətini bir qələmdə silib atmaq ən uyğun təbirlə deyilsə, cahillik olar. Yeni bir daxili ziddiyyət yaşayan Qərb dünyası bəşəri dəyərləri əldə edəcək. Çünki Mədəniyyət yaradan millətlər tarixin hər dövründə mütləq tarixi keçmişlərinə layiq bir mövqe sərgiləyirlər. Bəlkə də o millətlərin əksəriyyəti daşıdıqları tarixi məsuliyyətləri bu gün dərk etmirlər, lakin refleksiv olaraq bu missiyanı yerinə yetirirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir