Qərbin sufiliyə münasibəti barədə qeydlər

Bizimsesimiz.info // Qərbin siyasi dairələrinin təsəvvüfə münasibəti də siyasi ab-havaya əsaslanır. İmperialist qüvvələr işğal etdikləri torpaqlarda sufi təriqətlərinin nüfuzunu gördükdən sonra onları öz tərəflərinə çəkmək və sufi şeyxlərinin nüfuzundan idarəçilikdə yararlanmaq fikrinə düşdülər. Bəzi siyasi cəhətdən agah sufilər bu hiyləyə aldanmadılar və müstəmləkəçilərə qarşı mübarizənin başında durdular. Fransiz işğalına qarşı Liviyada başlamış müqavimət hərəkatının lideri Ömər Muxtar (1861-1931) sanusiyyə təriqətinə mənsub idi. Əlcəzair xalqının milli qəhrəmanı, fransız müstəmləkəçilərinə qarşı mübarizə hərəkatının başçısı Əmir Əbdülqadir (1808-1883) qadiriyyə təriqətinin şeyxinin oğlu idi. Rus işğalına qarşı Şimali Qafqaz xalqlarının azadlıq hərəkatı nəqşbəndi təriqətinə mənsub olan şəxslər (Məhəmməd Yaraği, Qazı Məhəmməd, Şeyx Şamil və b.) başçılıq edirdilər. Azərbaycan ərazisində yaşayıb-yaratmış nəqşbəndiyyə təriqətinin nüfuzlu nümayəndələri Mövlana İsmayıl Şirvani Kürdəmirli, Mirhəmzə Nigari Rusiya işqağına qarşı səfərbərlik çıxışları etmiş, buna görə də öz vətənlərini buraxıb Türkiyəyə sığınmağa məcbur olmuşdular.

 

Qeyd edək ki, 250 il Şərqin ən güclü imperiyalarından biri kimi fəaliyyət göstərmiş Səfəvilər dövləti sufi təriqətinə mənsub olan Şah İsmayıl Xətai tərəfindən yaradılmışdı. Osmanlı imperiyasında ordunun əsas gücünü təşkil edən yeniçərilər bəktaşi sufi təriqətində idilər. Qərb dünyası təsəvvüfün gücünü bildiyi üçün ona ehtiyatlı münasibət bəsləyir, ondan öz xeyrinə istifadə etməyə çalışır, bu mümkün olmadıqda sufi ənənəsini zəiflətmək üçün tədbirlər görürdü.

Sufiliyin Qərb elmi dairələrinə təsiri haqqında bu faktı xatırlatmaq kifayət edər ki, görkəmli fransız filosofu Rene Genon (1886-1951) məhz təsəvvüf aləmi ilə tanışlıqdan sonra İslam dinini qəbul etmişdi. Qeyd edək ki, o, gənclik illərində katolik məktəbində oxumuş, sonralar müxtəlif din və təlimlərlə tanış olmuş, induzim və daosizmi öyrənmiş, hətta masson təşkilatına üzv olmuşdur. Bütün bunlardan sonra o, şüurli şəkildə İslam dinini seçərək müsəlman olmuş, şaziliyyə sufi təriqətinə qoşulmuş, Əbdülvahid Yəhya adını qəbul edərək Misrə köçmüş və burada həyatını başa vurmuşdur.

Bu yerdə Qərb alimlərinin sufiliyə münasibəti haqqında bir qədər məlumat vermək yerinə düşər. Əvvəldə bunu qeyd edək ki, Qərb şərqşünaslarının da sufiliyə münasibəti birmənalı deyildir. Qərb alimlərinin bir qismi araşdırma zamanı heç də bütün mənbələrə yol tapmadıqları və araşdırdıqları mənbələri tam qavraya bilmədikləri üçün yanlış nəticələrə gəlmişlər. Etiraf edək ki, bir qərbli üçün Şərqi lazımınca anlamaq və duymaq (təsəvvüfü məhz duymaq lazımdır) çətindir. Qərblini çox vaxt Şərqdə məhz ekzotik butoforiyalar cəlb edir. Şərq deyərkən sıravi qərbli adətən bunları təsəvvür edir: dərvişlərin ifa etdikləri sima rəqsi, sulu qəlyan, oriyental rəqs, gözəl naxışlı xalça, kalliqrafiya nümunələri və s. Təsadüfi deyil ki, bu gün Qərbdə yüksək templə müşahidə olunan Şərq heyranlığının da arxasında bəzən bu sayılanların durduğunu görürük. Qərb adamı sima rəqsləri üçün dərnəyə yazılır, xəttatlıq məşğələsinə gedir, xalça toxuyur. Amma çox zaman bunların ruhunu anlamır, bunu yalnız ekzotika xatirinə edir. Məhz buna görə Qərbdən gələn turistlər üçün Türkiyənin Konya şəhərində sufilərin sima rəqsi tamaşa şəklində, biletlə nümayiş etdirilir. Mövləviyyə təriqətində sima xüsusi mənəvi halətlə ifa olunmalıdır. Simanı tamaşa şəklinə salmaqla onun ruhunu heç zaman ifadə etmək və çatdırmaq mümkün deyil.

Məşhur alman şərqşünası, sufilik üzrə ən görkəmli mütəxəssislərdən biri Anni Mari Şimmel (1922-2003) “İslam mistisizmi dünyası” kitabında yazırdı: “Mistik təcrübəyə yanaşmada “volyuntarist” və “qnostik” üslubları ayırmaq nisbətən asandır. Volyuntarist tipli mistik şəxs peyğəmbərlik ənənəsində buyurulduğu tərzdə “özünü Allahın sifətləri ilə ölçmək” istəyir. O, öz iradəsini bütünlükdə Allahın iradəsi ilə birləşdirməyə çalışır, bununla da qəzavü-qədər və iradə azadlığı dilemmasından yaranan nəzəri çətinlikləri aaradan qaldırmaq istəyir. Bu, həyat tərzini müəyyən edən təcrübi mistisizmdir (yəni əməli təsəvvüf). Qnostik tipli mistik isə Allahı daha dərin dərk etməyə çalışır, Onun dünyanı yaradarkən izlədiyi ölçüləri anlamağa can atır, Onun vəhylərini şərh etmək istəyir. Bununla belə, heç bir mistik Onun mahiyyətini anladığını iddia etməyə özündə cürət tapmamışdır” (səh. 21).

Görkəmli fransız tədqiqatçısı Mişel Şodkieviç məhz sufizmlə tanışlıqdan sonra İslam dinini qəbul etmişdi. O, təsəvvüf mövzusunda ən bacarıqlı tədqiqatçılardan sayılır. Şodkiyeviç müsahibələrinin birində deyirdi ki, yəhudi mənşəli maymonid fəlsəfə məktəbinin nümayəndələri məhz sufilikdən bəhrələnmişlər: “Onlar (maymonidlər) sözün əsil mənasında sufi deyidilər, onlar yəudi olaraq qalmışdılar. Sufi olmaq üçün müsəlman olmaq vacibdir. Onlar müşahidə etdilər ki, sufizm öz daxilində nəhəng mənəvi ehtiyatlar gizlədir. Onlar sufi müəlliflərin kitablarını oxuyurdular… Onlar sufi müəlliflərin kitablarından bir çox hissələri sözbəsöz köçürürdülər. Amma nə zaman Peyğəmbər səhabələrindən birinin kəlamı qarşıya çıxırdısa, belə yazırdılar: “Xalq içindən bir müdrik deyib ki…” Eləcə də, nə zaman Quran ayəsi ilə rastlaşırdılarsa, tez Tövratdan buna uyğun gələn hissəni axtarıb tapır və Quran ayəsini bununla əvəz edirdilər…”. // islam.az