Qətərə embarqo tətbiq edən ölkələr terror siyahısına yeni qurum və şəxsləri daxil etdilər
Bizimsesimiz.info // Misir Xəbər Agentliyi MENA-nın yaydığı xəbərə görə, 4 ölkə (Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Bİrləşmiş Ərəb Əmirlikləri) qəbul etdikləri birgə bəyanatda terrorla mübarizə və terrorun kökünü kəsmə məsələsində Qətərlə birbaşa, və ya dolayı əlaqəsi olan 9 qurum və şəxsi terror siyahısına saldıqlarını bildiriblər.
Terror siyahısına salınan, Liviya və Yəmənə bağlı olduğu bildirilən qurumlar Bingazi Çevrilişçilər Şurası, Liviya “Nebe” peyk kanalı və Yəmən xeyriyyə cəmiyyətləridir. Siyahıda adları olan üçü Qətər digərləri Kuveyt, Yəmən və Liviya vətəndaşı olan şəxslər arasında küveytli din adamı Həmid bin Abdullah əl Əlinin də olduğu deyilir.
Sözügedən 4 ölkə iyunun 9-da yaydığı birgə bəyanatla Qətər tərəfindən dəstəklənən 59 şəxs və 12 xeyriyyə cəmiyyətinin terrorla əlaqəsi olması səbəbindən terror siyahısına salındığını bildiriblər.
Xatırladaq ki, Qətər və bəzi ərəb ölkələri arasındakı böhran iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətər ilə bütün diplomatik əlaqələrini kəsdikdən sonra başlayıb. Qətərə sanksiya tətbiq edən 4 ölkə əlaqələrin düzəldilməsi üçün Doha rəhbərliyinə 13 maddəlik tələb siyahısı təqdim edib, Qətər isə beynəlxalq hüquqa zidd olan heç bir tələbin qəbul edilməyəcəyini deyib.