Əgər həyatınızda bir dəfə də olsa, Batumiyə səfər etməmisinizsə, çox şey itirmiş sayıla bilərsiniz. Qara dənizin sahilində yerləşən bu liman şəhəri regionun təkcə ticarət mərkəzi deyil, eyni zamanda, təbiətinin gözəlliyi, infrastrukturunun əlverişliliyi, tarixiliyi, mədəniyyəti, adət-ənənələri, eləcə də, müasirliyi ilə turistlər üçün əvəzedilməz kəşfdir.

Tarixi 

Şəhər 3000 illik tarixi köklərə malikdir. Zaman-zaman müxtəlif güclü dövlətlər tərəfindən ələ keçirilən Batumi ilk dövrlərdə yunanların müstəmləkəsi olub.

Antik dövrdə isə İranın suverenliyinə daxil olan Batumi sonradan Pont krallığının, hətta romalıların əlinə keçib. Orta əsrlərdə gürcü knyazları hakimiyyətə gəlib. Lakin XIII əsrdə Batumi monqol işğalına məruz qalıb.

Bölgədə Osmanlı İmperatorluğunun güclənməsi, 1564-cü ildə Qanuni Sultan Süleymanın fəthi ilə Batumi düz 314 il bu dövlətin mülkiyyətində qalıb. Şəhər hətta Osmanlının Lazistan Sancağının mərkəzi olub.

Ruslar Batumini Osmanlının çöküşündə – XIX əsrin sonlarında işğal edə bilib. 1877-1878-ci illər türk-rus müharibəsi zamanı imzalanan San-Stefano və Berlin müqavilələri ilə şəhər Rusiyaya verilib.

I Dünya Savaşından sonra Rusiyanın bölgədən çəkilməsi ilə şəhər Brest-Litovsk müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə geri qaytarılıb.

Ancaq Osmanlı artıq öncəki qüdrətində deyildi – çox keçmədən liman şəhəri ingilislərin nəzarətinə keçib. Gürcüstan 1918-ci ildə müstəqilliyini elan edəndən sonra Batumi onun tərkibinə daxil olub.

Bu tarixi hadisələr Batuminin memarlığında, etnik tərkibində, şəhərin mədəniyyətində, adət-ənənlərində aydın görünür. Məscidlərdən gələn azan səsi kilsələrdən yüksələn zənglərin sədasına qarışaraq Batuminin həm də sivilizasiyaların qovşağı olmasını təsdiqləyir.

Möhtəşəm bulvarı və memarlıq üslubu 

Yuxarıda qeyd etdiyimiz kimi, Batumi dağları, meşələri və dənizi birləşdirən təbiətə malikdir. Buraya yaşıl maqnoliya ağacları ilə bəzədilən geniş bulvarı əlavə etməsək, haqsızlıq olar.

18 km uzunluğu olan bulvar bir tərəfdən dənizlə, bir tərəfdən də sovet, qot və müasir arxitekturanı özündə əks edirən binalarla əhatə olunub.

Eləcə də, bulvarda gürcü əlifbasının 33 hərfindən insan DNT-si fomasında quraşdırılan qüllə, 1860-cı ildə Osmanlı İmperiyasının tikdiyi və indi də işləyən mayak, 1930-cı illərdə tikilmiş dəniz qırağına qapı sayılan Kalanada, türklərin 1990-cı illərdə tikdikləri, sonradan isə “Çaça qalası” kimi istifadə olunan məscid, Qurban Səidin azərbaycanlı gənclə gürcü qızının sevgisindən bəhs edən “Əli və Nino” romanının qəhrəmanlarının heykəli, yay teatrı, qırmızıya boyanmış velisoped yolu, klassik Sovet üslubunda inşa edilən dəniz vağzalı (vağzalın analoqu Krım və Soçidə var) yerləşir.

Bir sözlə, Batumi bulvarı insanı hər addımda yeniliklərlə, tarixlə qarşılayır.

Batumi Piazza 

Avropa şəhərlərinin meydanlarını xatırladan Batumi Piazza (Piazza square) Venesiya üslubunda tikilib və köhnə Batumidə yerləşir.

Vitraj və mozaika sənətinin rəsm əsərləri ilə bəzədilmiş Piazza meydanı tədbirlərin, rəsmi qəbulların və konsertlərin mərkəzidir.

Belə ki, Piazzanın girişində yaradılan səhnədə yay axşamlarında canlı musiqi oxunur. Bu günə qədər burada tanınmış dünya şöhrətli ifaçılar – Plasido Dominqo, Stinq, Mişel Leqran, Tamara Qverçiteli, Meysi Qrey, Kriss Botti və başqaları konsert veriblər.

Təxminən 6000 metrlik ərazisi olan meydanda hotel, kafe və pivəxanalar fəaliyyət göstərir. Ən maraqlısı meydanın ortasındakı mozaik işləmələrlə kafelərin tavanlarındakı boyaların bir-birini tamamlamasıdır.

Hər üç saatdan bir rəqs edən musiqili, fiqurlu saat gözlərdən qaçırılmayacaq gözəllikdir.

Müqəddəs Nikolay kilsəsi 

Piazza meydanının yaxınlığında yerləşən Müqəddəs Nikolay kilsəsi qədim tarixə malikdir. Belə ki, 1865-ci ildə yunanların Osmanlı sultanından xahiş edərək, tikdirdiyi kilsənin inşasında istifadə edilən daşlar Trabzondan gətirilib.

Maraqlıdır, sultan kilsənin tikintisinə icazə versə də, zənglərinin çalmasına qadağa qoyub. Bu səbəbdən kilsə, əsasən, tədris ocağı kimi istifadə edilib.

Sovetlər dönəmində kilsənin fəaliyyəti tamamilə dayandırılaraq, dövlətin ehtiyacları üçün istifadəyə verilib. Hökümət ondan anbar kimi istifadə edib. 20 ildən sonra – 1946-cı ildə gürcü cəmiyyətinin təzyiqləri nəticəsində Müqəddəs Nikolay kilsəsinin qapıları yenidən ibadət edənlərin üzünə açılıb. Elə həmin il müəyyən restavrasiya işləri aparılsa da, 1998-ci ildə kilsə əsaslı təmir edilib.

Orta Cami məscidi 

Acariya gürcülərə geri qaytarıldığı zaman gürcü əsilli vətəndaşıların çoxu Türkiyə tərəfində qalıb, türklər isə bu tərəfdə. O səbəbdən hazırda köhnə Batumidə, əsasən, türklər yaşayır.  1866-cı ildə inşa olunan Orta Cami məscidi bu gün də onların ibadət etdiyi əsas yerlərdəndir.

Məscidin adına gəlincə, Osmanlı İmperiyası dövründə iki məscid arasında tikildiyinə görə belə adlandırılıb. Kutaisi küçəsində yerləşən Orta Caminin minarəsi qədim Batuminin hər tərəfindən görünür. Kənardan şəhərin bu hissəsi türk məhəllələrinə bənzəyir. Çünki küçədə çox sayda türk restoranları, kafelər fəaliyyət göstərir.

“Avropa Meydanı”

Meydan Acariyanın Avropa Assambleyasına qəbulunun şərəfinə adlandırılıb. Gürcü xalqının Avropaya bağlılığını nümayiş etdirir. 2007-ci ildə quraşdırılan Medea heykəli isə Gürcüstanın Avropa ilə qədim mədəni, ictimai əlaqələrini özündə əks etdirir.

Meydanın ətrafındakı köhnə binaların fasadlarının yenilənməsi xüsusilə gecə saatlarında şəhərə başqa gözəllik verir.

Bu yerin daha bir xüsusiliyi üzərində astronomik saat olan binadır. Saat vaxtdan əlavə, üfüqün tərəflərini, ayın mərhələlərini, bürcləri və s. göstərir. Əvvəllər binada Milli Bank yerləşsə də, hazırda boşdur.

Kiçik fələk çarxlı qüllə 

Batuminin ən hündür binası olan bu tikilidə memar yunan mifologiyasından – Yazon və onun “Argo” gəmisi haqqında əfsanədən ilhamlanıb.

Qüllə Politexnik İnsititutu kimi, yəni tədris müəssisəsi məqsədilə inşa edilib. Lakin sonradan qərar dəyişdirilib, binanın hotel kimi fəaliyyət göstərməsinə razılıq verilib. Bəlkə də, yerli hakimiyyət bahalı hotellərin olduğu məhəllədə yerləşən binanın tələbələr üçün həddən artıq luks olduğunu düşünüb.

Hazırda auditoriyaların restavrasiyası prosesi gedir. Binanın yaxın zamanlarda hotel kimi istifadəyə verilməsi planlaşdırılır.

Batumi kanatı  “Aqro”

Batumini hündürlükdən seyr etmək bir başqa aləmdir. Əvvəla, kanat yolunun uzunluğu 2586 metrdir.10 dəqiqə çəkın gəzinti boyunca yuxarıdan şəhərin hər daşını görmək olur.

“Aqro”nun iş saatı da turistlərə uyğun müəyyən edilib. Məsələn, kanat 11:00-dan 24:00-a qədər işləyir. Gediş haqqı böyüklər üçün 10 lari, azyaşlılar üçün 2 lari təşkil edir.

Hündürlükdən qorxanlara isə onu deyə bilərəm ki, kanatın aşağı və yuxarı stansiyalar arasındakı yüksəkliyi 252 metrdir.

Qonio-Apsaros qalası

Batumidən cənub istiqamətinə 12 kilometrlik məsafədə, Çoroxi çayının sol sahilində yerləşən I əsrə aid Qonio-Apsaros qalası görməli yerlərdəndir. Qalanın ətrafında Gürcüstanın qədim yaşayış məskənlərindən biri yerləşir.

Qonio-Apsaros qalası unikal strateji əhəmiyyətə malik olmaqla, Cənub-Qərbi Gürcüstanla Qara dəniz sahillərini birləşdirən Çoroxi və Açaristsxali mağaralarını mühafizə edib.

Relyefinə görə, Qonio qalası Qara dəniz regionunun Bizans və Osmanlı imperiyalarının istinad nöqtələrindən birinə çevrilib. Qonio-Apsarosun tarixi arqonavtlar barəsindəki miflə sıx əlaqəlidir. Qonio qalasının ərazisində İsa peyğəmbərin tərəfdarlarından olan apostol Matfeyin simvolik məzarı yerləşir. Bəzi tarixi mənbələrə görə, apostol məhz bu ərazidə dəfn edilib.

Arzuların reallaşdığı körpü 

Batumidən 30 kilometr məsafədə, 50 metrdən çox hündürlüyü olan Maxunseti şəlaləsi haqqında bəlkə də eşitmisiniz. Ancaq təbiətin möcüzəsini bir də yaxından görmək var. Tanrı bu gözəllikləri yaradanda sanki öz səxavətini heç nədə əsirgəməyib. Yəni “kefinin” yaxşı vaxtına düşüb.

Bir az da Tamara körpüsü haqqında…

Şəlalədən təxminən 500 metr aralıda, Acariskali çayının üzərində yerləşən, körpü XII-XIII əsrlərə aiddir və məşhur çariça Tamaranın hakimiyyəti dövründə tikilib. Elə onun da adını alıb. Kənd əhalisinin dediyinə görə, arzu tutub körpüyə qalxanın diləkləri çin olur.

Mirveti körpüsü, eləcə də, şəlaləsi isə təbiətin bəxş etdiyi başqa bir möcüzədir.

Yeri gəlmişkən, bu ərazilərdə məskunlaşan kənd sakinlərinin özünəməxsus yaşayış adət-ənələri var. Məsələn, hər evin böyük, hektarlarla həyətyanı sahəsi mövcuddur. Bu səbəbdən kənddə evlər arasında məsafələr kilometrlərlədir.

Diqqəti çəkən digər məqam hər ailənin qəbiristanlığının olması, toyuq ayaqlarını xatırladan dirəklərin üzərində kiçik taxta evlərdir.

Kənd sakinləri deyir ki, bu toyuq ayaqlı evciklər onların qışda ac qalmamalarının qarantıdır. Çünki onlar azuqələrini kəsəyənlərdən qoruyurlar.

Acarıstan mətbəxi

Tarixə şahidlik etmiş bu məkan üç əsrdən çox türklərin əsarətində qaldığından Osmanlı mətbəxi xalqın milli mətbəxinə təsirsiz ötüşməyib. Hazırda Türkiyə mətbəxinə məxsus təam kimi tanınan sarma, paxlava acarların menyusuna daxildir.

Ümumiyyətlə ləziz yeməklərin daxil olduğu bu mətbəx kalorilidir. Süfrələrində elarci (mçadi – qarğıdalı unundan bişirilən çörək), patlicani (pxali – qoz və pendirlə doldurulmuş badımcan), kartof, qızartması, abxazura, kubdarı, limonad və qrafində qoyulmuş bəyaz, qırmızı çaxır, viaqra adlandırdıqları qaymaq olur.

Bütün bu təamları dadıb, kilo almamaq mümkün deyil. Lakin üzərindən quru qırmızı şərab içsəniz, bədəninizdəki yağlar bir qədər yanmış olar.

Şərab içmək üçün isə ən gözəl yerlərdən biri “Ajarian wine house”dur. Yüksək keyfiyyətlə hazırlanan şərablardan kimlər içməyib? Sovet İmperiyasının ən güclü simalarından olan Stalin, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, eləcə də dünyaca məşhur ulduzlar və sair… Məncə siz də içsəniz peşman olmazsınız. Üzünüzdə təbəssüm artar…

Bakı-Batumi-Bakı

Leyla Əliyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here