Adil Qeybulla: “Hər bir insan özünü yaşadığı iqlimə adaptasiya etməlidir”

Fevral ayı qışın ən soyuq ayı hesab edilsə də, havalar mülayim keçir. Ancaq ölkəmizdə qışın oğlan çağında “yaz havasının” müşahidə edilməsinə baxmayaraq insanların əksəriyyəti qrip, soyuqdəymə kimi müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Xüsusən də qrip, qızdırma insanlar arasında daha çox yayılıb. Son günlərdə yayılan qrip sanki daha ağır bir şəkildə insanın bədənindən çıxır. Qripə yoluxmuş şəxslərdə 3-4 gün yüksək hərarət olur. Xəstəlik özünü halsızlıq, baş ağrıları ilə göstərir.  Xəstəliyin 3-4-cü günü boğaz ağrıları, mədə-bağırsaq sancıları, ishal, qusma müşahidə edilə bilir. İnsanların qrip və soyuqdəyməyə yoluxmasının əsas səbəbi hava durumunun insanlara düzgün geyim forması seçməyə imkan verməməsidir.

Yaz aylarında olduğu kimi hava gün ərzində gah isti, gah da soyuq olur. Buna görə də insanlar geyim seçimində tərəddüd yaşayırlar ki, bu da nəticədə xəstəliklərə gətirib çıxarır. Mütəxəssislərə görə də, qış aylarında havaların soyumaması, xüsusilə qarın yağmaması bir sıra xəstəliklərin artmasına səbəb olur. Hətta əhali arsında da belə bir deyimi də tez-tez eşidirik ki, “qar yağsaydı, hava təmizlənər, mikroblar ölərdi”.

Havadakı və qurudakı zərərli mikroblar qarla birlikdə yox olur. Qar suyu torpaqdakı kalsium, dəmir kimi mineralları həll edərək bitkilərin qidalanmasını təmin edir. Qar yer və yeraltı su ehtiyatlarının ən mühüm mənbəyidir. Qar sayəsində su anbarları dolur və enerji olaraq bizə qayıdır. Qarda olan ammonyak qarın əriməsi ilə torpağa hopur. Bu ammonyak azot bakteriyaları tərəfindən kalsium nitrat kimi azot duzuna çevrilərək bitkilərin azot ehtiyacını qarşılayır. Mütəxəssislər soyuq havanın baş ağrılarına yaxşı təsir etdiyini də irəli sürürlər. Onlar hesab edir ki, buz parçası ilə alına kompres etmək həssas sinirləri yumşaldıb sakitləşdirir. Bundan başqa, yanağa qoyulan kiçik buz parçası diş ağrılarını da azalda bilir. Avropanın qərb bölgələrində mənfi 10 dərəcə soyuq otaqlar xəstələr üçün istifadə edilir. Xəstələr iki dəqiqə otaqlarda qalır. Bu üsul ürək xəstəlikləri olan insanlara yaxşı təsir göstərir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da  soyuqdəymə, qrip kimi xəstəliklərin yayılmasının əsas səbəbinin qarın yağmaması olduğunu dedi: “Çox təəssüflər olsun ki, insanlar geyim formasını düzgün seçə bilmir. Qarın yağmaması, qışın tam olaraq keçməməsilə bağlı insanlar problemlər yaşayırlar. Amma bir məsələ var ki, elə ölkələr var ki, orada insanlar qar, qış üzü görmür. Hər bir insan özünü yaşadığı iqlimə adaptasiya etməlidir. Son illər qlobal istiləşmə ilə bağlı, həm də kainatda gedən dəyişikliklərlə bağlı ayrı-ayrı yerlərdə iqlim dəyişiklikləri müşahidə edilir. Dediyiniz kimi fəsillər də iqlimə uyğun getmir. Belə olan halda da təbii ki, müxtəlif xəstəliklərin baş qaldırması təbiidir. Son vaxtlar qrip, soyuq dəymə kimi xəstəliklərin artmasına səbəb qarın yağmaması, havanın gah isti, gah soyuq olduğu üçün insanların geyimlərini düzgün seçə bilməməsidir”.

Respublikanın baş infeksionisti Cəlal İsayev Teleqraf.com-a açıqlamasında qışda virus infeksiyalarının artdığını ancaq qorxulu bir şey olmadığını bildirib.

Onun sözlərinə görə, bu, hər il təkrarlanan vəziyyətdir: “Sadəcə, builki virus infeksiyası kliniki gedişinə görə qripi daha çox xatırladır. Nisbətən ağır gedişi ilə seçilir. İnsanlar özlərini qorumalıdırlar. Katastrofik risk, güclü epidemiya yoxdur”.

Cəlal İsayevin sözlərinə görə, virusdan qorunmaq üçün xəstənin özü və onun ətrafındakılar diqqətli olmalıdırlar: “Bu mövsümdə insanların çox olduğu yerlərdən uzaq durmağa çalışmaq lazımdır. Əgər harasa getmək və ya tünlükdə olmaq qaçılmazdırsa, mütləq qoruyucu maskadan istifadə etmək gərəkdir. Maska taxmaqla özümüzü müəyyən qədər qoruya bilərik. Yaxşı olar ki, xəstə insanlar işə çıxmasın, ictimai yerlərdən uzaq olsunlar. Xüsusilə temperatur varsa, mütləq yataq rejiminə riayət edilməlidir. Temperaturlu vəziyyətdə işə gedən xəstə bilməlidir ki, qripin təhlükəli ağırlaşmaları olur. Ona görə evdə qalmalıdır. Bütün hallarda həkimə müraciət etmək vacibdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here