Bizimsesimiz.info // AMEA Polimer Materialları İnstitutunun  “Polimerlərə kimyəvi əlavələr və polimer gellər” laboratoriyasının müdiri, k.ü.e.d. Əliverdi Kərimovun 80yaşı tamam olub.

Kərimov Əliverdi Xankişi oğlu 1937-ci il dekabr ayının 20-də Qubadlı rayonunun Soldaş kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinin axşam şöbəsini bitirib.

1968-ci ildə istehsalatdan ayrılmaqla Azərbaycan SSR EA-nın Neft-kimya Prosesləri institutunun Sumqayıt Filialının aspiranturasına daxil olaraq 1971-ci ildə aspirantura təhsilini başa vurub. 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda “Epoksid birləşmələr əsasında efirlərin sintezi və onların bəzi çevrilmələri mövzusunda” elmlər namizədi dissertasiya işini müdafiə edib. 2010-cu ildə Bakı Dövlət Universitetinin Dissertasiya Şurasında “Karbotsiklik sıraya mənsub xlor-, broməvəzli doymamış efirlərin sintezi və xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi alıb.

Əliverdi Kərimov apardığı sistemli tədqiqatlar nəticəsində çox profilli tətbiq sahəsinə malik olan karbotsiklik sıraya mənsub funksionaləvəzli doymamış mürəkkəb mono-, di- və poli- efirlərin, bu sıradan olan beşüzvlü tsiklik asetalların və onların törəmələrinin, habelə halogenəvəzli epoksioliqoefirlərin məqsədyönlü alınması sahəsində üzvi sintezin yeni perspektivli istiqamətini təklif və inkişaf etdirib. Alim tərəfindən ilk dəfə olaraq elektronoakseptor təbiətli əvəzləyici(lər) saxlayan, fəza çətinlikli spirtlərin [1-xlor(brom)-, 1,3-dixlor(dibrom)- və 2,3-dixlorəvəzli 2(1)-propanol törəmələri], tsikloheks-3-en-1-karbon turşusu və onun 1-metiləvəzli homoloqu ilə efirləşmə reaksiyası tədqiq edilib.

Əliverdi Kərimovun rəhbərliyi ilə epoksixlor(brom)tərkibli oliqoefirlərin sintezi qanunauy­ğunluqları hazırlanaraq onlardan plastifikator-modifikator kimi istifadə etməklə, çoxtonnajlı sənaye məhsulu olan ED-20 qətranı əsasında yüksək fiziki-mexaniki, dielektrik və s. xassələrə malik polimer kompozisiyaları yaradılıb.
Alimin rəhbərliyi ilə 2 dissertasiya işi müdafiə olunub və 1 doktorantın dissertasiya işi yekunlaşmaq üzrədir.

Aparılan tədqiqatların nəticələri 130-dən çox elmi əsərdə,  36-sı müəlliflik şəhadətnaməsi və 1 patentdə öz əksini tapıb.

Onun iki müəlliflik şəhadətnaməsi istehsalata tətbiq olunmuş və iki dəfə «Изобретатель СССР» döş nişanı ilə təltif edilmişdir.

AMEA Polimer Materialları İnstitunun rəhbərliyi və kollektivi adından alimi 80 illik Yubileyimünasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik. // xeberle.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here