Bizimsesimiz.info // Fələstində iyulun 14-də başlayan gərginliklər nəinki azalmır, əksinə hər keçən gün artır. Ötən gün Qərbi Şəriədə, Ramallah şəhəri yaxınlığında 3 israilli yəhudi bıçaqlanaraq öldürülüb. Halamiş bölgəsində isə daha bir yəhudi yaralanıb. BBC-nin məlumatına görə, hələlik müəyyən edilməmiş şəxs 60 yaşlı yəhudini və onun 40 yaşlarında qızı və oğlunu bıçaqlayaraq öldürüb. 60 yaşlarında qadın isə yaralanıb və hazırda xəstəxanadadır.

Artıq Fələstində hər gün mitinq və yürüşlər, qarşıdurmalar baş verir. Hadisələrin daha da gərginləşməsini nəzərə alaraq BMT TŞ bazar ertəsi təcili toplanacaq. Xatırladaq ki, Qüdsdə gərginlik iyulun 16-da Qüds şəhərində Məscid əl-Əqsa yaxınlığında 2 israilli polisin hücuma məruz qalıb öldürülməsi ilə başlayıb. Bundan sonra İsrail polisi əl-Əqsa məscidini ibadətə qapadıb, məscid ətrafına girişə detektorlar quraşdırıb. Ancaq detektor qərarı fələstinlilərin etirazına səbəb olub. Cümə günü məscid ətrafında meydanda cümə namazı qılan fələstinlilər daha sonra İsrailin qərarına etiraz olaraq yürüş keçiriblər. Ancaq bu zaman hadisələrə polis müdaxilə edib və qarşıdurmada 3 fələstinli öldürülüb.

Hadisələr gərginləşdikdən sonra Çinə səfərini yarımçıq qoyaraq Ramallaha qayıdan Fələstin dövlət başçısı Mahmud Abbas İsrail hökumətinə sərt etirazını bildirib. Fələstin rəhbəri “Əl-Əqsa” məscidinə tətbiq olunmuş təhlükəsizlik tədbirləri ləğv olunana, məscid hissəsi əvvəlki qaydada fəaliyyət göstərənə qədər İsraillə bütün rəsmi təmasları dayandırıb. M.Abbas bu addımın əsl səbəbinin İsrailin məscidə nəzarəti tamamilə ələ keçirmək olduğunu deyib. Çünki sonuncu cümə namazında İsrail polisi “əl-Əqsa” məscidinə yalnız 50 yaşdan yuxarı fələstinliləri buraxıb.

Qeyd edək ki, Qüdsdə son iki ildə, 2015-ci ilin sonlarından bu günə qədər fələstinlilərin hücumları nəticəsində 47 yəhudi və 5 əcnəbi öldürülüb. Eyni zamanda bu hadisələr zamanı 255 fələstinli öldürülüb. İsrail hökuməti öldürülənlərin çoxunun terrorçu olduğu və hücum zamanı öldürüldüyünü bildirir. Gərginliyin sürətlə yüksəlməsi İsraili də artıq narahat etməyə başlayıb. İsrail ordusunun generalı Yaov Mordeçai BBC-yə deyib ki, metal detektorlar yığışdırıla bilər. Eyni zamanda o ərəb ölkələrini də gərginliyin azaldılması üçün təklif verməyə çağırıb. General deyib ki, İsrailin təhlükəsizliyin təmin olunmasına ehtiyacı var. Bunun üçün uyğun və təhlükəsizlik tədbirləri təkliflərini İordaniya və digər ərəb ölkələrindən gözləyirik.

Görünən odur ki, İsrail Yaxın Şərqdə indiki vaxtda müsəlman aləminin qəzəbini üzərinə çəkməkdən ehtiyat edir. Ancaq aydın məsələdir ki, bu “geri çəkilmə” belə şərtidir. Ən yaxşı halda israillilər daha gücləndirilmiş təhlükəsizlik tədbirləri altında müsəlmanların əl-Əqsa məscidində ibadət etmələrinə icazə veriləcək. Lakin bu, münaqişənin həlli deyil və problem yenə də həll olunmamış qalacaq.

Məsələ ondadır ki, müsəlman aləmi hər dəfə Qüds mövzusunda hay-küy qaldırsa da, əslində real olaraq bu problemin həlli istiqamətində qətiyyət göstərilmir. Yalnız bir dəfə – 1967-ci il mühairbəsindən sonra ərəb-müsəlman dünyasında böyük çoxluq İsrailə qarşı təzyiq göstərməyə çalışıb, hətta neft embarqosu tətbiq edib və bu zaman müəyyən nəticələrə nail olmaq mümkün olub. Lakin qalan bütün dövrlərdə nə 300 milyonluq ərəb dünyası, nə də milyard yarımlıq müsəlman aləmi Qüds və ümumilikdə Fələstin məsələsi ilə bağlı qətiyyətli addım atıb, münaqişənin həllinə nail olmaq üçün ciddi fəaliyyət ortaya qoyulmayıb. Bizim də indi Qarabağ münaqişəsində “təcrübə etdiyimiz” kimi, müsəlman aləmi adətən bəyanatlar verir və daha gərgin vəziyyətdə hansısa çağırışlar edir, amma real təzyiq və ortaq siyasi addımlar atılmır.

Bunun da bir sıra səbəbləri var. Əvvəla, müsəlman dünyasında, xüsusən də ərəb coğrafiyasında köklü dövlətlərin sayı azdır, əksər dövlətlərin daxilində ciddi etnik və dini-məzhəbi münaqişə ocaqları var, siyasi sistem yoxdur, demokratiya və legitimlik ciddi problemdir. Bu səbəbdən də ərəb dövlətləri hər nə qədər maddi və silahlı güc olaraq qüdrətli olsalar da daxili siyasi sabitlik kövrəkdir və bir qayda olaraq rejimlər siyasi-hüquqi legitmliklərini Britaniya, ABŞ, Fransa kimi ölkələr hesabına saxlayırlar. Bu səbəbdən də rejimlər qətiyyətli deyillər. İkinci mühüm amil, liderlik mübahisələri və məzhəb ayrılıqlarıdır. Məlumdur ki, İran uzun illərdir Livanda Hizbullah, Fələstində HƏMAS və İslami Cihad kimi təşkilatları İsrailə qarşı vuruşmaları üçün maddi və texniki baxımdan dəstəkləyir. Ancaq İran Fələstin mövzusunda digər müsəlman ölkələri ilə əməkdşalıq etmir. Sadəcə BMT və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) kimi qurumlarda siyasi səsvermələr xaricində digər ölkələrlə birlikdəlik yoxdur. Ərəb hakimiyyətlərinin özləri də Fələstin məsələsində vahid mövqedən çıxış edə bilmirlər, çünki ərəblər arasında ciddi liderlik mübarizəsi var və bu səbəbdən birgə fəaliyyət aparmaq mümkün olmur. Bu səbəbdən də artıq 100 ilə yaxındır ki, Fələstin və Qüds mövzusu Yaxın Şərqin və dünyanın bir nömrəli probleminə çevrilib.

Qüds məsələsinin həll oluna bilməməsinin əsas səbəbinin arxasında din amili dayanır. Məsələ ondadır ki, Qüds şəhəri 3 səmavi dinin – İslam, Xristianlıq və Musaviliyin ardıcılları üçün müqəddəs hesab olunur. Eramızdan əvvəl 3-cü minillikdə əsası qoyulmuş bu şəhərdə yəhudiliyin əsas müqəddəs məbədi “Süleyman Məbədi” (Beyt əl-Makdis) yerləşir. Bundan başqa, xristianlığın ilk illəri ilə bağlı yerlər, o cümlədən müsəlmanların ilk qibləsi də məhz Qüds şəhəri və orada yerləşən Beyt əl-Müqəddəs və ya Məscid əl-Əqsadır. Həm müsəlmanlar, həm yəhudilər, həm də xristianlar bu şəhərdə yaşayır, onu tarixi və dini bir mərkəz olaraq görür. Yəhudilər üçün Qüds musəvilik dininin baş məbədi (yəhudilik məbəd dini olduğu üçün baş məbəd əsasdır – K.R) yerləşən Qüds şəhəri vazkeçilməzdir. Eramızdan əvvəl 70-ci ildə Qüdsü işğal edib yandıran romalılar yəhudilərin baş məbədi Beytg əl-Makdisi və ya Süleyman Məbədini də dağıtdılar. Hazırda Süleyman Məbədinin yalnız qərb divarı salamat qalıb və yəhudi inancına görə, Davudun nəslindən olan “xilaskar” zühur edib məbədi bərpa edənə qədər belə qalacaq. Hazırda “kotex” adlandırılan Qərb divarına həm də “ağlama” divarı deyirlər, yəhudilər orda ağlayır və zühur üçün dua edirlər. Aydın məsələdir ki, Qüdsü bu səbəbdən yəhudilər vazkeçilməz hesab edir, güzəştə getmək istəmirlər.

Oxşar səbəb müsəlmanlar üçün də mövcuddur. Məhəmməd Peyğəmbər (s) Qüdsdən Meraca gedib və Məscid əl-Əqsa ümsəlmanlar üçün Kəbə ilə yanaşı müqəddəs məscidlərdən biridir. Qüds müsəlmanların ilk qibləsi olub. Yəni həm ərəblər, həm də yəhudilər üçün Qüds müqəddəs mahiyyətdədir və heç bir tərəf güzəştə getmək istəmir.

1947-ci il noyabrın 29-da BMT-nin Fələstin üzrə xüsusi Komitəsi 181 saylı (II) bölünmə planı üzərində razılaşdı. SSRİ və ABŞ kimi ölkələrin də dəstəklədiyi bu plana əsasən 1948-ci il yanvarın 1-dək ərəb və yəhudi dövlətləri qurulacaq, Fələstin əraziləri 8 hissəyə bölünməsi, bunun 3 hissədə Fələstin (ərəb), 3 hissədə yəhudi (İsrail) dövləti qurulacaq, bir hissədə isə Yaffa şəhərində ərəb yaşayış məntəqəsi qurulacaq, nəhayət, 8-ci bölgə isə Qüds şəhəri BMT-nin təyin etdiyi hamilik şurası tərəfindən idarə olunacaq və beynəlxalq idarəçiliyə tabe olacaqdı. Ancaq bu plan baş tutmadı, bir il sonra yəhudi dövləti elan olunsa da, ərəb dövləti yaradılmadı. Daha sonrakı savaşlarda, o cümlədən 1967-ci il müharibəsində ərəblər Qüdsün hər iki hissəsini – şərqi və qərbini itirdilər.

Bu gün gəldiyimiz nöqtədə bu münaqişənin danışıqlarla həll olunması mümkün görünmür. Çünki İsrail Qüdsü öz paytaxtı elan edib. Fələstinin də Qüdsə bu cür iddiası var. Aydındır ki, İsrail 70 il əvvəl BMT-nin təklif etdiyi Qüdsə özəl statusun verilməsinə razı deyil, hətta 1967-ci il sərhədlərinə, yəni Qüdsün şərq hissəsinin ərəblərə məxsus olmasına razılaşmır. Bu isə Fələstin münaqişəsini dalan dirəyir.

Son olaylar Qüds üzərində iddialardan qaynaqlanır və onu göstərir ki, məsələnin köklü həll olmadıqca bu cür münaqişələrdən qaçmaq mümkün olmayacaq. İsrail fələstinlilərin sayını azaltmaq, şəhərin nəzarətini bütövlükdə ələ almaq, yəhudi çoxluğa nail olmağa çalışır. Bununla da problemlərin azalcağını düşünür. Lakin eyni zamanda ərəblər də İsrailin planını anlayır və buna ildən ilə daha sərt müqavimət göstərməyə çalışırlar.

Maraqlıdır ki, son gərginliklər Bakıda Qüds konfransı ilə eyni dövrə təsadüf etdi, baxmayaraq ki, Bakıdakı 4-cü Qüds konfransı aylar öncədən planlaşdırılmışdı. Qüds məsələsində aktivləşməklə Azərbaycan ərəb-müsəlman aləmində aktiv diplomatiya yürüdə bilər, eyni zamanda İsraillə yaxın əlaqələri və hər iki tərəfə məsafəli olması kimi üstünlüklərindən istifadə edə bilər. Ancaq göründüyü kimi, münaqişə çox həssasdır və hər an nəzarətdən çıxa bilər ki, bu da vasitəçilər üçün riskləri daha da artırır.

AB, Avropa kimi ənənəvi vasitəçilər isə etimadı itirməklə birlikdə, Tramp kimi liderlər yəhudi lobbisindən dəstək almaq üçün İsraillə yaxşı keçinməyə daha çox üstünlük verirlər. Bu isə münaqişənin həllini daha da uzadır. Əks düşərgədə daha sərt xəttin tərəfdarı olan İran kimi ölkələr isə İsrailin dövlət olaraq ləğv olunmasını və yəhudilərin Fələstində yaşamasını təklif edir. Bunun üçün Fələstin cihad hərəkatını dəstəkləyir. Bu isə o deməkdir ki, sülh danışıqları nəticəsiz qaldıqca radikalizm, münaqişənin silahla həllinə inananların sayını daha da artır. İsraildə son 10 ildə əsasən müharibə tərəfdarı sağ-mühafizəkarların seçkiləri qazanması bunun bir nümunəsidir. Fələstinlilər üçün də belədir, sülh ümidlərinin tükənməsi silahlı mübarizə tərəfdarlarının sayını ildən ilə artırır.(musavat.com)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here