Qüds Günü izzət günüdür (MƏQALƏ)

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayının artıq keçmiş günlərinə, xüsusən də Qədr gecəsi ilə bağlı əhyalara nəzər salsaq, görərik ki, müsəlmanlarda, mömin və möminələrdə bir gözəl ayılma, öz durumlarını dərk etmə, şəxsi əxlaqi vəziyyətləri üzərində işləmə, üzərlərinə düşən ictimai məsuliyyətləri dərk etmə və daha çox ictimailəşmə kimi gözəl hallar gözə çarpır.

Artıq mübarək Ramazan sonuncu cümə günü – Qüds günüdür. Bu, çox mühüm və cox vacib bir gündür. Dünyanın hər yerində, harada olmaqlarından asılı olmayaraq bütün müsəlmanlar – “La iləhə illəllah” əhli, Rəsulullah (s) aşiqi, qiblə tanıyan, əhya saxlayan insanlar bu gündə Qüds Gününü keçirir. İstər Fransada, istər Ərəbistanda, istər Türkiyədə, istər İtaliyada – harada müsəlman var, ona çətin də olsa, asan da olsa, onu tərifləsələr də, acılasalar da – bu gün Qüds Gününü keçirir.

İzzət nədir?

Bəs Qüds Günü nədir? Bu haqda məlumatımız vardır. Keçən illərdə bu barədə danışılıb. Söhbətimizin ictimai tərəfinə keçməzdən öncə, demək istəyirik ki, Qüds Günü – müsəlmanların izzəti günüdür. Qüds Günü – bir gündür ki, bu gündə müsəlmanlar bir toplum olaraq, cəm şəklində öz sözlərini dünyaya çatdırırlar. Qüds Günü – müsəlmanların izzət günüdür. Ona görə də izzətlə bağlı mövzuya aydınlıq gətirək.

İmam Sadiqdən (ə) nəql edirlər: “İzzət odur ki, hər vaxt ki, haqla üzbəüz gəlsən, gərək haqqın müqabilində təvazö edəsən”.

Bu, çox böyük, fövqəladə dərəcədə fundamental dəyərdir. İzzət o deyil ki, adamın pulu çox ola, malı çox ola, adamlar içində süni təriflərlə yaşaya. Mübarək İslam məntiqində haqq müqabilində təvazö edən zaman insanın izzəti var. Bu insan haqq və ədalət tərəfdarıdır, haqq və həqiqətə səcdə edir.

Ola bilər insana haqqın heç bir xeyri olmasın və hətta haqqın əksi ona zahiri bir xeyir də versin. Amma izzət odur ki, insan ona xeyir versə də, zərər versə də – zahiri haqqın qarşısında təvazö edə və həqiqi haqqın qarşısında isə baş əysin.

Həzrət Əli (ə) buyurur: “Hər kim izzəti Allahdan qeyrisində axtara, o “izzət” onu məhv edər”. Məsələn, bir adam deyə ki, düzdür, Allah var, Peyğəmbər (s) var – bunlar hamısı öz yerində və bir kənarda qalsın, amma mən istəyirəm insanların əli ilə bir izzət tapım. Yəni, bir var adam izzətin mənbəyini Allahda görür, bir də var ki, bu adamda ikiləşmə gedir.

Adi həyatımızda adət üzrə olduğu kimi – həm Allahın ətəyindən istəyirik tutaq, həm də əl atıb insanların ətəyindən möhkəm yapışaq. İstər ailə məsələsində olsun, istər ictimai işlərdə olsun – fərqi yoxdur, çox işlərimizdə biz təqribən beləyik.

Bu, müasir dövrün xəstəliyidir – insan ikiləşib: istəyir həm Allahpərəst olsun, həm də qeyri-Allahpərəst. Vasitələr insanı Allaha tərəf apardığı, Allaha xatir olduğu və Allah dediyinə görə olduğu halda yaxşıdır. Amma, Allaha xatirliklə paralel bir başqa qüvvə də insanda olsa və bir gün bu insan əlini Allahdan üzüb, izzəti həmin o qüvvədə axtarsa – bu adam həlak olacaq.

Əmirəlmöminin İmam Əlidən (ə) nəql edilən digər bir hədisdə “Hər vaxt izzət axtarışında olun” – dediyini görürük. Yəni İmam (ə) deyir ki, Allaha itaətdən, ibadətdən kənar izzət axtarma mexanizmləri hamısı boşdur, müvəqqətidir və insanı yarı yolda qoyar.

İnsan olmaq üçün nə etməli?

Loğmandan belə nəql edirlər: “Əgər istəyirsən ki, dünya izzətini ələ gətirəsən, onda gərək insanların əllərində olan şeylərdən gözünü çəkəsən”. Yəni, insan olmaq üçün nəfsini qorumalısan, başqalarında olan şeylərdən gözünü çəkməlisən.

Bu gün ən mühüm və ciddi məsələlərdən biri – durumumuz, vəziyyətimizdir. Biz niyə bu günə düşmüşük? Çünki, fərdlər izzəti-nəfslərini itirirlər. İqtisadi durum bir tərəfdən, ictimai durum o biri tərəfdən – izzəti-nəfsli şəxslərin yetişməsi üçün şərait yoxdur. Xüsusilə də iqtisadi durum insanları o kökə salıb ki, ümumiyyətlə bu müstəvidə fikirləşmək üçün imkan və şərait itib. Amma, əgər bu cür davam etsə, hər birimiz üzərinə düşən izzətli insan olma, izzəti-nəfsə malik olma funksiyasını yerinə yetirməsək, bu toplumun axırı hara gedər – bəllidir.

Bəli, çox acınacaqlı haldır ki, bu gün biz nə bir toplum kimi, nə də, nadir halları çıxmaq şərtilə, bir fərd kimi izzəti-nəfsə malik deyilik. Niyə? Çünki, həm izzəti-nəfsli insanlar azdır, həm də bir ab-hava yaranıb ki, izzəti-nəfsli olmaq dəyər sayılmır. Əksinə, tam başqa dəyərlər mövcuddur. İndi ikiüzlü olmaq, ona-buna yaltaqlıq etmək dəyər sayılır. İzzəti-nəfsli olmaq isə elə sayılır ki, guya belə insan çox uzağa gedə bilməz. Bax, şüuruna belə psixologiya hakim olmuş toplumu ağır fəlakətlər gözləyir. Necə ki, Fələstin xalqı vaxtilə fəlakətə uğradı.

Bəli, Fələstin xalqı birdən-birə öz torpaqlarını itirmədi. Belə olmadı ki, fələstinlilərə, o əziz müsəlmanlara dedilər: “Sən bu bir neçə kvadrat kilometrdə qal, yaşa”. Bir kvadrat kilometrdə Almaniyada təqribən 227 nəfər, Fransada 106 nəfər, Türkiyədə 77 nəfər yaşayır. Fələstində isə 2617 nəfər yaşayır. Hətta dustaqxanalar üçün xüsusi beynəlxalq konvensiyalar var ki, dustaq hansısa minimum standartlardan kiçik olan yerdə qala bilməz. Həbsxanalarda monitorinq aparan insan haqları müdafiəçiləri ora girən kimi birinci növbədə bunu ölçürlər, sayırlar, baxırlar. Əgər azdırsa, demək məhbusun hüququ pozulub.

Amma Fələstində necədir? Elə bil ki, adamı öz evindən qovalar, sonra isə həyətin bir küncündə balaca bir tövlə düzəldələr, evdə yaşayanların da hamısını bu tövləyə salalar və deyələr ki, siz indi burada yaşamalısınız. Beləliklə, 1948-ci ildə fələstinliləri sürgün edirlər Qəzzaya və İordan çayının Qərb sahilinə və o vaxtdan da bu problemlər başlayır.

Fələstinlilərin o hala düşməkləri bəlkə də vaxtilə etdikləri səhlənkarlıqlarının nəticəsidir. Bəlkə də obyektiv-subyektiv başqa səbəblər də var.

Qüds – yəni Qarabağ! Qarabağ – yəni Qüds!

Bunları sadalamaqda məqsəd budur ki, biz bu durumla, bu vəziyyətlə hara getdiyimizi bilək. Bizim Qarabağ dərdimiz vardır. Bu yaramız yavaş-yavaş köhnəlir, öyrəşilir. Bu gün bizi birtəhər öyrəşdirmək istəyirlər ona ki, torpaqlarınız gedib, bir hissəsini qaytararıq və yaxud nəsə edərik. Elə fələstinlilər də təqribən bu cür idilər. Onlar da heç fikirləşmirdilər ki, yavaş-yavaş torpaqları gedəcək. Birdən ayıldılar ki, torpaq yoxdur. İndi isə elə bir vəziyyət yaradılıb ki, hamı fələstinlilərin günahkar olduğunu zənn edir. İndi səhərdən axşama kimi bütün mətbuatda, televiziyada belə təqdim olunur ki, guya bunlar kiminsə gününü qara ediblər.

Qəribədir, oturmusan evində, gəlib səni güclə qovurlar. Sən də deyirsən ki, axı bu, mənim evimdir, icazə verin evimdə normal yaşayım. Onda sənə deyirlər ki, “Sus! Səsini çıxarma! Yoxsa gözünü çıxararıq”. Sən də nəfəs almaq üçün, ölməmək üçün, ibadət etmək üçün hüququnu qorumaq istəyəndə, deyirlər ki, “sənə bu da çoxdur”. İstədikləri vaxt tutub aparıb işgəncə verirlər, istədikləri cinayətləri sənə qarşı edirlər.

Qüds günü təkcə Fələstinlə bağlı bir gün deyil. Qüds günü – müasir dünyada müsəlmanlara üz tutularaq çalınan bir təbildir! Bu təbil deyir: “Ey, müsəlman! Sən bu məğlubiyyətlərlə hara gedirsən?! Bəs bunun sonu nə olacaq? Axı bu gün bu zülm Fələstində varsa, sabah hər yerdə ola bilər…”.

Necə ki, gözümüzün qabağında artıq baş verməkdədir – Qarabağ, Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən… Qarabağımızda gör nələr baş verir!?

İstəyirik bilək Qüds nədir – gərək erməni əsirliyində əziyyət çəkən əsirlərimizi, onların nalələrini, itirilmiş torpaqlarımızı yada salaq.

Əgər anlamaq istəyiriksə ki, necə oldu Qüds meydana gəldi – gərək gözümüzün qabağında satılan torpaqlarımızı, bu torpaqlarla edilən alverləri xatırlayaq. Elə bütün dünya səviyyəsində müsəlman torpaqları bu durumdadır. Ona görə də, bizim dəqiq bir şüarımız var: Qüds – yəni Qarabağ! Qarabağ – yəni Qüds!

Biabırçılıq həm də bundadır ki, başqa vaxt Birləşmiş Millətlər Təşkilatı bir qərar verən kimi tanklar, toplar işə düşür ki, filan sərəncamı yerinə yetiririk. Bəs iş Fələstinə və Qarabağa gələndə, nə oldu? Niyə sərəncamların yerinə yetirilməsi bunlara aid olmur?

Çünki, aciz durumdayıq. Hələ anlamamışıq ki, bu müasir dünyada müasir müstəvilərdən çıxış edilməlidir. Bəlaların kökü çox sadə məsələlərdən başlayır. Əvvəl toplumun, millətin əqidəsi, milli ideologiyası, onun dini unutdurulur. Bundan sonra toplumun mədəniyyəti əldən gedir. Daha sonra, torpaqları əlindən alınır. Bütün bunlardan sonra isə hər bir şeyi gedir.

Səhvlər təkrar olunur

Biz fələstinlilərin səhvlərini bu gün də davam etdiririk. Fələstinlilər hansı səhvləri buraxıblar, indi biz bunların hamısını təkrar edirik. Hal-hazırda Fələstində olduğu kimi, düşmənlə məğlubiyyət müstəvisində danışmağın mənası yoxdur. Düşmənlə torpaqların bütöv hamısının yox, bir hissəsinin qaytarmasının müzakirəsini etmək – məğlubiyyət deməkdir. Çünki, ondan sonra deyiləcək ki, gəlin bu hissəsini yox, başqa bir hissəsini verək. Bir beş il də bunun müzakirəsi gedəcək. Sonra deyəcəklər ki, məsələn, gəlin bu balaca hissənin yox, digər bir hissənin yarısını verək. Buna da bir beş il müzakirə lazım olacaq…

Misal üçün, 13 faizini nə edək. 8 faizini nə edək… Bax, Fələstində həmin o məsələdir. O boyda yer işğal olunub, indi 8 faizin və ya 13 faizin söhbəti aparılır.

Bəs bu, nə zaman baş verir? Əvvəlcə camaata adət etdirilir ki, məsələn, işğal edilmiş yerin 13 faizi azad edilsə, çox böyük nailiyyət əldə etmiş olacağıq.

Fikir versək, görərik ki, həmin o səhvlər indi Qarabağ məsələsində də buraxılır. Onda çıxış yolu nədir? Çıxış yolu birdir və sadədir. Biz əgər nəzər salsaq bütün dünya xalqlarının tarixinə, görərik ki, ikinci yol heç vaxt olmayıb. Millətin özünün içindən passionarlıq elementi generatorlarının sayı – hərəkətverici insanların sayı artmayana qədər, o millətdən millət olmayıb. Nə qonşu gəlib sənin yerinə torpaq azad edəsidir, nə böyük qardaşın, nə kiçik qardaşın, nə də digər qardaşın… Millət özü özünə yiyə durmalıdır.

Bir fikir verin, əsrimizin əvvəlindən bu günə qədər dahilərimiz məhv olandan, şəhid olandan sonra bizi sanki bir neçə yerdən iflic vəziyyətinə saldılar. Əvvəla, məscidlərimizi – bizim mənəviyyat passionarlığı yetişdirən yerlərimizi, mənəviyyat fundamentimizi elə kökə saldılar ki, məscid adı gələndə, din adı gələndə müsəlman utanır. Amma dünyada elə deyil. Polşaya, Pribaltikaya, Finlandiyaya – ümumiyyətlə insanların öz hüquqları uğrunda mübarizə apardıqları hər bir yerə nəzər salsaq, görərik ki, onların həmişə mənəviyyatlarının dayağına – dinlərinə bağlılığı olub. Din adından danışan hoqqabazları həmişə rüsvay ediblər.

Polşada katolik kilsə, hətta kommunist rejimin ən ağrılı durumunda belə, bir an da olsun xalqın mənəvi passionarlıq rolundan kənarda durmayıb. Düzdür, itkilər veriblər, düzdür, qanları tökülüb, düzdür, bir çox mənəviyyatlı insanları dünyadan gedib – amma, bu gün başıuca bir xalq kimi yaşaya bilirlər. Pribaltikaya da nəzər salsaq, belədir.

Tarixə baxsaq, görərik ki, nəinki Sovet dövründə, hətta daha əvvəl – çar dövründən xalqımızın mənəvi passionarlıq mənbəyi olan məscidlərimizi nə günə salıblar. İslam dinini nəzarətə götürmək üçün hələ çar dövründə yaradılmış qurumlar olub.

Sovet, çar dövrünün bütün strukturlarından imtina etdi, amma bu yanaşmadan əl çəkmədi. Bəs nə olur nəticədə? Nəticədə məscid Allah evi olmaq əvəzinə, çevrilib olur başqa şeylər. Və bir millət ki, onun məscidləri azad deyil, bir millət ki, onun azadə möminləri yoxdur, bir millət ki, onun hürr insanları məscidlərə yığılmır – həmin o millətin axırı daha ağır vəziyyətə düşəcək.

Ayılma günü

Bizə vurulan ikinci zərbə ziyalılardan gəlib. Hansı millətin ki, ziyalı adlanan təbəqəsi qorxaqdır, yaltaqdır, şəxsiyyətsizdir – o millətin vəziyyəti ağırdır. Bax, Fələstində də belə şeylər olub – axırı da hazırkı vəziyyətlə nəticələnib. Bu gün də biz o vəziyyətdəyik. Diqqətlə nəzər salsaq, görərik ki, Sovet dövründə ziyalı təbəqəsi məhv ediləndən sonra, bu günə kimi bunun bəlasını çəkirik.

Beləliklə, Qüds günü – ayılma günüdür. Qüds günü – müsəlmanların özlərinə qayıtma günüdür. Qüds günü – öz mənliyinə, öz mənəviyyatına, öz milli ideologiyalarına, öz dininə, öz şəxsiyyətinə, öz vücudi durumuna qayıtma günüdür.

Ona görə də, bu gün mücərrəd nələrdənsə danışmaqdansa, istər Fələstində, istər Qarabağda, istər daha geniş olaraq ümumən müsəlmanların problemlərinin həlli müstəvisində söhbət açmaq gərəklidir. Müsəlmanlar ayılmalıdırlar. Məscidlər azad olmalıdır. Həqiqi, xalqına bağlı olan ziyalılar yetişməlidir. Ona görə də, bu gün üzərimizdə çox ciddi vəzifə vardır. Xüsusən də elmlə məşğul olmaqla bağlı.

Bu gün biz bir dövrdəyik ki, harada təhsil almasından asılı olmayaraq, hər bir insanımız, əgər peşəkar kimi yetişməsində səhlənkarlıq edirsə, bu, həm fərd olaraq, həm toplum olaraq acı nəticələrə gətirib çıxaracaq. Əgər vəzifələrimizə əməl etməsək, onda bizim də gələcəyimiz Fələstin kimi olacaq.

Amma bir məsələ də deyilməlidir. Bu gün Fələstin xalqı müəyyən dərəcədə çıxış yolları axtarır və tapır. Bu gün artıq Fələstin dünyaya səsini ucaldır və deyir: “Biz artıq heç nə istəmirik. Biz azad olmaq istəyirik. Biz istəyirik BMT-nin qəbul edilən qətnamələri tətbiq olunsun”. İnşəallah, tez ya gec, onlar bütün dünya müsəlmanlarının, bütün azadə insanların köməkliyi ilə, istədiklərinə çatacaqlar.

Qarabağ da, Fələstin və bütün başqa müsəlman torpaqları kimi, bütün müsəlmanlara aid olan torpaqlardır. Və bütün bu torpaqların geri qaytarılması uğrunda şüurlu, məntiqli mübarizə aparmaq bütün müsəlmanlara vacibdir. Bu baxımdan, Qüds günü – Qarabağ günüdür, oyanış günüdür, özümüzə qayıdış günüdür, cılızlıqdan, kiçiklikdən, bölünməkdən, şəxsiyyətsizlikdən, yaltaqlıqdan xilas olma günüdür, insan olma günüdür, kamil insan yetişmə günüdür.

Bu günün mübarək Ramazan ayının sonuncu cümə gününə salınması da təsadüfi deyildir. Yəni, ey Allah qonağı, bu qonaqlığı nəinki bir tək mənəvi oyanışla, həm də ictimai-siyasi oyanışla tərk etməlisən!

Allahım, bütün dünya müsəlmanlarını həm bu dünyada və həm də axirətdə həqiqi izzət sahibləri olan Peyğəmbər (s) və onun pak Əhli-Beyti (ə) ilə məşhur et! Amin!

İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu

Deyerler.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir