Qüdsün yaşamaq uğrunda mübarizə aparan unudulmuş kəndi – Nəbi-Samuel (ARAŞDIRMA)
İşğal altındakı Qüds şəhərinin şimal-qərb səmtində yerləşən Nəbi-Samuel kəndi İsrailin İordan çayının qərb sahilində Aparteid divarını inşa etməsindən sonra demək olar ki, hər tərəfdən təcrid olunub və qapalı həbsxananı xatırladır.
320 nəfərdən ibarət Nəbi-Samuel kəndinin sakinləri kəndlərinin izolyasiya edilməsinə qarşı etiraz aksiyası da keçiriblər. Kəndin tərkibində olmuş torpaqlarına israilli miqrantlar tərəfindən dəfələrlə hücumlar olunub, qəsbkarlığa məruz qalıb. Kəndin məktəbinin həyəti isə Samuel peyğəmbərin qəbrini ziyarət etməyə gələn fanatik yəhudilər tərəfindən parkinq kimi istifadə olunur.
Fələstin İnformasiya Mərkəzinə müsahibə verən kənd sakini Eyd Bərəkət kəndin tarixi və başına gətirilən işğal hadisələri barədə danışıb: “1971-ci ildə Samuel peyğəmbərin qəbrinin ətrafında yerləşən evlərin kütləvi dağıdılmasına başlandı. İsrail rejimi iddia etdi ki, guya bu evlər köhnədir və uçmaq təhlükəsilə üz-üzədir. Halbuki bu iddia qətiyyən doğru deyildi. Onların əsl məqsədi bu evlərin yerində yəhudi tarixinə məxsus izləri axtarmaq idi. Bu səbəbdən bizi kənd məscidindən 400 metr aralıda yerləşən evlərə köçürtdülər”.
Onun sözlərinə görə, işğalçı İsrail hökuməti kənddəki ailələrə cəmi bir mətbəx və hamam otağından ibarət yaşayış evləri tikməyə icazə verib. Əhalinin artımı ilə əlaqədar ehtiyac yarandığı üçün tikilən digər bütün tikililəri söküb. O, qeyd edib ki, Norveç Fondu son illər İsrail məhkəmələrində çıxarılan söküntü qərarlarını izləməyə başlayıb.
Eyd Bərəkət deyir ki, indiyədək onun evində söküntü işi aparılmasını nəzərdə tutan 23 məhkəmə qərarı çıxarılıb. Belə ki, söküntü qərarları onun evinə, evinin yardımçı tikilisinə, hətta kanalizasiya və su quyusuna da şamil olunub. Bu yolla işğalçı rejim kəndin ərazisində istənilən tikinti və inşaat işinin dərhal qarşısını alır.
O, qeyd edib ki, 1995-ci ildən bəri işğalçı İsrail qüvvələri kəndə məxsus 350 hektara yaxın torpaq sahəsini ələ keçirib və buranı yəhudi sakinlər üçün “milli” parka çevirib. Bu da kəndin demək olar ki, bütün ərazisini və ətraf yerləri əhatə edir. Hətta kəndin məscidi də parkın ərazisinə keçirilib. Bu səbəbdən sakinlərə hər hansı tikili inşa etmək, yaxud ağac əkmək qadağan edilib.
E.Bərəkətin sözlərinə görə, əhali qəsb prosesinə qarşı çıxmağa çalışsa da, buna nail ola bilməyib. Kənddəki yeganə baş küçə 1967-ci ildən bəri təmir olunmayıb və yalnız norveçlilərin yardımı ilə üç il əvvəl küçədə bərpa işləri görülüb.
Oturaq etiraz aksiyası
E.Bərəkət deyir ki, kəndin girişinin Samuel peyğəmbərin qəbrinin ziyarətinə gələn yəhudilər tərəfindən avtomobil meydançasına çevrilməsi ucbatından yerli sakinlərin hərəkəti çətinləşdiyi üçün oturaq etiraz aksiyası keçiriblər. İntensiv gediş-gəliş kəndin girişini daraltdığı üçün məktəblilər evə gələrkən yubanır, maşınların tıxac problemi yaranır. Yerli sakinləri daha da sıxışdırmaq üçün yəhudi miqrantlar üçün bu ərazidə toy mərkəzi də inşa edilib. Bununla yerli sakinlər daha uzaqlara köçməyə məcbur edilir.
Kənddəki təhsil məsələsinə gəldikdə burada əvvəllər yalnız 1 otaqlı – 20 kvadrat metrlik sahəyə malik məktəb binası olub. Sonralar İordaniya kraliçası Rania əl-Abdullah və “Madrasati” Fondunun yardımı ilə əlavə sinif otaqları qismində kəndə dəmir konteynerlər göndərilib. Beləliklə, 4 sinif otağı əmələ gəlib ki, hərəsində 20 uşaq təhsil alır. Buna baxmayaraq, kəndin təhsil problemi hələ də həll edilməyib. 50 şagird dərslərinə davam etmək üçün qonşu Cib və Bin-Nəbəla kəndələrinə yollanmalı olurlar.
Kənddə, həmçinin tibb məntəqəsi problemi də mövcuddur. Doğum halları zamanı xəstələr İordan çayının qərb sahilindəki hospitallara müraciət edirlər.
Kənd sakininin sözlərinə görə, İsrailin inşa etdiyi Aparteid divarı kəndi İordan çayının qərb sahili və qonşu Beyt-İksa, Beyt-Hənina, Cib, Bir-Nəbəla və Badu kimi kəndlərdən ayrı salıb. Qonşu məntəqələrə getmək üçün sakinlər nəzarət buraxılış məntəqələrində yoxlanışdan keçməli və uzun məsafə qət etməli olurlar. “Ən yaxın dostlardan, birinci dərəcəli qohumlardan və İsrail tərəfinin icazə verdiyi şəxslərdən başqa heç kəs kəndimizə səfər edə bilmir”, – deyə Eyd Bərəkət bildirib.
O, Rəmallahda fəaliyyət göstərən Fələstin hökumətinə səslənərək unudulmuş kəndə diqqət ayırmağa və işsizlik problemini həll etməyə çağırıb. Vurğulayıb ki, sakinlər öz doğma kəndlərini işğal və zəbt olunmaqdan qorumaq üçün buranı əsla tərk etməyəcəklər.
Mənbə: Palinfo.com