Qumar elə qumardır
“Topaz”ın evlər yıxan mərc oyunu
Yaxın qohumum var, şəhərdən kənarda yaşayır. İstər ölkə, Avropa, istərsə də dünya çempionatı üzrə futbol yarışması olsun, bizə gələr. Ona görə yox ki, o da mənim kimi futbol azarkeşidir və birgə matç seyr etmək niyyətindədir. Bir qonşusu var, onun əlindən, səs-küyündən başını götürüb qaçmağa yer axtarır.
Deyir ki, hər futbol matçları zamanı qonşunun evində məcazi mənada qan su yerinə axır. “Topaz” yaranandan ailənin 22 yaşlı oğlu işini-gücünü atıb gedib oturur “Topaz”ın məntəqələrində. Ki, hansısa futbol oyunu üçün mərc edib pul qoyub pul qazanacaq. Amma nə qədər mərc etsə də, pul töksə də, bir qəpik qazana bilmir. Pul tapa bilmədikdə başlayır evdən oğurluq etməyə.
Şəhərdə evləri olmadığından kirayədə yaşayırlar. Ailənin ümumi pul bankı 1 kiloluq boş banka sayılır. Hamı pulunu həmin saxsı bankada saxlayır ki, vaxt gələndə evin kirayə haqqını verə bilsinlər. Vaxt-vədə yetişəndə baxırlar ki, bankanın içi bomboşdur. Kiçik oğul pulu aparıb qoyub futbol mərcinə. Özü “Topaz”ın məntəqəsində oturub futbol həyəcanını, ailəsi də evdə yoxa çıxmış pulların həyəcanını yaşayır. Məsələ burasındadır ki, oğurluq etdiyini boynuna alır və bu vərdişini “Topaz”dan pul qazanan günə kimi davam etdirəcəyini söyləyir. Bu hadisədən sonra ailə evdə pul saxlaya bilmir.
Bu qumar oyunu qumarbazın qanına narkotik kimi yeriyib. Futbol yarışları zamanı evin bütün dəlmə-deşiyini axtarır, əşyaları alt-üst edir. Nə pul tapır, nə də satmaq üçün qiymətli əşya. Bir dəfə necə olursa görür ki, anası əlindəki 5 manatı sinəsinə qoymaq istəyir. Həmin an əlini anasının yaxasına atıb gizlətmək istədiyi pulu götürüb qaçır. 22 yaşlı oğlanı ata döyüb böyük qardaşa, böyük qardaş döyüb ataya ötürür. Di gəl ki, qumarbazı yolundan çəkindirmək mümkün olmur.
Anası da deyir ki, “neyləyim, ana ürəyidir, öz əlimlə polisə təslim edə bilmərəm, zəif uşaqdı, türməyə düşsə, xəstələnib öləcək”. Başa salırlar ki, ay oğul, ay bala, əl çək bu sevdadan. Cavab verir ki, filankəs varianta filan qədər pul atdı, filan qədər qazandı, mən də qazanmaq istəyirəm. Və ya, filankəslərin axırına, indiki vəziyyətinə bax, nazir, məmur olub, qaz vurub-qazan doldururlar. Mən də onlar kimi yaşamaq istəyirəm, amma bəxtimə oğruluq etmək, qumar oynamaq yazılıb: “Topaz” qumardı, risqi sevən oyundur. Yəqin ki, bir gün qoyduqlarımı geri qaytara biləcəyəm”.
Gənc qumarbaz “Avro-2012” oyunları zamanı daha pisinə əl atmalı olur. Evdən, anasının yaxalığından pul çırpışdıra bilməyən oğlan, haradansa yuxu dərmanı tapıb tökür çaydanın işinə. Evin böyük oğlu və xanımı 1 fincan çay içib yuxuya getdikdən sonra qardaşının şalvarının cibindəki pulları oğurlayıb sevinə-sevinə “Topaz”ın qumar məkanına qaçır… Bax, bu da bu, “Topaz”ın evlər yıxan, oğurluğa sövq edən kampaniyası.
… Hələlik, futbol həyəcanı başa çatıb, “Topaz”da da sakitlikdir. Yaxşı ki qohumumun qonşusu futbol həvəskarı, futbol qumarbazıdır. Basketbol, voleybol, tennis həvəskarı olsaydı, qohumum bizə köçməli olardı…
P.S. 1997-98-ci illər idi. Hər tin başında “rus lotosu” adı altında açıq-aşkar qumarxanalar fəaliyyət göstərirdi. Səs gücləndirici vasitələrlə yoldan keçənləri qumar oynamağa dəvət edirdilər. Bu, bir neçə il davam etdi və nəhayət, qumarxanalar, hotellərdə gizli fəaliyyət göstərən kazinolar bağlanıldı. Aradan illər keçdi, Azərbaycanda yeganə qanuni mərc qumar oyunu “Topaz”ın fəaliyyətinə icazə verildi. Qumar oyunları leqallaşdırıldı. Bu “Topaz”ın futbol proqnozu çoxunun evini yıxıb və davam edir. Kimini evindən-ailəsindən, kimini pulundan, kimini avtomobillərindən, kimini də qiymətli əşyalarından məhrum edib. Neçə-neçə insanlar borc burulğanında itib-batıb..
modern.az